Atlas geyimli dağların əhatəsində
CƏMİYYƏT

Atlas geyimli dağların əhatəsində

Yurd yerlərimiz

Ermənistan adlı qara bir kölgə XIX-XX əsrlərdə Qərbi Azərbaycanın demək olar ki, bütün bölgələrinin başı üzərində dolaşmaqda idi. Doğma yurd yerlərində yaşayan soydaşlarımızın vəziyyəti getdikcə pisləşir, haylar öz havadarlarının dəstəyi ilə onlara xəyanət toru hazırlayırdılar. Müsəlmanlara qarşı edilən zorakılıqlar Qərbi Azərbaycanın bir parçası olan Yeğeqnadzor rayonunda da həyata keçirilirdi. Azərbaycanlılar hər addımda hayların hiylə və işgəncələri ilə üzləşirdilər.

Yeğeqnadzor atlas geyimli dağlarla, sıx meşəliklərlə əhatə olunmuş bir məkan idi. 1931-ci il oktyabrın 15-də yaradılmış rayon əvvəlcə Keşişkənd, 1957-ci ilin dekabrınadək Mikoyan, sonra isə Yeğeqnadzor adlandırılmışdır. Bu rayon Vedi, Yuxarı Qaranlıq (Martuni) və Əzizbəyov rayonları, habelə Azərbaycan SSR-in Naxçıvan, həmçinin Kəlbəcər rayonunun ərazisi ilə həmsərhəd idi. XX əsrin birinci yarısınadək burada türklər üstünlük təşkil edirdi. Bu əraziyə ermənilərin köçürülməsinə 1828-ci ildə bağlanmış Türkmənçay müqaviləsindən sonra başlanmışdır.

1918-1920-ci illərdə Ermənistanın daşnak hökuməti Yeğeqnadzorun bir çox kəndlərini dağıtmış, dinc türk əhali doğma torpaqlarından qovulmuş, onların bir hissəsi həlak olmuş və müxtəlif bədən xəsarəti almışlar. 1920-ci ilin noyabrında daşnak Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra, yəni 1922-ci ildə qaçqın düşmüş yeğeqnadzorluların bir hissəsi doğma ata-baba yurdlarına qayıtmış, dağıdılmış evlərini və təsərrüfatlarını yenidən qurmaqla, əvvəlki həyat şəraitlərini bərpa etməyə nail olmuşlar.

Yeğeqnadzor rayonunun azərbaycanlı əhalisi İkinci Dünya müharibəsində fəal iştirak etmiş, bu yurdun neçə-neçə polad biləkli oğulları silaha sarılaraq cəbhəyə yollanmış, odlu səngərlərdə düşmənə qarşı mərdliklə vuruşmuş, çoxları göstərdikləri şücaətin müqabilində orden və medallara layiq görülmüşlər.

Erməni vandalları müharibədən sonrakı dövrlərdə də Yeğeqnadzor rayonunda yaşayan müsəlmanlara qarşı düşmənçilik mövqeyində durmuş, öz məkrli niyyətlərindən əl çəkməmişlər.

XX əsrin 30-40-cı illərində Ermənistan SSR-in odövrkü rəhbərliyi tərəfindən azərbaycanlılar repressiyaya məruz qalmış, güllələnmiş və onların bir hissəsi Orta Asiyaya, Sibirə sürgün olunmuşdur.

İkinci Dünya müharibəsindən sonra ermənilər yenidən fəallaşmış, xaricdən "vətənlərinə" qayıtmaq istəyən erməniləri yerləşdirmək bəhanəsi ilə Qərbi Azərbaycanın müxtəlif bölgələrində olduğu kimi, Yeğeqnadzor rayonunda da yaşayan soydaşlarımızın Azərbaycan SSR-ə köçürülməsi məsələsini yenidən gündəmə gətirmişlər.

SSRİ-nin ozamankı rəhbərləri 1948-1953-cü illərdə Ermənistan SSR-də yaşayan türklərin Azərbaycan SSR-ə köçürülməsinə dair fərman imzaladılar. Ancaq yeğeqnadzorlular ermənilərə ciddi müqavimət göstərdilər. Almalı, Ardaraz, Fertanik, Qızıl Şohgəldi, Qurdbulaq və Heşin kəndlərinin əhalisi Azərbaycan SSR-in müxtəlif rayonlarına köçməyə məcbur oldu. Ermənilər bununla kifayətlənməyərək daim SSRİ-nin rəhbərliyinə yol taparaq onların razılığını almaqla həm Qərbi Azərbaycanda yaşayan türklərə qarşı çirkin siyasət həyata keçirməyə, həm də Azərbaycan SSR-dən torpaq qoparmağa çalışırdılar.

Yeğeqnadzor rayonu şəhər tipli qəsəbə olmaqla, Arpa çayının sağ sahilində yerləşir. 1935-1987-ci illərdə Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin verdiyi fərmanlar əsasında rayonun müxtəlif yaşayış məntəqələrinin adları erməniləşdirilmişdir. Azərbaycanlıların rayondan zorla köçürülməsində əsas məqsəd xaricdən gələn ermənilərin onların məskənlərində yerləşdirilməsi idi. Bu, daşnakların əzəli arzusu olan təkmillətli Ermənistan respublikası yaratmaq siyasətinin nəticəsi idi.

1988-ci ilin fevralından noyabr ayına qədər Ermənistandakı bütün azərbaycanlılar kimi, Yeğeqnadzor rayonundakı soydaşlarımız da öz əzəli ata-baba torpaqlarını məcburən tərk etdilər. Köçürülmə zamanı xeyli sayda azərbaycanlı ermənilər tərəfindən qətlə yetirildi, xəsarət aldı, var-dövlətləri tar-mar oldu. Rayon sakinləri bu ədalətsizliklə bağlı Moskvaya bir-birinin ardınca teleqramlar göndərsə də, heç bir nəticə olmadı. Çünki ermənipərəst Qorbaçov hayların arxasında dayanmışdı.

1988-ci ildə deportasiyaya məruz qalan Yeğeqnadzor rayonunun azərbaycanlıları sıldırımlı dağ yolları ilə çox çətinliklə Azərbaycanın müxtəlif rayonlarına pənah gətirdilər. Artıq 36 ildir ki, onlar Vətən həsrəti ilə qovrulub yanır, nə vaxtsa ata-baba yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər.

24 dekabr 2022-ci ildə Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasında bir qrup ziyalı ilə görüşmüşdür. Həmin tədbirdə ölkə başçısı demişdir: "Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir... Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Artıq bu istiqamətdə işlər başlamışdır. Ancaq, əminəm ki, icma bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır".

Bu gün Qərbi azərbaycanlıların əsas hədəfi qədim Oğuz yurduna qayıdışdır. Yeğeqnadzorun sakinləri də yurd həsrəti ilə yaşayırlar. Onlar əmindirlər ki, köç karvanlarının o yerlərə istiqamət götürəcəyi günlər heç də uzaqda deyil...

Qədir ASLAN,

"Respublika".