Dahiləri bir də belə tanıyaq!
Maraqlı

Dahiləri bir də belə tanıyaq!

Almas İldırım

Azərbaycan poeziyasının görkəmli simalarından olan, özünəməxsus, bənzərsiz poetikliyi və üslub tərzi ilə seçilən Almas İldırım... Repressiyanın güllələnməmiş ən böyük qurbanı, iki dəfə sürgün edilən, yaxın dostları tərəfindən kommunistlərə satılan, əkiz qızlarını bir gündə itirən, qəbri naməlum olan bu şair çox məşəqqətli bir ömür yolu keçib. Həyatının çox hissəsini qürbətdə yaşayan (yaşamaq demək mümkünsə), son nəfəsində də "Azərbaycan" deyə ruhu cismində yanıb tüstü kimi göylərə qalxan şairə bəlkə də  zərər verməklə yaxşılıq etmişdilər. Bəlkə də o mühacir olmasaydı, bu qədər sevilməz, poeziyamıza bu qədər töhfə verə bilməzdi...

Taleyin işinə baxın ki, təlatümlü həyatı kimi onun adı da mübahisə mövzusudur. O qədər didərgin, qaçqın, mühacir həyatı yaşayıb ki, bəlkə də adını dəyişməklə düşməni azdırıbmış. Bəzi mənbələrdəki məlumata görə, şairin əsl adı Zaur olub. Lakin çox yerdə əsl adının Əbdülhəsən olduğu yazılır. Onu babasının adıyla Almas çağırıblar. Türkiyə mənbələrində isə adının İldırım qoyulmasının səbəbi kimi doğulduğu zaman ildırımın çaxması göstərilib.

Almas İldırım Bakının Qala kəndində Hacı Əbdülməhəmməd və Nisə xanımın ailəsində dünyaya göz açıb. Atası ticarət obyektləri olan biznesmen, anası isə evdar qadın olub. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Almas İldırımın bəy nəslinə mənsubluğu onu totalitar rejim tərəfindən həyata keçirilən cəza tədbirlərinin hədəfinə çevirib. Varlı tacir oğlu olduğuna görə o, Azərbaycan Dövlət Universitetinin şərq ədəbiyyatı fakültəsindən xaric edilib. Şeirlərində ifadə olunan millətçi ismarıclarına görə Dağıstana sürgün olunub.

Daha sonra isə şair ailəsi ilə birgə Türkmənistana sürgün edilmiş, orada isə  əslən Cənubi Azərbaycandan olan Zivər xanımla tanış olmuşdur. Bu tanışlıq vətən həsrəti ilə döyünən iki qəlbi evliliyə qədər aparıb. Bu izdivacdan cütlüyün Azər, Aras, Odkan və Mehmet Bakühan adlı oğlanları dünyaya gəlib. Deyilənlərə görə, şairin əkiz  qızları da doğulub. Şair onların adlarını Eldəgəz və Yurdavar qoyubmuş. Yəni vətəndə gəzərsiniz, yurda gedərsiniz mənasında. Lakin əkizlər ağır xəstəliyə düçar olub, bir gündə doğulduqları kimi, bir gündə də dünyalarını dəyişiblər. Yeri gəlmişkən qeyd edək ki, Almas İldırım bunu "Bir gündə ölən əkizlər" şeirində dilə gətirib.

Tale bundan sonra da şairin üzünə gülməyib. "Həmin dalğa, həmin koordinat". Almas İldırımı sürgün olunduğu Türkmənistanda da rahat qoymayıblar. Yenicə evlənən şair  Zivər xanımı və üç aylıq körpəsi Azəri də götürüb İrana doğru istiqamət alan qaçaqçı bir dəvə karvanına qoşulur. Sərhəd gözətçilərinin və gömrük məmurlarının gözünə görünməmək üçün ən çətin cığırlarla sıldırım qayaları, uca dağları aşdıqdan sonra böyük məşəqqətlə İran torpağına çatır. Lakin Almas İldırım dərhal həbs olunur, 25 gün dustaqda qalır. Onu bolşevik casusu hesab edərək işgəncə verir, istədikləri məlumatı qoparmaq üçün sinəsinə qədər soyuq suyun içərisində saxlayırlar. Bu işgəncə şairin səhhətində çox dərin izlər qoyur. O, sağalmaz böyrək xəstəliyinə tutulur. Nəhayət, azad edilib Məşhəd şəhərinə göndərilir.  Burada isə ürəyincə iş tapa bilmədiyi üçün çox yoxsul, acınacaqlı həyat sürür.

Almas İldırım İranda qala bilməyib tezliklə Türkiyəyə gedir. O, Türkiyədə katibliklə, kargüzarlıqla məşğul olur, ibtidai məktəbdə dərs deyir. Ömrünün təqribən 12 ilini isə o, yaradıcılığını davam etdirməklə yanaşı, müxtəlif işlərdə çalışır.

Deyilənə görə, şair yaradıcılıqla məşğul olarkən hətta günlərlə otağından çıxmadan ac-susuz işləyib. Təbiətcə isə çox tərs adam olub. Hətta Süleyman Rüstəmlə aralarında kiçik bir mübahisə də yaşanıb. Süleyman Rüstəm Almas İldırıma deyir: "Bir dənə Stalinin bığlarından şeir yazsan ölməzsən ki, mən yazdım ölmədim ki". Almas İldırım isə belə cavab verir: "Ölərəm yazmaram, sən yazırsan yaz".

Sürgün edilən Almas İldırım onu yola salan dostu Mikayıl Müşfiqə belə deyir: "Bunların məqsədi mənə indi aydın olur. Yəqin hər dəfə bir türk məmləkətinə göndərməklə böyük Türküstanı mənə qarış-qarış gəzdirmək istəyirlər". Beləliklə də 24 yaşlı şair Bakı ilə əbədi vidalaşır.

Şair 44 yaşında böyrək çatışmazlığından vəfat edir. Qismətə baxın ki, Bakının Qala kəndində doğulan şair Malatyanın Qala qəsəbəsində dünyadan köçür. Məzarının yeri isə hələ də naməlum olaraq qalır...

Con Qolsuorsi

Onun yaradıcılığında Lev Tolstoyun böyük rolu olmuşdur. Bəlkə də elə bu səbəbdən bəzən ingilislər onu "bizim Lev Tolstoy" adlandırırlar. O, təkcə "Forsaytlar sülaləsi haqqında Saqa" ("The Forsyte Saga")  romanı  ilə XX əsr ingilis ədəbiyyatı tarixində əbədi qalmışdır. Söhbət ingilis yazıçısı və dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Con Qolsuorsidən gedir...

Qolsuorsi forsaytların xronikasını özünün pasportu hesab edirdi. Amma bu əsər yalnız onun özü üçün yox, həm də başının "şirin bəlası"na çevrilən sevimli arvadı və ilham pərisi Ada Qolsuorsi üçün pasport idi. Yazıçı romanı xanımı Adaya həsr etmişdi. O, sonralar yazırdı: "Onun dəstəyi, şəfqəti və tənqidi olmadan mən indiki kimi yazıçı ola bilməzdim".

Yazıçı  İngiltərənin Surrey qraflığında Kinqston Hill şəhərində anadan olub. O, tanınmış və imkanlı bir ailənin - Con və Blanç Beyley Qolsuorsilərin oğlu idi. Atası Con incəsənət və ədəbiyyatla maraqlanır, Dikkens, Tekkereyi həvəslə oxuyur, Turgenevə az qala səcdə edirdi. Fermer nəvəsi olan ata Qolsuorsi hüquqşünas və bir neçə şirkətin rəhbəri olmağı bacarmışdı. Yazıçılıq qabiliyyəti də Qolsuorsiyə atasından miras qalmışdı. Oksford Universitetini bitirən Con vəkillik ixtisasına yiyələnir. Bir müddət  vəkil  işləsə də, hüquqşünaslıq onu cəlb etmir. Bu sahədə çox qala bilməyən yazıçı gəmi ilə səyahətə çıxıb Avstraliyanı, Amerikanı, Afrikanı, Rusiyanı... gəzir. Bu  səyahətləri  onun ədəbi dünyagörüşünə təsir edir və ədəbiyyata gəlməsində böyük rol oynayır. Con bir-birinin dalınca bir neçə roman və dram əsəri yazmağa başlayır ki, onlar da yazıçıya uğur gətirir.

Adətən səhərlər yazmağa üstünlük verən Qolsuorsi çox məhsuldar olmuşdur.  Müasirləri Conu bəxti gətirən varlı yazıçı hesab edirdilər. Çünki o, imkanlıydı, digər sənət adamları kimi pul və başqa şeylər sarıdan korluq çəkmirdi. O, azad və rahat şəkildə ürəyi istədiyi işlə məşğul ola bilirdi. Lakin bunu da qeyd edək ki, hər cür sosial rahatlığı Conu hər şeyə xor baxan adam, yaxud zəif yazıçı etmədi. Əksinə, bu rahatlıq onu ədəbi aləmdə daha güclü yazıçı kimi tanıtdırdı. Onun yaradıcılığının böyük bir mərhələsi naturalizm və tənqidi realizmlə bağlı idi. O, həyatın ən incə çalarlarını, ziddiyyətlərini, ailələrin, insanların ölməz xarakterlərini və həyat tərzlərini bədii sözün gücüylə ortaya qoymaqla şöhrət qazandı.

Conun yaradıcılığının aparıcı mövzusu sevgidir. Yazıçının məhəbbətlə bağlı əksər əsərləri real həyatdan götürülmüş faktlar əsasında yazılmışdır. Hətta bəzi tədqiqatçılar bunu yazıçının şəxsi sevgi macəraları ilə də əlaqələndirirlər. Bu mənada "Forsaytlar sülaləsi haqqında Saqa" əsərini də həyat yoldaşına həsr etməsi təsadüfi deyildir. 

Con əmisi oğlu Artur Qolsuorsinin arvadı Ada Nemesis ilə sevgi macərası yaşasa da, o dövrün sərt qanunlarına görə onlar uzun müddət (təxminən on il) evlənə bilmirlər. Yalnız ailənin başçısı qoca Con (Qolsuorsinin atası) öldükdən sonra Ada öz ərindən ayrılıb Cona ərə gedir. Onlar ömürlərinin sonuna qədər bir yerdə yaşayırlar, uzun illər gözlənilən nikah xoşbəxtlik gətirmir. Sonralar 44 yaşlı Qolsuorsi ikinci məhəbbəti 19 yaşlı rəqqasə və xoreoqraf Marqaret Morrislə qarşılaşsa da, Ada buna imkan vermir. Lakin bütün bunlara baxmayaraq, Ada ilə evlilik həyatı yaradıcılıq baxımından yazıçıya uğur gətirir. Ada gözəl musiqiçi olduğundan təsadüfi deyil ki, Conun əksər əsərlərində, musiqiylə bağlı səhnələr var.

Uzun müddət beyin xərçəngindən əziyyət çəkən yazıçı 65 yaşında dünyadan köçüb.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".