Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib
Gündəm

Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib

“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 2002-ci il 7 oktyabr tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Nəzərov Mais Fəxrəddin oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Qazaxıstan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən "Respublika"-ya verilən məlumata görə, Mais Nəzərovun qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitələri hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma cinayətini törətməsinə əsaslı şübhələr müəyyənləşdirildiyindən, onun barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul olunub və istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib.

Həmin şəxs Qazaxıstan Respublikasının ərazisində saxlanılaraq bu gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.