Uşaqların sağlamlığı keşiyində
Səhiyyə

Uşaqların sağlamlığı keşiyində

17 İyun Tibb İşçiləri Günüdür

Nəcib peşə sahibi olan həkimləri tərəddüdsüz sağlamlıq keşikçiləri də adlandıra bilərik. Ağxalatlı həkimlər ən çətin məqamlarda yaşamaq ümidini itirən insanlara şəfa verir, onları həyata qaytarırlar. Bu qayğı və diqqəti rəhbərlik etdiyim kollektivin timsalında da görmək olar.

Ölkəmizdə səhiyyə sahəsinin inkişafı ulu öndər, dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ümummilli lider səhiyyə islahatlarının dünya standartları səviyyəsində həyata keçirilməsinə maksimum səy göstərmiş, yeni tibb müəssisələri tikilib istifadəyə verilmiş, tibbi kadrların hazırlanması ön plana çəkilmişdir.

14 saylı uşaq poliklinikası qabaqcıl tibb ocaqlarından biridir. Çalışırıq ki, bura üz tutan insanlara, xüsusilədə azyaşlı uşaqlara vaxtında lazımi köməklik göstərək, onların müayinə və müalicəsi dünya standartları səviyyəsində həyata keçirilsin. Gələcəyimiz olan uşaqların sağlamlığını qoruyub saxlamaq müqəddəs borcumuzdur.

Tibb işçisinin xəstə ilə yaxşı ünsiyyət qurması, onun dərdinə şərik olması müalicənin uğurlu olmasında vacib şərtdir. Məhz buna görə də çalışırıq ki, hər bir xəstəyə doğma münasibət göstərək.

Həkimlərlə müqayisədə tibb bacılarının fəaliyyəti bir qədər kölgədə qalmış kimi görünsə də reallıqda onların əməyi həmişə yüksək qiymətləndirilir. Kollektivimizdə öz peşəsinin vurğunu olan tibb bacılarının sayı yetərincədir. Tibb bacılarının əsas işi həkimə qədər xəstəyə tibbi yardım göstərmək, eləcə də laborator tədqiqatlar üçün bioloji materialların götürülməsini təmin etməkdir. Bundan əlavə, xəstə uşaqların müalicəsində, xüsusən stasionarda tibb bacısı son dərəcə böyük rol oynayır. Tibb bacıları ixtisasartırma kurslarında və seminarlarda da fəal iştirak edirlər. Təkcə nəzəri biliklər deyil, praktiki təcrübə əsas göstəricidir.

Xəstənin həssas münasibətə, mənəvi dəstəyə böyük ehtiyacı var. Ona görə də tibb işçilərimiz həmişə xəstələrə nəvaziş göstərir, onların sağlamlığı keşiyində ayıq-sayıq dayanırlar.

Vurğulamaq lazımdır ki, poliklinikanın UZİ, kardioloq, nevropatoloq, burun-boğaz, masaj kabinetləri və yenilənmiş laboratoriyalarda xəstəlikdən əziyyət çəkən uşaqların müayinəsi tələb olunan qaydalar əsasında həyata keçirilir.

Poliklinikanın həkimləri və eləcə də tibb işçiləri mütəmadi olaraq müxtəlif ərazilərdə olur, insanlarla görüşür, uşaqların müxtəlif xəstəliklərdən qorunması üçün valideynlər arasında geniş maarifləndirmə işi aparırlar. Şübhəsiz ki, bu da öz səmərəsini verir.

Uşaqların sağlamlığının qorunub saxlanılmasında həkimlərdən Mehriban Həsənova, Sevinc Şirinova, Şəfəq Mehrəliyeva, Nüşabə Ağayeva, tibb bacılarından Səbinə Dadaşova, Sevda Cabbarlı, Ülviyyə Aslanova və başqalarının əməyi qeyd olunmalıdır.

Tibb İşçiləri Günü münasibətilə kollektivimizin üzvlərini təbrik edir, onlara çətin və şərəfli peşələrində uğurlar arzulayıram.

Dürdanə SADIQOVA,

Nərimanov rayonu 14 saylı uşaq poliklinikasının baş həkimi.