İşğaldan azad olunmuş ərazilərdə mədəniyyətin intibahı prioritetdir
Mədəniyyət

İşğaldan azad olunmuş ərazilərdə mədəniyyətin intibahı prioritetdir

Vətən müharibəsi qələbə ilə başa çatdıqdan sonra ən qısa müddətdə işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işlərinə başlanıldı. Sosial infrastrukturla yanaşı, mədəni quruculuq işləri də vüsət aldı. Bu gün, 30 ildən sonra əzəli torpaqlarımıza mədəniyyətin qaytarılması məqsədilə çoxsaylı layihələr reallaşdırılır.

2021-ci ilin mayında 30 ildən sonra "Xarıbülbül" festivalının bərpası ilə başlanan bu işlər 2022-ci ildə daha da genişləndi... Elə bu ildə də mədəniyyət tədbirlərinə Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhər Dövlət Qoruğunun təşkilatçılığı ilə qala-şəhərimizdə V "Xarıbülbül" Beynəlxalq Folklor Festivalı ilə başlanıldı. Yenə məşhur Cıdır düzündə toy-büsat quruldu, Azərbaycanın və xarici ölkələrin müxtəlif folklor kollektivlərinin çıxışlarından ibarət açılış konserti oldu, sonrakı günlərdə həm Cıdır düzü, həm də Üzeyir bəyin heykəlinin önündə quraşdırılmış kiçik səhnələrdə ölkənin müxtəlif regionlarından gəlmiş folklor kollektivləri, həmçinin Azərbaycan və xarici ölkələrin folk-caz, folk-rok, folktronika, folk-pop kollektivlərinin çıxışı oldu.

Ümumiyyətlə, V "Xarıbülbül" Beynəlxalq Folklor Festivalı ölkəmizdə və xaricdə geniş rezonans yaratmışdı. "Euronews" telekanalı festival haqqında yayımladığı reportajda tədbirin Şuşada keçirilməsini xüsusi vurğulamış, şəhərin Azərbaycanın mədəniyyət paytaxtı olduğunu qeyd etməklə yanaşı, onun təbiətinin əsrarəngizliyini, sıldırım qayaları, Cıdır düzünün gözəlliyini də diqqətə çatdırmış, bütün bunların fonunda festivalın rəngarəngliyi və multikultural Azərbaycanın mədəni müxtəlifliyi haqqında söz açmışdır.

Zəfərlə başa çatan Vətən müharibəsində xalqımızın minlərlə qəhrəman övladları arasında mədəniyyət işçiləri də olub. Onlardan on nəfər qazi adını alıb. Adlarını Azərbaycanın qəhrəmanlıq tarixinə əbədi həkk etmiş bu igidlərin ölkə ictimaiyyəti tərəfindən daha yaxından tanınması məqsədilə Mədəniyyət Nazirliyi "Səhnədən səngərə: qazilər" layihəsini təqdim etdi. Layihə çərçivəsində qazi mədəniyyət işçilərimizə həsr olunan videoçarxlar hazırlanmışdı. Onların 44 günlük müharibə müddətində göstərdikləri şücaət, ailə üzvləri, doğmaları, döyüş yoldaşları ilə söhbət və müsahibələrdən ibarət olan hər bir videoçarxda qazilərimizin mədəniyyət sahəsində fəaliyyəti, qəhrəmanlığı əks etdirilmişdir.

"Şuşa İli" çərçivəsində qədim şəhərimizin zəngin mədəni irsini dünyaya tanıtdırmaq məqsədilə Mədəniyyət Nazirliyi "Şuşa mədəniyyətinin inciləri" adlı layihəyə start vermişdir. Şuşanın zəngin mədəniyyətini daha geniş əhatə etmək məqsədilə reallaşdırılan layihə yeddi bölmədən ibarətdir: "Şuşanın memarlıq salnaməsi", "Azərbaycan musiqisinin məbədi - Şuşa", "Muğam ocağı - Şuşa", "Qarabağ xalçaçılıq məktəbi - Şuşa", "Şuşanın əbədi həyatı", "Şuşanın simaları", "Şuşa milli geyim üslubu". Ötən ilin yanvar-iyun aylarında müvafiq bölmələr üzrə 22 mövzuda paylaşımlar edilmişdir.

Şuşa mədəniyyətinin dirçəlişi məqsədi ilə həyata keçirilən layihələrdən biri də "Şuşa söhbətləri"dir. Layihənin əsas məqsədi Qarabağın, onun tacı Şuşanın dirçəlişi ilə bağlı mədəniyyət sahəsində tanınmış şəxslərin fikirlərini öyrənməkdən ibarətdir. Təqdimat mərasimində Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Şuşanın tanıdılmasına yönələn layihənin əhəmiyyəti diqqətə çatdırılmış, respublikanın tanınmış mədəniyyət işçilərinin iştirakı ilə Şuşa mövzusunda fikir mübadiləsi aparılmışdır.

"Şuşa qalası". Maraq doğuran layihələrdən biri də belə adlanır. Layihə çərçivəsində Şuşanın müxtəlif məhəllələrində tarixi tikililər, adət-ənənələr, insanların əsas məşğuliyyəti, təsərrüfat və dekorativ-tətbiqi sənət növləri, eləcə də memarlıq nümunələri ilə bağlı məlumatların əks olunduğu videomateriallar hazırlanmışdır.

Aprel ayında Mədəniyyət Nazirliyinin dəstəyi və Azərbaycan Memarlıq və İnşaat Universitetinin təşkilatçılığı ilə "Qarabağ və Şərqi Zəngəzur memarlıq irsi. Bərpa, qorunma və istifadə problemləri" adlı beynəlxalq elmi-praktik konfrans təşkil edilmişdir. Konfrans memarlıq irsinin qorunması, istifadəsinin geniş spektri problemlərinə, Qarabağ və Şərqi Zəngəzur ərazisində qədim dövrlərdən qorunub saxlanılan və 30 ilə yaxın işğal nəticəsində böyük ziyan görmüş Azərbaycan memarlıq irsinin bərpasına, bu irsin qorunması problemlərinin hüquqi aspektlərinə, eləcə də regionun şəhərsalma inkişafı və digər məsələlərə həsr olunmuşdur. Konfransda işğaldan azad edilmiş ərazilərin memarlıq, şəhərsalma tarixi və bərpası ilə bağlı məsələlər müzakirə edilmiş, memarlıq irsinin reabilitasiyası üçün tövsiyələr hazırlanmış, tarixi şəhərlərdə mövcud idarəetmə təcrübəsi təhlil edilmişdir.

Mayın 26-da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Zəngilan və Kəlbəcər rayonlarında İşğal və Zəfər muzeyləri komplekslərinin təməlqoyma mərasimi təşkil olunmuş, bu yeni komplekslərin ilkin konsepsiyaları ölkə başçısı tərəfindən yüksək qiymətləndirilmişdir. Komplekslər İşğal muzeyi, Zəfər muzeyi və dağıntılardan ibarət Memorial Parkdan ibarət olacaq.

Dövlət başçısının müvafiq tapşırığına uyğun olaraq Ağdamda Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi "İmarət" kompleksinin bərpa edilməsi üçün işlərə başlanılmış, Füzuli, Ağdam, Cəbrayıl rayonlarında mədəniyyətin bərpası konsepsiyaları hazırlanaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsində müzakirə olunmuşdur. Müzakirələr əsasında konsepsiyaya yenidən baxılması, müəssisələrin saylarının və yerlərinin dəqiqləşdirilməsi üçün müvafiq xəritələrə uyğun sahə və ərazilər müəyyənləşdirilmişdir. Həmçinin "Azıx-Tağlar-Zar mağara düşərgələri" Dövlət Tarix-Arxeoloji Qoruğunun yaradılması istiqamətində hazırlıq işləri görülmüşdür.

Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş tarix və mədəniyyət abidələrinin pasportlaşdırılması və mühafizə zonalarının müəyyənləşdirilməsi işlərinin cari ildə davam etdirilməsi məqsədilə müvafiq siyahı tərtib olunmuşdur. Pasportlaşdırılacaq və mühafizə zonaları müəyyənləşdiriləcək abidələrlə bağlı tender proseduruna hazırlıq işləri görülmüşdür. Azad olunmuş ərazilərdə 30-a yaxın tarix-mədəniyyət abidəsinin pasportlarının hazırlanması nəzərdə tutulur.

"Şuşa İli" ilə əlaqədar Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən "Şuşa inciləri" layihəsi həyata keçirilmiş, layihə çərçivəsində Şuşanın tarixi abidələri, məhəllələri, mədəni və ictimai xadimləri haqqında təbliğat xarakterli məlumatlar hazırlanmış və mövzu ilə əlaqəli şəkil və videolar əsasında sosial hesablar üzərindən paylaşımlar edilmişdir, habelə mərkəz tərəfindən Xalq Cümhuriyyəti dövründə xarici dövlətlərə təhsil almağa göndərilmiş şuşalı tələbələr haqqında məlumat xarakterli posterlər hazırlanaraq sosial hesablar üzərindən paylaşılmışdır.

Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyinin məktəblilər arasında birgə keçirdiyi "Könlüm keçir Qarabağdan" adlı respublika incəsənət festivalı da böyük marağa səbəb olmuşdur.

Onu da qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə mədəniyyətin intibahı istiqamətində işlər yola salmağa hazırlaşdığımız 2023-cü ildə də uğurla davam etdirilmişdir. 

Zümrüd QURBANQIZI,

"Respublika".