Maraq dünyamız
Maraqlı

Maraq dünyamız

Üstünlük üçün qəzet oxumalıyıq

Son dövrlər dünyada qəzet oxuma tendensiyası internet mediası ilə rəqabətdə demək olar ki, azalmağa başlayıb. Əvvəllər metroda, avtobusda əksəriyyət insanların qəzet oxuduğunu görürdüksə, bu gün nadir hallarda belə mənzərə ilə rastlaşırıq.

Bəzi insanlar qəzet oxumağın ona heç bir fayda vermədiyini düşünür. Onlar gün ərzində üç-beş dəqiqə xəbərlərə qulaq asmaqla işini bitmiş sayır. Lakin amerikalı alimlərin yeni araşdırmalarının nəticələri göstərir ki, qəzet yalnız informasiya əldə etmək vasitəsi deyil. O, insanın şəxsiyyətinə, hərtərəfli inkişafına təsir göstərir, zehni qabiliyyətləri gücləndirir.

Alimlərin fikrincə, qəzet oxumaqla təkcə informasiya əldə olunmur, həm də müxtəlif mövzularda qazanılan biliklər sayəsində hər hansı bir informasiyanı təhlil edə bilmə bacarığı artır. Çap mediasından faydalanmağın digər üstünlüyü isə insanda daha yaxşı yazı yazmaq və danışıq qabiliyyətini formalaşdırmasıdır.

Dünyanın ən dadlı un məmulatları bəlli olub

Dünya ölkələrinin milli mətbəxinə məxsus ənənəvi yeməkləri önə çıxarmaqla tanınan qida bələdçisi "Taste Atlas" ("Dad Atlası") 2024-cü ilin ən dadlı 100 un məmulatı növünü müəyyən edib. Fərqli dadların yer aldığı siyahıda Türkiyənin Bafra pidəsi birinci, Azərbaycanın qutabı isə altıncı yerə layiq görülüb.

Bir əsrə yaxın tarixə malik olan, əvvəl Türkiyə daxilində, daha sonra isə beynəlxalq aləmdə bəyənilən Bafra pidəsinin hazırlanma üsulu deqüstatorlarda böyük maraq doğurub. Onun sirri xəmirində gizlənir. Xəmirin bir gün dincəlməsi pidənin dadına dad qatır. Bafra pidə ustaları xəmiri mayalandırmaq üsulunu gizli saxladıqlarını deyirlər.

Qeyd edək ki, siyahıda ilk yerdə Türkiyənin Bafra pidəsi, ikinci yerdə isə Samsun pidəsi gəlir. Ümumiyyətlə, siyahıda qardaş ölkənin səkkiz un məmulatı, o cümlədən közləmə (38), pidə çörəyi (41), ramazan pidəsi (43), terme pidəsi (64), yuxa (70), bazlama (94) yer alıb. İlk 10 sıralama isə belədir: 1. Bafra pidəsi, 2. Samsun pidəsi, 3. "Roti canai" - Malayziya, 4. "Butter Garlic Naan" - Hindistan, 5. "Pan de bono" - Kolumbiya, 6. Qutab - Azərbaycan. 7. "Amritsari kulcha" - Hindistan, 8. "Naan" - Hindistan, 9. "Piadina Romagnola" - İtaliya, 10. "Pao de queijo" - Braziliya.

Ağcaqanadlar ən çox onları sancırmış...

Yay aylarında hər kəsin baş bəlasına çevrilən ağcaqanadlar ova çıxanda qurbanlarını xüsusi "seçir". Bu yaxınlarda aparılan araşdırma zamanı məlum olub ki, artıq çəkili insanlar onların hədəfinə daha çox tuş gəlir.

Tədqiqatçılar bunu, ilk növbədə, kök insanların yatanda ağır nəfəs almaları və onların nəfəsində ağcaqanadları cəlb edən xüsusi bir kimyəvi maddənin olması ilə əlaqələndirirlər. Bundan əlavə, artıq çəkili insanlar daha çox tərlədiyi üçün onların bədənlərinin yapışqan, rütubətli və qoxulu olması da ağcaqanadları uzaqdan cəlb edir.

Məlumat üçün bildirək ki, ağcaqanadlar yumurtalamaq üçün qana ehtiyac duyurlar. Erkəklər yumurta qoymadığı üçün sancmırlar. Bu səbəbdən bizi daha çox narahat edən dişi ağcaqanadlardır. Onların əsas enerji mənbəyi şəkərdir. Bütün ağcaqanadlar meyvə nektarı, suları və bitki mayeləri ilə qidalanırlar. Şəkər onlara enerji istehsal etmək, qan isə yumurtaların saxlanılması üçün gərəklidir.

Spiritualizm nədir?

Yəqin elə bir insan tapılmaz ki, ömründə bir dəfə də olsa özünə "mən kiməm?", "necə yaranmışam?", "cənnət və cəhənnəm nədir?", "ölümdən sonra həyat varmı?", "məni gələcəkdə nə gözləyir?", "əgər öləcəyəmsə, niyə yaşayıram?" deyə suallar verməsin. Spiritualizm məhz bu suallara cavab axtaran fəlsəfi cərəyandır.

O, həm elmdir, həm də fəlsəfi bir nəzəriyyə. Elm kimi ruhlarla yaradılan əlaqələrdən bəhs edir, fəlsəfi nəzəriyyə kimi isə bu əlaqələr nəticəsində aldığımız mənəvi və əxlaqi tərbiyədən. Ruhların köçməsi (reinkarnasiya), cənnət, cəhənnəm və Tanrı kimi metafizik anlayışları təfərrüatı ilə araşdıran bu fəlsəfi qol zamanla bir çox növlərə bölünmüşdür. Bəzi mütəfəkkirlər axirətə və qiyamət gününə inanarkən, bəziləri ruhun reinkarnasiya yolu ilə başqa bədənlərdə təkrar-təkrar doğulacağını düşünürlər. Ən çox yayılmış məktəblər Eksperimental və Ənənəvi Spiritualizmdir. XX əsrin sonunda Neo-Spiritualizm adlı yeni bir cərəyan meydana çıxdı ki, burada yuxuyozma hipnoz və psixi güclər mühüm yer tutur. Spirituallar "metafizika" olaraq təyin olunan fövqəltəbii hadisələri araşdırırlar. Bu cərəyan zamanla bir çox məktəblərə bölünüb və hər məktəb fərqli paranormal fenomenlə məşğul olur. Məsələn, bəzi məktəblərdə yalnız yuxu yozulur. Yuxuda görülən hər şey simvolik baxımdan araşdırılır və təhlil edilir.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".