Öz daşı, ağ daşı ilə tikilən Ağdam
İqtisadiyyat

Öz daşı, ağ daşı ilə tikilən Ağdam

Ana təbiət bu yerlərdən heç nə əsirgəməyib, Ağdam təbii sərvətlərlə zəngin olan bir bölgədir.

Rayonun ərazisi Kiçik Qafqaz dağları ilə Kür-Araz ovalığının təmas zonasında yerləşir. Şahbulaq silsiləsində yerləşən Çobandağın zirvəsində balaca bir qədim tikili var. Qarabağ xanlığı dönəmində yadellilərin hücumları zamanı həmin yerdən gözətçi məntəqəsi kimi istifadə edilib. Dağın zirvəsindən baxanda Xaçınçay dərəsi və Qarabağın aran hissəsi ovuc içi kimi görünür. Çox böyük xammal ehtiyatlarına malik olan dağın ətəklərindən Xaçın çayı keçir. Məşhur Şahbulaq daş karxanaları da həmin ərazidə yerləşir.

Hələ sovetlər birliyi zamanı həmin daş karxanalarında istehsal edilən ağ mişar daşları Ağdam və ətraf rayonlarda aparılan tikinti işlərində geniş istifadə edilib. Şahbulaq silsiləsinin ətəklərində isə əhəng quyuları fəaliyyət göstərirdi. Çobandağın altından süzülüb gələn, göz yaşı kimi dumduru, sərin, gur sulu bulaq axır.

Ötən əsrin 80-ci illərində Şahbulaqda atçılıq turizm mərkəzi yaradılmışdı. Təsadüfi deyil ki, Qarabağ xanlığının qurucusu Pənahəli xan əlverişli mövqedə yerləşən və təbii ehtiyatlarla zəngin Şahbulaqda məhz ilk qalanı tikdirib. Əsrlərə şahidlik edən Şahbulaq qalası tarixin ən dəyərli yadigarlarındandır. İşğal zamanı haylar həmin qalanı erməniləşdirməyə cəhd ediblər. Düşmənin mənfur əməllərinin qarşısı alınır, Şahbulaq qalası öz əzəli görkəminə qaytarılır. Yeri gəlmişkən qeyd edək ki, işğalçı Ermənistan ordusu Ağdamda beş müdafiə xətti qurmuşdu və qəsbkarlar həmişə əks hücumu bu istiqamətdən gözləyirdilər.

Dövlətimizin başçısı, Qalib Ali Baş Komandan İlham Əliyevin güclü siyasi iradəsi və müzəffər ordumuzun bölmələrinin qazandığı tarixi qələbə nəticəsində bir güllə atılmadan işğaldan azad edilən və "Qafqazın Xirosiması" adlandırılan Ağdam şəhəri demək olar ki, sıfırdan qurulur, dövlətimizin gücü ilə yeni və müasir bir şəhər tikilir. Qeyd edək ki, Ağdam şəhəri elə bir layihə ilə qurulur ki, onun bənzəri dünyada olmayacaq. Təbii ki, bütün bunlar da məcburi köçkün həyatı yaşamış ağdamlıların böyük sevincinə və gələcək arzularına qol-qanad verir. Prezident İlham Əliyev ermənilərin 30 il ərzində Qarabağda və Şərqi Zəngəzurda törətdikləri vəhşiliyi, qəsbkarlığı, düşmənin barbarlığı və vandalizmi haqqında danışarkən bildirib ki, biz Qarabağı və Zəngəzuru yenidən quracağıq. Buna heç bir şübhəmiz yoxdur. Necə bahalı olursa-olsun, bunu edəcəyik. Bu, bizim milli ideyamızdır.

 Əvvəllər bizim milli ideya tarixi torpaqlarımıza qayıtmaqdan, ədaləti və ərazi bütövlüyümüzü bərpa etməkdən ibarət idi və bütün Azərbaycan xalqı bu ideya ətrafında birləşmişdi, özünü buna hazırlamışdı. Prezidentin tapşırığına uyğun olaraq birləşdirilən kəndlərlə və əhalinin artımı da nəzərə alınaraq 100 min nəfər əhali üçün Ağdam şəhəri yenidən qurulur, tarixi abidələr bərpa edilir, modern infrastruktur yaradılır. Bura yolu düşənlər şəhər ərazisində təzadlı bir mənzərənin şahid olurlar. Bir tərəfdə işğalçıların dağıtdıqları evlərin uçuq divarları, həmin uçuq divarlar arasında bitmiş ağaclar, digər tərəfdə isə qüllələri göyə ucalan kranlar, qarışqa kimi qaynaşan yük maşınları, ustaların çəkic səsləri, quruculuq, qaynarlıq diqqəti cəlb edir. Ağdam böyük bir tikinti meydançasına çevrilib və burada inşa edilən binalarda Şahbulaq daş karxanasında istehsal edilən ağ mişar daşlarından istifadə edilir. Ağdam rayonunda avtomobil yollarının yenidən qurulması istiqamətində üç layihə icra olunur. Artıq Bərdə-Ağdam avtomobil yolunun inşası başa çatmaq üzrədir. Ağdam-Füzuli və Ağcabədi-Ağdam avtomobil yollarının tikintisi üzrə işlər davam etdirilir. Bərdə-Ağdam dəmiryol xəttinin çəkilişi də yekunlaşır. Qeyd edək ki, Böyük Qayıdış Proqramına əsasən rayonda ilkin mərhələdə 1 şəhər və 12 kəndin bərpası nəzərdə tutulur. Ağdam şəhəri ilə yanaşı, rayonun Kəngərli, Sarıcalı və Xıdırlı kəndlərinin tikintisi də həyata keçirilir.

"Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin icraçı direktoru Övsət Həmidov bildirib ki, Xıdırlı kəndində ərazinin hamarlanması və inşaat tullantılarından təmizlənməsi, fərdi yaşayış evlərinin tikintisi, qeyri-yaşayış evlərinin tikintisi, kommunikasiya şəbəkəsinin və yolların inşası həyata keçirilir. Evlər əsasən birmərtəbəli, beşotaqlı evlər isə ikimərtəbəli olacaq. Kəndin mərkəzi kommunikasiya xətləri Ağdam şəhərinin şəbəkəsinə qoşulacaq.

Ö.Həmidov deyib ki, Xıdırlıda torpaqların şişən və çökən qrunt olması evlərin tikintisində olduğu kimi, yol tikintisi zamanı da ciddi torpaq kütləsinin çıxarılmasını tələb edir. Daha yüksək texnoloji materiallardan istifadə etməklə bunun həllinə çalışırıq. Düşünürəm ki, bu materialların tətbiqi ilə biz ciddi qənaət edəcəyik. Birinci mərhələdə kəndə 2951 nəfərin köçürülməsi üçün 719 fərdi ev inşa olunacaq. Evlərin 263-ü ikiotaqlı, 332-si üçotaqlı, 121-i dördotaqlı, 3-ü isə beşotaqlıdır. Kəndin inşasında yerli tikinti materiallarından, o cümlədən Şahbulaq yüksəkliyində istehsal edilən ağ daşlardan istifadə edilir. Ümumiyyətlə, Ağdam şəhərinin mərkəzindən 3 kilometr məsafədə yerləşən Xıdırlı kəndində 5990 nəfərin (1500 ailə) məskunlaşması nəzərdə tutulur. Qeyd edək ki, Sarıcalı, Xıdırlı və Kəngərli kəndlərində 2024-cü ilin sonuna kimi işlərin birinci mərhələsi başa çatdırılacaq.

Sarıcalı kəndinin memarlığı digər kəndlərdən fərqlidir. Zənnimizcə, sakinlər üçün evlərin Ağdamın ağ daşından tikilməsi xüsusi əhəmiyyət kəsb edir. Ağdamın bərpa, yenidənqurma, inkişaf, çiçəklənmə dövrü başlayıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun düşmən üzərində qazandığı şanlı Qələbə nəticəsində azadlığına qovuşmuş digər ərazilərimizdə olduğu kimi, buraya da yeni nəfəs, qurub-yaratmaq həvəsi gəlib. 30 ilə yaxın düşmənin yağmaladığı, dağıdaraq viran qoyduğu Ağdam modern şəhər üslubunda, "ağıllı şəhər" həlli ilə tikilir.

Salman ALIOĞLU,

"Respublika".