Qarabağ və Şərqi Zəngəzur nura boyanır
İqtisadiyyat

Qarabağ və Şərqi Zəngəzur nura boyanır

30 ildən artıq yurdumuzun ən ecazkar guşələrini qaranlığa, zülmətə, səfalətə məhkum edən Ermənistan havadarlarına arxalanaraq hərbi təcavüzü, işğalı dondurmağa, qondarma Artsax dövləti qurmağa çalışırdı. Ermənilərin bu xain xisləti, riyakar əməlləri keçmiş sovet hökumətinin 1923-cü ildə Azərbaycan ərazisində süni bir qurum (Dağlıq Qarabağ Muxtar Vilayəti) yaradan gündən başlanıb. Qarabağın onlara məxsus olduğu haqqında haray-həşir salan, şovinist haylar bu torpaqlara separatizm, ölüm, qan əkir, pənah gətirdikləri, məskunlaşdıqları torpaqlara qarşı xəyanət edirdilər. Qurama, saxta "Artsax dövlət"i adlı oyuncaq rejimdən dəm vururdular, "ağa"larına yalvarırdılar ki, ikinci erməni "dövlət"i kimi onları tanısınlar. 30 ildən artıq bu eyforiya, xam xəyallarla bu cənnət torpaqları xarabalığa çevirdilər, qaranlığa qərq etdilər, çünki yaxşı bilirdilər ki, gec-tez bu yerlərin əsl sahibləri gələcəkdir.

Üç il bundan əvvəl separatçı ermənilərə, daşnaklara, işğalçılara elə bir zərbə vuruldu ki, haylar hələ də şokdan ayıla bilmirlər. Azərbaycanın hərb tarixinin ən şərəfli səhifəsi olan Vətən müharibəsi Silahlı Qüvvələrimizin peşəkarlığını, döyüş qabiliyyətini, yeni hərbi silahlarla davranışını, fədakarlığını, şücaətini, torpaq sevgisini, dözüm və əyilməzliyini bütün dünyaya göstərdi. Dünyanın bir çox hərbi ekspertləri tərəfindən Vətən müharibəsinin gedişi, döyüş əməliyyatlarının yüksək səviyyədə aparılması, ordumuzun mənəvi-psixoloji hazırlığı geniş təhlil edilir və öyrənilir. Şanlı Silahlı Qüvvələrimiz Vətənimizi bütöv etdilər. İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsi bölgədə bir çox yeni reallıqlar yaradıb, ən əsası isə xalqımızın Qarabağ və Şərqi Zəngəzur həsrətinə son qoyulub, işğaldan azad edilmiş ərazilərdə ən müasir texnologiyalarla genişmiqyaslı bərpa və yenidənqurma sürətlə davam etdirilir, qarşıya qoyulan hədəflərə çatmaq üçün böyük bir mücadilə aparılır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan layihələr içərisində bölgənin enerji təsərrüfatının yenidən qurulması, dağ çayları üzərində kiçik su elektrik stansiyalarının inşası xüsusi yer tutur.

Xatırladaq ki, 1990-cı illərdə xaricdən elektrik enerjisi alan Azərbaycan bu gün elektrik enerjisi ixrac edən ölkə kimi tanınır. Qarabağ və Şərqi Zəngəzurun tükənməz potensialı ölkəmizdə enerji istehsalını bir neçə dəfə artıracaq. Bərpaolunan enerji növlərinin inkişafı da həmin məqsədə yönəldilib. Bu istiqamətdə böyük planlar tərtib olunub və genişmiqyaslı işlər həyata keçirilir. Qısa müddət ərzində işğaldan azad edilən ərazilərdə enerji təsərrüfatı ilə əlaqədar olaraq 40 obyektdə tikinti işləri aparılıb. Qarabağ və Şərqi Zəngəzurda 14 yarımstansiya və 14 su elektrik stansiyası tikilərək istismara verilib. Eyni zamanda Qarabağ və Şərqi Zəngəzur Regional Rəqəmsal İdarəetmə Mərkəzi işə salınıb. 9 su elektrik stansiyasının tikintisi davam etdirilir. Su elektrik stansiyalarının 3-ü Zəngilan rayonunda, biri isə Laçın rayonunda olmaqla tikinti işləri tamamlanıb. Həmçinin işğaldan azad edilən ərazilərdə 700 kilometrdən artıq 330 və 110 kilovoltluq ötürmə xətləri çəkilib və bununla da Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın ümumi enerji sisteminə qoşulub. Artıq Laçında, Zabuxda, Füzulidə keçmiş məcburi köçkünlərin evlərində, küçələrdə, parklarda işıqlar sayrışır. Axı nahaq yerə deyilməyib ki, Azərbaycanın mayası nurdan yoğrulub, ona görə də dünyada Odlar yurdu kimi tanınır. Yarasa xislətlilər isə oddan, işıqdan həmişə çəkinirlər...

Salman ALIOĞLU,

"Respublika".