Sülhməramlıların missiyası başa çatdı
Siyasət

Sülhməramlıların missiyası başa çatdı

Rusiya Federasiyasının Azərbaycan Respublikasının ərazilərindəki sülhməramlı kontingentinin öz missiyasını vaxtından əvvəl başa çatdırması, 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatında sülhməramlı kontingentin suveren ərazilərimizdəki fəaliyyətinin hüquqi və siyasi əsaslarını təşkil edən amillərin lokal antiterror tədbirləri, Azərbaycanla Ermənistan arasında aparılan danışıqlar, eləcə də Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etməsi nəticəsində aradan qalxması ilə bağlıdır. Sülhməramlıların Azərbaycan ərazilərinə daxil olduqları dövrdə, onların səlahiyyət zonasına daxil olan yaşayış məntəqələrində Ermənistan Ordusunun qalıqlarının, həmçinin qanunsuz hərbi birləşmələrin mövcudluğu ölkəmizin legitim hakimiyyət orqanlarının suveren ərazilərimizdə fəaliyyətinin təmin edilməsinə, təhlükəsizlik və digər tədbirlərin həyata keçirilməsinə maneə yaradırdı. Azərbaycan dövləti, hər zaman olduğu kimi, böyük humanizm nümayiş etdirərək, ölkəmizin suveren hüquqlarının, legitim hakimiyyət orqanlarının fəaliyyətinin sözügedən ərazilərdə təmin edilməsi üçün reinteqrasiya prosesinə üstünlük verir və bu məqsədlə müvafiq tədbirlər həyata keçirirdi. Lokal antiterror tədbirlərinədək işğalçı ordunun qalıqlarının, qanunsuz hərbi birləşmə və silahlı separatçıların qondarma təsisatlarının törətdikləri cinayət xarakterli əməllər hər kəsə məlumdur. Hazırda Azərbaycanın müvafiq dövlət qurumları işğaldan azad olunan bütün ərazilərimizdə legitim hakimiyyət orqanlarının fəaliyyətini və təhlükəsizliyi yüksək səviyyədə təmin ediblər. Burada bərpa-quruculuq, abadlıq işləri uğurla davam etdirilir, məcburi köçkünlər öz evlərinə qayıdırlar. Bütün bunlar Rusiya Federasiyasının sülhməramlı kontingentinin fəaliyyətinə vaxtından əvvəl xitam verilməsi üçün ciddi hüquqi və siyasi əsaslar yaradır.

Bəlli olduğu kimi, vaxtilə Ermənistan hökumətinin müraciəti əsasında Rusiyanın Ermənistan-Azərbaycan sərhədinə yerləşdirilən sülhməramlıları bu ərazilərdən də çıxarılır. Hazırda bölgədə sülh prosesinin irəliyə doğru aparılması üçün maneə yoxdur və Azərbaycanla Ermənistan birbaşa təmaslar yolu ilə qarşılıqlı münasibətlərin normalaşması istiqamətində uğurla irəliləyirlər. Şübhəsiz ki, bütün bu nəticələrin əldə olunmasının əsasında Ali Baş Komandan, Prezident İlham Əliyevin strateji zəkası, yüksək diplomatik bacarığı, şəxsi nüfuzu və hadisələrin gedişatını öncədən proqnozlaşdırmaq, istiqamətləndirmək məharəti dayanır. Rusiya sülhməramlılarının Azərbaycan ərazilərini vaxtından əvvəl tərk etməsi prosesi Bakı ilə Moskvanın sürətlə inkişaf edən əlaqələri fonunda baş verir və  hər iki ölkənin bir-birinə olan etimadından qaynaqlanır.

Azərbaycanın əldə etdiyi nəticələri bilərəkdən şübhə altına almağa çalışan, ritorik sualları ilə ictimai rəyi çaşdırmağa cəhd göstərən bəzi qüvvələr susmalı və utanc hissi keçirməlidirlər. Prezidentin atdığı hər bir addım dövlətimizin nəyi necə və nə vaxt edəcəyini hər kəsdən daha yaxşı bildiyini, sözünün imzası qədər kəsərli və keçərli olduğunu bir daha təsdiqləyir.

Elçin MİRZƏBƏYLİ,

siyasi şərhçi.