İqtisadiyyat

"AĞ QIZIL" a MARAQ ARTIB

Kənd təsərrüfatında mövsümi işlərin qızğın çağıdır. Əkinçilərin dediyinə görə bu il barlı-bəhrəlidir. Tarlalarda, bağlarda bol məhsul yetişib, pambıqçılar da iş başındadır. Son illərdə rayonlarda pambıq əkininə maraq daha da artıb. Aqrar sahəyə, o cümlədən pambıqçılığa göstərilən dövlət dəstəyinin nəticəsində fermerlər və torpaq mülkiyyətçiləri təsərrüfatlarını genişləndirir, kənd təsərrüfatı məhsullarının istehsalı ilbəil çoxalır.

 İmişli rayonunda da pambıqçılığa maraq ildən-ilə artır. Vaxtilə bu rayonda əlli min tondan çox pambıq istehsal edilib, adlı-sanlı əmək adamlarının zəhməti sayəsində "ağ qızıl" şöhrət qazanıb. Kənd təsərrüfatının bu gəlirli sahəsi ilə məşğul olan Aranlı kənd sakini Mehman Əliyev deyir ki, respublikamızda pambıqçılığın inkişafı bilavasitə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ötən əsrin 70-ci illərində respublikamızda pambıqçılığın böyük sənaye potensialı yaradılıb, həm də torpaqlarda geniş meliorativ tədbirlər görülərək irriqasiya sistemi qurulub. Eyni zamanda pambıqçılıqdan əldə etdikləri qazancla öz ailə-məişət problemlərini yüksək səviyyədə həll edən, əmək qəhrəmanı kimi şan-şöhrət qazanan, orden və medallarla təltif olunan insanların yaxşı ənənəsi yaranıb və bu gün də həmin ənənələr yaşayır. Qeyd edək ki, Mehman Əliyev hər il sahələrdən bol məhsul götürməyə nail olur. Ötən il onun başçılıq etdiyi təsərrüfat 67 hektar sahədən 200 tondan artıq məhsul tədarük edib. Bitkilərə vaxtında göstərilən yüksək aqrotexniki tədbirlər nəticəsində hər hektardan 30 sentner "ağ qızıl" əldə olunub. Səriştəli mütəxəssis cari təsərrüfat ilində "AZ-Təsərrüfat" MMC ilə müqavilə bağlayıb, ərazisini 40 hektar genişləndirərək 107 hektara çatdırıb. Fermer Mehman Əliyevin dediyinə görə pambıqdan yaxşı məhsul götürmək üçün əsas şərt onun vaxtlı-vaxtında suvarılmasıdır. İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev kəndlərdə keçirdiyi səyyar qəbullar zamanı bu işlərə xüsusi diqqət yetirib. Bu səbəbdən, suvarma suyu ilə bağlı heç bir problemimiz olmayıb. Səpilən 107 hektar çiyid təcrübəli suçular Arif Atakişiyevin və Hamel Qəhrəmanovun sayəsində vaxtında suvarıldı, əla çıxış əldə etdik. Bununla yanaşı, sahələrin yemlənməsi və alaq otlarından təmizlənməsi, kultivasiyanın yüksək səviyyədə aparılmasında mexanizator Əmirxan Məmmədov və kollektivin digər üzvləri üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetiriblər. Bir sözlə, pambıqçılar bol məhsul əldə etmək üçün var-qüvvələrini sərf ediblər. Təcrübəli təsərrüfatçı Mehman Əliyev söhbət zamanı bildirdi ki, pambıqçılıqla məşğul olmaq ənənəsi bizim ailəyə atam Əliyev Qədir Salman oğlundan miras qalıb. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə atam uzun müddət pambıqçılıq üzrə təsərrüfat rəhbəri işləyib. Ailəmizdə olan söhbətlərdən mənə məlum olub ki, yaşadığımız İmişli rayonunun Aranlı kəndində "Lenin" adına kolxoz təkcə rayonda yox, respublikamızda qabaqcıllar sırasında olub. Ona görə də Heydər Əliyev pambıq mövsümü vaxtı rayonlara səfəri zamanı İmişli rayonuna gələndə bizim yaşadığımız Aranlı kəndinə bir neçə dəfə gəlib. Dahi rəhbər pambıq sahələrində zəhmətkeşlərlə görüşüb, onların problemləri ilə yaxından tanış olub, qabaqcıl işçilərə onun tapşırığı əsasında qiymətli hədiyyələr verilib. Pambıq sahələrində zəhmətkeşlərlə çəkdirdiyi xatirə şəkillərində atamın da olduğu görünür. Bu şəkillər hazırda İmişli rayonunun bir çox idarə-müəssisələrində çox böyük hörmət və sevgi ilə unudulmaz xatirə kimi qorunub saxlanılır. Həmin vaxtlarda kolxozda beş min tondan çox "ağ qızıl" tədarük edilərmiş. Kənd sakinlərinin zəhməti nəzərə alınaraq İmişli pambıqtəmizləmə zavodunun nəzdində olan Aranlı pambıq qəbulu məntəqəsi həmin vaxt kolxozun ixtiyarına verilib. Burada xeyli sayda kənd sakini işlə təmin edilib. Mehman Əliyev söhbətimizin sonunda bildirdi ki, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən verilən dəstək sayəsində pambıqçılıqla məşğul olan fermerlər ölkə iqtisadiyyatına öz töhfələrini verirlər. Belə ki, pambıqçılığın inkişaf etdirilməsi məqsədilə yeni texnikalar alınmış və bu sahə üzrə Dövlət Proqramı qəbul olunmuşdur. Artıq bir neçə gündür ki, tarlalarda "ağ qızıl"ın əl ilə yığımına start verilib. Bəzi sahələrdə pambıqyığan kombaynlardan da istifadə olunur. Bu il havaların qeyri-sabit keçməsi, tez-tez yağan yağışlar pambığın yığılmasını xeyli gecikdirdi. Hazırda tarlalarda yarpaqların tökülməsi üçün yenidən dərmanlama işləri kütləvi şəkildə həyata keçirilir ki, bu da məhsulun texnika ilə təmiz, itkisiz və optimal müddətdə yığımına kömək edəcək. Becərdiyimiz 107 hektar sahənin 4 hektarının hər hektarından birinci yığım 30 sentner, 6 hektarının hər hektarından 25 sentner məhsul əldə etmişik. Hava şəraitindən asılı olaraq 10-12 günə tarlalarda texnika ilə pambığın kütləvi yığımına başlanacaq. "Ağ qızıl" toplanışı davam edir. Məhsulu tez, itkisiz yığmaq üçün bütün imkanlardan istifadə edilir.

 Ərəstun ABDULOV,

 "Respublika".