Sağlam həyat
Maraqlı

Sağlam həyat

Toyuq və balıq qırmızı əti əvəz edə bilər?

Qırmızı ət zülal mənbəyidir, eləcə də qanın elementlərini formalaşdırır. Onun tərkibində insan orqanizminin gündəlik tələbatı üçün vacib olan vitamin və minerallar var. Əsasən amin turşuları ehtiva edir ki, onlar da zülal yaradır. Bəzi insanlar bu əti balıq və toyuqla əvəz edirlər. Lakin qida mütəxəssisləri bunun doğru olmadığını söyləyirlər. Onların fikrincə qırmızı ətdən imtina orqanizmin zəifləməsinə səbəb ola bilər.

Aparılan araşdırmalar sübut edir ki, insanın kifayət qədər qırmızı ət yeməməsi sümüklərdə zəifləmə, əzələ kütləsinin, sıxlığının azalması və qan azlığına gətirib çıxarır. Bundan əlavə qırmızı ətdən az istifadə immunitetin zəifləməsinə səbəb olur ki, bu da onkoloji xəstəliklərin inkişafına yol açır.

Ət ilk növbədə, amin turşuları, B qrup vitaminlərinin mənbəyidir. B12 və B9 ürəkdən tutmuş beyin və sinirlərə kimi vacib vitaminlərdir. Lakin sözügedən elementlər toyuq və balıq ətində demək olar ki, yoxdur. Bu səbəbdən, digər ətlər qırmızı ətə alternativ hesab edilmir. Bununla belə qırmızı ətin hər gün yeyilməsi də tövsiyə edilmir. Mütəxəssislər həftədə 2-3 dəfə 100-150 qramdan çox olmamaq şərtilə yeyilməsini məsləhət görürlər. Xüsusilə, yaşlı insanların hər gün qırmızı ət istehlakı onlarda həzmsizliyə və ürək-damar xəstəliklərinə səbəb ola bilər. Çünki bu qida xolesterin, doymuş yağlarla zəngindir. Ondan müntəzəm olaraq istifadə sözügedən patologiyaların yaranma riskini artırır. Bundan əlavə, araşdırmalar zamanı məlum olub ki, qırmızı ətin həddindən çox istehlakı podaqraya və böyrəklərdə daşların artmasına səbəb olur.

Yağı bu şəkildə istifadə edənlər oxusun

Çoxları elə düşünür ki, əridilmiş yağ daha faydalıdır. Əslində isə bu belə deyil. Araşdırmalar göstərir ki, bu yağ doymuş yağlarla daha zəngin olduğu üçün bəzi orqanları təhlükəyə ata bilər.

Mütəxəssislərin fikrincə, qaynadılma yolu ilə alınan yağın yağlılıq dərəcəsi əridilməmiş kərə yağından daha çoxdur. Satışda olan ərinmiş yağlarda xolesterinin miqdarı o qədər çoxdur ki, qaraciyər, ürək və mədəaltı vəzi üçün təhlükə yaradır. Araşdırmalar zamanı məlum olub ki, adi kərə yağının 100 qramında 20 milliqram ərinmiş yağda isə 25 milliqram xolesterin var. Eləcə də, bu yağda zərərli doymuş yağ turşuları daha çoxdur. Yağın isidilməsi onun tərkibindəki faydalı maddələri - kalsium, fosfor, kaliumu azaldır, vitamin və mikroelementlər termik işlənmədən sonra intensiv məhv olur. Xroniki xəstəlikləri olanlara bu yağdan istifadə etmək tövsiyyə olunmur. Lakin bununla belə əridilmiş yağın az miqdarda istifadəsi faydalıdır.

Onda olan yağ turşusu qalın bağırsaq hüceyrələrini qidalandırır, hüceyrə membranını möhkəmləndirir, iltihab və şişlərin qarşısını alır.

Psixoloji aclıq nədir?

Həddən çox davam edən aclıq hissi normadan artıq yeməyə, bununla da maddələr mübadiləsinin pozulması, piylənmə və kökəlməyə səbəb olur. Lakin bəzən iştahın çox olması psixoloji səbəbdən də yaranır. Belə ki, depressiv hallarda emosional boşluq hissini doldurmaq üçün də yeyirik. Bəs psixoloji aclıq ilə fiziki aclıq hissini necə fərqləndirmək olar?

Fiziki aclıq birdən-birə başlamır, yavaş-yavaş yaranır. Psixoloji aclıq hissi isə qəflətən başlayır. Normal aclıq yeməkdən 4,5 saat sonra hiss olunur. Psixoloji aclıq patolojidir, o daimi və müvəqqəti ola bilər. Patoloji aclıq sadəcə beyində tez yemək istəyi, mədə-bağırsaqda heç bir hissiyat olmadan yaranır. Depressiyada olan, stress keçirən, tənha insanlar bu aclığı hiss edirlər. Kompüter və televizor qarşısında çox oturanlar da bu problemlə qarşılaşırlar. Eləcə də, diabet, qalxanvari vəzi xəstəliyi, müəyyən dərmanlar qəbul edənlər də qəfil güclü aclıq hiss edir.

Heç yemək yedikdən sonra hisslərinizi analiz etmisinizmi? Əgər yedikdən sonra özünüzü günahkar hiss edirsinizsə, deməli emosional aclıq hissiniz üçün yemisiniz. Özünüzü günahlandırmaq problemin həlli deyil, bu sizdə daha çox stress yaradaraq həddindən artıq yeməyinizə səbəb ola bilər. Odur ki, həqiqətən ac olduğunuza əmin olmadan yemək yeməkdən çəkinin.

Yaşlılar üçün bu qida zəruridir

Hər kəsə məlumdur ki, sağlam həyat tərzi üçün sağlam qidalanmaq vacib şərtdir. Xüsusilə də yaş artdıqca buna daha çox diqqət etmək lazım gəlir. Məhz bu səbəbdən amerikalı elm adamları yaşlı insanların daha çox üstünlük verməli olduqları qidaların adını açıqlayıblar. Gündəlik qida rasionunda süd məhsullarından istifadənin önəmli olduğunu vurğulayan alimlər belə qənaətə gəliblər ki, 60 yaşdan yuxarı insanların keçi pendiri yeməsi zəruridir.

Məlumat üçün qeyd edək ki, keçi pendiri orqanizmə müsbət təsir edən faydalı komponentlərlə zəngindir. Bunlara kalium, kalsium, manqan, dəmir, maqnezium və D, A, K, B, E vitaminləri daxildir. Özünəxas dadı, qeyri-adi ətri və yüngül teksturası olan bu pendir növü yetkinlik dövründə də çox faydalıdır. Çünki keçi pendiri sümükləri əla vəziyyətdə saxlamaq üçün vacib olan kalsium və zülalla zəngindir. Mütəxəssislər keçi pendirini xüsusilə hipertoniya, şəkərli diabetdən əziyyət çəkən insanlar, vegetarianlar və təbii ki, yaşlıların gündəlik qida rasionuna daxil etməsini tövsiyə edirlər. Çünki bu qida "pis" LDL xolesterinin səviyyəsini aşağı salır. Bu isə öz növbəsində ürək xəstəliyi və insult riskini azaldır.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".