Orucluqdan sonra sağlam qidalanmanın yolları
Maraqlı

Orucluqdan sonra sağlam qidalanmanın yolları

Türkiyə

Ramazan ayında sahur və iftar şəklində iki dəfə yemək yeməyi vərdiş edən insan orqanizmi, maddələr mübadiləsinin sürəti və bədən çəkisini qorumaq baxımından normal qidalanmaya asan keçid edə bilər.

"Bayramdan sonra normal qidalanmaya addım-addım keçid etmək lazımdır. Yəni həzm problemlərini minimuma endirmək, çəki nəzarətini asanlaşdırmaq və ən əsası özünü psixoloji cəhətdən daha çox sağlam hiss etmək üçün bayramdan başlayaraq qida rejiminə diqqət etmək lazımdır'', - deyən qidalanma və pəhriz mütəxəssisi Hülya Yiğit normal qidalanma rejiminə rəvan keçid üçün ən yaxşı variantın su istehlakını artırmaq olduğunu vurğulayıb. O deyib: "Günə proteinli səhər yeməyi ilə başlamaq lazımdır. Mürəbbə və bal istehlakı mümkün qədər məhdudlaşdırılmalıdır. Əksər insanlar bayram günlərində işdə və ya tətildə olduğu üçün səhər və şam yeməyinə daha çox üstünlük verirlər. Bu zaman qatıq, çiy qoz-fındıq və təzə meyvə ilə qəlyanaltı etmək gecələr şəkər ehtiyacını azaltmağa kömək edəcək. Bununla belə, kifayət qədər su (çəkisi üçün 35 ml) istehlak edildikdə iştahı idarə etmək daha asan olacaq''.

H.Yiğit bayram ziyarətlərində müxtəlif mədəni xörəklərin təqdim edildiyini də ifadə edib: "Bu ləzzətlər adətən xəmir və yağlı yeməklər olur. Bu qidalar qan şəkəri balansını pozur və əsasən qarın ətrafında piylənməyə səbəb olur. Qarın ətrafındakı piylər də ürək-damar xəstəlikləri üçün risk faktorudur. Ona görə də ziyarət zamanı bu qidalardan mümkün qədər uzaq durmaq lazımdır''.

Normal qidalanma rejiminə keçmək üçün ən yaxşı variantın su istehlakını artırmaq olduğunu qeyd edən H.Yiğit bütün qida qruplarının yeməklərə daxil edilməsinin vacibliyini vurğulayıb.

Fiziki fəaliyyətlə maddələr mübadiləsini sürətləndirərək aktiv qalmağı tövsiyə edən qidalanma və pəhriz mütəxəssisi, kökəlməmək üçün idmana vaxt ayırmağın vacib olduğunu söyləyib: "Orqanizm susuz qalmamalıdır. Orqanizmin bu dövrə uyğunlaşması üçün bütün qida qruplarını (karbohidratlar, yağlar və zülallar, meyvə və tərəvəzlər) ehtiva edən qidalar yeməklərə daxil edilməli, porsiyaların miqdarına diqqət yetirilməli, porsiyalar artırılmamalı və qidalar yaxşı çeynənilməlidir. Bir ay oruc tutduqdan sonra günə yüksək kalorili səhər yeməyi ilə başlamamaq lazımdır. Bayramın səhəri həyəcanla gözlənilən səhər yeməyində qızardılmış yumurta yerinə omlet, pendir, bol göyərti, qızardılmış kartof və bişmiş tərəvəzlər qəbul etmək lazımdır.

Bayramların vazkeçilməzləri olan desertlərə də toxunan H.Yiğit vurğulayıb: "Desertlər həddindən artıq olmamalıdır. Meyvə və ya südlü desertlərə üstünlük verilməlidir. Yalnız bir və ya iki əsas yemək yeyilməli və sərinləşdirici içkilərdən qaçılmalıdır. Meyvə şirələri əvəzinə suya üstünlük vermək vacibdir.

Normal pəhrizə dönərkən kalori qəbuluna çox diqqət edilməlidir. Heç vaxt unutmayaq ki, oruc tutarkən bədənimiz daha çox miqdarda qida və yüksək kalori istehlak etmək qabiliyyətini azaldır və maddələr mübadiləsi buna uyğun olaraq tənzimlənir. Ramazan ayında susuz qalan bədənimizin toksinləri atmaq üçün suya hər zamankından daha çox ehtiyacı var. Səhər yuxudan duranda bir stəkan suya limon ataraq qəbul etmək lazımdır. Bu həzm sistemini tənzimləyir və immun sistemini gücləndirir. Gün ərzində 2.5-3 litr su istehlak etmək çox vacibdir''.

Esmira YAZKAN ASLANOVA,

"Respublika" qəzetinin

Türkiyə üzrə müxbiri.