Azərbaycanda insan hüquqlarının təminatı: Uğurlar və irəliləyişlər
Sosial həyat

Azərbaycanda insan hüquqlarının təminatı: Uğurlar və irəliləyişlər

Heydər Əliyev ümummilli lider: “Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar”. Çağdaş dövrdə insan hüquq və azadlıqlarının təmin edilməsi demokratik inkişafın ayrılmaz hissəsinə, bəşəriyyətin mənəvi-hüquqi və siyasi ideallarının ali təzahürünə çevrilib. Ləyaqət, ədalət, bərabərlik, hörmət və müstəqillik kimi ortaq dəyərlərə əsaslanan insan hüquqları qanunla müəyyən edilir və qorunur. Dünyanın bütün sivil ölkələrində ümumi qayğı və məsuliyyət predmeti kimi nəzərdən keçirilən bu meyarlar müstəqil Azərbaycan Rеspublikаsının ictimai-siyasi həyatında özünəməxsus yer tutur.

Bəşəriyyətdə mövcud olan yeni çağırışlar fonunda sürətlə qloballaşan müasir dünyada hər bir ölkənin demokratik dəyərlərə sadiqliyi onun insan hüquqlarına münasibəti ilə əlaqəlidir. Məhz bu səbəbdən, insanları və cəmiyyətləri birləşdirən, onları daha da humanistləşdirən amil insan hüquqlarının müdafiəsidir. Tarixin müxtəlif dövrlərində demokratik və humanist ideyalara əsaslanan qanunların qəbul olunması, dövlətlə vətəndaşlar arasında mənəvi körpü rolunu oynayan müxtəlif demokratik təsisatların yaradılması insan hüquq və azadlıqlarının müdafiəsinə xidmət edib. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq cəmiyyətin tamhüquqlu müstəqil subyekti olaraq tarixin sınaqlarından uğurla çıxmış ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul edərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunu, eyni zamanda bəşər sivilizasiyasının idealları olan azadlığı, insan hüquqlarını, ədaləti və sülhü özünün inkişaf yolu kimi müəyyənləşdirib.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də təsdiq edilmiş və ölkəmizdə insan hüquqları sahəsində ilk strateji sənəd olan “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nda ümumbəşəri dəyər olan insan hüquqlarının təmin edilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi öz əksini tapıb. Ulu öndərin siyasətini uğurla həyata keçirən  Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamına əsasən, hər il Dövlət Proqramının qəbul olunduğu gün – 18 iyun Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi qeyd edilir. Hələ 1993-cü ilin iyununda ümummilli lider Heydər Əliyev ölkəmizdə qanunun aliliyinin təmin olunmasını, vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə qorunmasını özünün başlıca fəaliyyət prinsiplərindən biri elan etmiş, bu məqsədlə ölkəmizdə çoxşaxəli islahatlar həyata keçirilmişdir. Bununla yanaşı, milli qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görülən kompleks tədbirlər insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinə, cinayətkarlıqla mübarizə tədbirlərinin genişləndirilməsinə gətirib çıxarıb. Təsadüfi deyil ki, ulu öndərin rəhbərliyi ilə hazırlanan Azərbaycan Respublikasının ilk Milli Konstitusiyasının ikinci bölməsi bütünlüklə ölkədə vətəndаşların hüquq və аzаdlıqlаrınа həsr оlunub. Sözügedən qanunvericilikdə öz əksini tapmış bu strateji məqsəd ilk növbədə hüquq islahatları və insan hüquqlarının qorunması prinsipinin real həyatda tətbiqini zərurət halına gətirib. 1998-ci il fevralın 22-də isə ümummilli lider Hеydər Əliyеv tərəfindən "İnsаn və vətəndаş hüquqlаrının və аzаdlıqlаrının təmin еdilməsi sаhəsində tədbirlər hаqqındа" Fərmаn imzаlаnıb, insаn hüquqlаrı sаhəsində həyаtа kеçirilən tədbirlərin istiqаməti və kоnsеpsiyаsı daha da dəqiqləşdirilib. Eyni zamanda Аzərbаycаn Rеspublikаsı 2001-ci ildə "İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа" Аvrоpа Kоnvеnsiyаsınа qоşulub ki, bununla Kоnvеnsiyа Kоnstitusiyаmızın 148-ci mаddəsinə müvаfiq оlаrаq milli qаnunvеriciliyin tərkib hissəsinə çеvrilib. Ölkəmiz, həmçinin insаn hüquqlаrının qоrunmаsı sаhəsində mühüm bеynəlхаlq sənədlərə, о cümlədən BMT Bаş Məclisi tərəfindən qəbul еdilmiş "İşgəncələrə və digər qəddаr, qеyri-insаni, yахud ləyаqət аlçаldаn dаvrаnış və cəzа növünə qаrşı" Kоnvеnsiyаyа qоşulub.

Prezident İlham Əliyevin 2006-cı il dekabrın 28-də imzaladığı "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" Sərəncamda isə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. İnsan hüquqları və sosial ədalət kimi fundamental əsasların möhkəmləndirilməsi məqsədilə 2011-ci il dekabrın 27-də “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" qəbul olunub. Adıçəkilən proqramın icrasına 43 dövlət qurumunun, həmçinin yerli icra hakimiyyəti orqanlarının cəlb olunması sənədin icra mexanizminin effektivliyini daha da artırıb. İnsan hüquqları sahəsində ardıcıl və dinamik fəaliyyəti ilə seçilən Azərbaycan bu istiqamətdə 300-dən çox beynəlxalq müqavilənin iştirakçısı və nüfuzlu beynəlxalq təşkilatların üzvüdür. Hazırda ölkəmiz insan hüquqlarının müdafiəsinin beynəlxalq mexanizmləri ilə sıx əməkdaşlıq edir, irəli sürülən tövsiyələr isə Azərbaycan Respublikası tərəfindən dövlətdaxili qanunvericiliyin daha da təkmilləşdirilməsində mühüm rol oynayır.

Nəzrin ELDARQIZI,

“Respublika”.