MARAQ DÜNYAMIZ
Maraqlı

MARAQ DÜNYAMIZ

Letargiya yuxusu nədir?

Çox nadir hallarda eşitdiyimiz, letargiya yuxusu kimi tanınan  dəhşətli xəstəlik bu günə qədər də sirr olaraq qalır. Tibdə tam olaraq aydınlıq gətirilməyən bu problem nadir xəstəliklər sırasındadır. Letargiya termininin (Encaphilitis Lethargica) mənası baş beynin infeksiyası nəticəsində yaranan halsızlıq və hərəkətsizlik deməkdir. Ona el arasında kiçik ölüm də deyirlər.

Bu problem insan bədəninin hərəkətsiz, süst vəziyyətdə olması, qıcıqlara cavab verməməsi, dəqiq müayinə zamanı belə üzə çıxmayan, bilinməyən həyat funksiyalarının tam itməsi ilə müşahidə olunan bir halıdır. Bu halda  dəri solğunlaşır, bədən soyuyur, sifət cizgiləri kəskinləşir, göz bəbəkləri işığa belə reaksiya verə bilmir və insan huşunu itirib naməlum müddətə yuxuya gedir. Bu yuxu qısa və uzunmüddətli olur, bəzən illərlə davam edir, hətta iyirmi il belə sürür...

Keçmişdə bu yuxuya gedənləri ölmüş hesab edib dəfn edirdilər. Məsələn, 1879-cu ildə Vaşinqtonda valideynləri 3 yaşlı oğulları Tom Soksun öldüyünü zənn edərək onu torpağa tapşırırlar. Tomun anası gecə yuxusunda görür ki, oğlu sağdır, ağlayır və balaca əllərilə tabutun qapağını döyəcləyir. Üç günlük təkidlərdən sonra qadın ərini qəbri açmağa məcbur edə bilir. Tabutu açan valideynlər dəhşətə gəlirlər. Balaca Tom göyərmiş sifət və əl-ayaqlarında qan ləkələriylə büzüşüb uzanmışdı. Həkim müayinəsindən sonra uşağın havasızlıqdan boğulub öldüyü məlum olur.

Sevindiricidir ki, hazırda belə hadisələr istisnadır. Letargik yuxuya ən kiçik şübhə belə olduqda insan xəstəxanaya aparılır və  bir sıra, xüsusilə, elektrokardioqramma və elektroensefaloqramma müayinələrindən keçirilir.  Bu müayinələr beynin və ürəyin ən zəif fəallıq əlamətlərini belə qeyd etməyə imkan verir.

Sən demə, dilimizi dünyaya gəlməmiş öyrənirik

İtaliyalı elm adamları maraqlı bir faktı ortaya çıxarıblar. Araşdırma zamanı məlum olub ki, körpələr ünsiyyət quracağı  dili  hələ ana bətnində öyrənirlər.

Tədqiqatçılar müəyyən ediblər ki,  ana bətnində olan uşaq 7-ci aydan etibarən kənardan gələn səsləri qəbul etməyə başlayır. Onlar ananın səsini tanıyır, nitqdəki səsləri, ritmi melodik olaraq qəbul edir.

Araşdırmaya fransız dilli qadınlar və onların 33 yeni doğulmuş körpəsi cəlb edilib. Təcrübə zamanı körpələrə fransız, ispan, ingilis dilində nağıl dinlədilib, paralel olaraq Elektroensefaloqrafiya (EEQ) vasitəsilə  onların beyninin aktivliyi ölçülüb. Müşahidələr göstərib ki, körpələr fransız dilində nağılı dinləyərkən  onların beyin dalğalarının aktivliyi artıb. Bu isə körpələrin hələ dünyaya gəlməmişdən doğulacağı yerin dilini  öyrənməyə  başladığını sübut edib.

Alimlər belə qənaətə gəliblər ki, körpələr artıq doğulandan ana dilinin hansı dil olduğunu bilir. Onların fikrincə, körpələrin beyni linqvistik elementlərə köklənib, bu proses ana bətnində başlayır. Elm adamları dil təcrübəsinin neyron reaksiyalarının formalaşmasında rol oynadığını və bu səbəbdən də uşaqların 1 yaşından etibarən artıq sözləri anladığını, danışmağa cəhd etdiyini söyləyirlər.

"Halo" effekti nədir?

İstər adi, istərsə də xüsusi günlərdə görünüşümüzə diqqət yetiririk. Bu bizim cəmiyyət tərəfindən qiymətləndirilməyimizdə mühüm rol oynayır. Xarici görünüşünə görə insanın təkcə sağlamlığı deyil, həm də şəxsi keyfiyyətləri barədə fikir söyləmək olar. Psixologiyada bu "halo" effekti adlanır.

"Halo" təsiri  bir insanın sahib olduğu müsbət, ya da mənfi xüsusiyyətlərin, onunla əlaqədar ümumi bir mühakimənin meydana gəlməsinə və qiymətləndirilməsinə deyilir. Bu termindən 1920-ci ildə ilk dəfə  amerikalı psixoloq Edvard Torndayk öz məqaləsində istifadə etmişdir.  Birinci Dünya müharibəsi zamanı psixoloq, komandirlər arasında ən yaxşı əsgərləri haqda müxtəlif suallardan ibarət test keçirib. Komandirlərin yüksək səviyyəli əsgər deyə adlandırdığı şəxslər  əsasən yaraşıqlı və sağlam quruluşlu olublar. Onlar bu əsgərləri həm də çox yaxşı nişançı, nizam-intizamlı, qərarlı, fədakar, liderlik xüsusiyyətləri olan insanlar kimi görüblər. Əslində isə bu insanları birləşdirən əsas xüsusiyyət onların xarici görkəmi idi və  psixoloq buna "Halo" təsiri adını verib.

İnsan sevincdən də ölə bilərmiş

Bəzən qəfildən bəd xəbər  eşidəndə  "ürəyim partladı" ifadəsini işlədirik. Hətta həddindən artıq sevincli xəbərə də eyni cür reaksiya veririk. Bəs bu  hallar baş verdikdə insan həqiqətən ölə bilərmi?

Təəssüf ki, uzunmüddətli stres, sarsıntı, kədər insan sağlamlığına çox mənfi təsir edir və ilk növbədə, ürəyin fəaliyyətini pozur. Hətta bəzi hallarda  stres nəticəsində ürək həqiqətən "partlaya" bilər. Tibdə güclü ani stres nəticəsində ürəyin fəaliyyətinin pozulması xüsusi terminlə adlandırılır - "takotsubo sindromu". Bu pozulma zamanı güclü stres nəticəsində ürəyin mədəciklərinin funksiyası kəskin pozulur ki, onlar normal yığıla bilmir və insanda kəskin ürək çatışmazlığı inkişaf edir. "Takotsubo sindromu"nun simptomları infarkta bənzəyir. Lakin infarktdan fərqli olaraq bu zaman ürək damarlarının keçiriciliyi pozulmur. Hətta bu  sindrom insanın ani ölümünə səbəb ola bilər. Statistika göstərir ki, "takotsubo sindromu" daha çox qocalarda, xüsusilə yaşlı qadınlarda inkişaf edir.

Maraqlıdır ki, pozulma tək mənfi emosiyalar (həyat yoldaşının ölümü, yas, ağır xəstəliyə tutulmaq və s.) nəticəsində deyil, müsbət emosiyalar zamanı da inkişaf edir. Bu səbəbdən mütəxəssislər yaşlı insanları həm mənfi, həm də müsbət emosiyalardan mümkün qədər qorumağı tövsiyə edirlər.

Hazırladı: Elenora HƏSƏNOVA,

"Respublika".