“Rus ruleti” oynayan Nikol ifşa olundu
Siyasət

“Rus ruleti” oynayan Nikol ifşa olundu

Ermənilər tərəfindən fevralın 20-də İrəvanın dörd bir yanında "Nikol, istefa", "Paşinyan, siyasətdən get" etiraz sədaları yüksəlib. Mərkəzi azadlıq meydanında yüzlərlə hay aksiya keçirib. Onlar hazırkı hakimiyyəti Qərbin xeyrinə geosiyasi seçim etməkdə günahlandırıblar. Mitinqin başlıca tələbinin Amerika Birləşmiş Ştatlarından və Avropa ölkələrindən uzaqlaşmaq olması, həm də aksiyanın qatı ruspərəst siyasi qüvvələrin yaratdığı "Birlikdə" alternativ ictimai-siyasi hərəkat tərəfindən təşkil olunması prosesin pərdəarxasında Moskvanın dayandığına işarə ola bilər. Digər tərəfdən, nümayişin keçirildiyi tarix vaxtilə Qarabağda məskunlaşan separatçıların qondarma ildönümünə təsadüf etdiyindən nümayişçilər bu bölgənin itirilməsində Paşinyan hakimiyyətini günahlandırıblar.

Onlar Ermənistan Xarici İşlər Nazirliyinin binasının qarşısına domino, nərd, tennis və başqa oyun alətləri gətiriblər. Bildiriblər ki, xarici siyasətlə bağlı heç bir uğurlu addım atmayan qurum bu oyunlarla vaxt keçirə bilər. Buradan aydın olur ki, Paşinyana qarşı çevriliş planının arxasında Ermənistandakı 5-ci kolonla yanaşı, Qarabağ klanının dayanması ehtimalı da yüksəkdir.

Amma aksiyanın sifarişçisinin kimliyindən asılı olmayaraq mitinqə bu qədər çox adamın qatılması erməni ictimaiyyətində baş nazir Nikol Paşinyanın nüfuzunun nə dərəcədə aşağı düşdüyündən xəbər verir. Fevralın 18-də Almaniyada keçirilən Münxen Təhlükəsizlik Konfransında Qarabağın itirilməsinə və separatçı rejimin məhvinə görə ölkəsində qınaq obyektinə çevrilən Paşinyan daha kəskin tənqid olunub. Erməni mətbuatı yazıb ki, baş nazir Münxen Təhlükəsizlik Konfransına İcevanın kolxoz bazarındakı ərik satıcısı imicində gedib, ona görə də Münxendə Nikolu sayan olmayıb. Amma onun görünüşü ilə əlaqədar tənqidlər daha yumşaqdır, nəinki yürütdüyü siyasətlə bağlı. Belə ki, erməni mediası Paşinyanın avantürist siyasət apardığını yayır. Müxtəlif səviyyəli rəsmilər baş nazirin ölkəni uçuruma sürüklədiyini dilə gətiriblər. İctimaiyyətdə belə bir rəy formalaşıb ki, Ermənistanın "məxməri" hakimiyyətinin Münxen səyahəti Azərbaycanpərəst manipulyasiyaların, antierməni rəvayətlərin və primitiv yalanların yeni mərhələsi kimi yadda qalıb. Erməni politoloqlar da yazırlar ki, ölkələri yalnız Qərb platformasında danışıqları dəstəkləyir, Bakı isə istənilən formatda diktə edən tərəf kimi qəbul olunur. Çünki Azərbaycan Avropa ilə siyasi əlaqələrin iqtisadiyyat və enerji təhlükəsizliyi kimi praqmatik maraqlara söykəndiyini çox gözəl anlayır. Ermənistanın hökumət başçısı isə Almaniya və Britaniyanın məxfi kəşfiyyatının rəhbərləri, eləcə də Rusiyanın özünə bir nömrəli düşmən hesab etdiyi bütün strukturların nümayəndələri ilə görüşərək göstərib ki, Moskvanı hiddətləndirməkdən çəkinmir. Amma bu siyasət İrəvanda başadüşülən deyil. Çünki indiyədək kollektiv Qərb Ermənistana heç bir dəqiq vəd verməyib. Buna görə də Paşinyanın Avropaya can atması və Moskvanın təmsil olunduğu qurumlardan üz çevirməsi ölkəsində fəlakət ssenarisi kimi dəyərləndirilir. Bunu bir növ baş nazirin Ermənistanın gələcəyi və suverenliyini masaya qoyaraq "rus ruleti" oynamasına bənzədə bilərik. Amma "rus ruleti"ndə belə sağqalma ehtimalı 84,4 faizdən yüksəkdir. İrəvanın isə yaranan vəziyyətdən zərərsiz çıxması qeyri- mümkündür.

Bunu erməni ictimaiyyəti də görür. Ona görə də hələ ölkənin mərkəzində aksiya keçirməzdən əvvəl Münxendəki erməni icmasının nümayəndələri Paşinyanla görüşdə az qala baş naziri top atəşinə tutmuşdular. İcma Nikoldan soruşmuşdu ki, Qarabağın itirilməsindən, bu qədər uğursuzluqdan sonra istefa vermək cəsarəti sizdə varmı? Paşinyan isə belə cavab vermişdi ki, mən xalqdan səlahiyyət və mandat almışam. Mənə satqın, xarici agent deyə bilərsiniz, amma eyni ruhda davam etsək, Vətənimizi itirəcəyik. Hökumət rəhbərinin bu sözləri də ölkəsində ciddi narazılıqla qarşılanıb. Bildirilib ki, şüuru və dövlət sevgisi olan adam öz kriminal siyasətinə haqq qazandırmaq əvəzinə, Ermənistan naminə çoxdan istefa verərdi. Paşinyan isə kreslosunu qoyub getmək istəmir.

Nikolun ölkəsinin gələcəyi ilə hansı ambisiyaları olduğunu deyə bilmərik. Amma onun addımlarının Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasına əngəl yaratdığı aydındır. Görünür, bu vəziyyətdən narahat olan erməni xalqı da Paşinyandan sözün əsl mənasında qurtulmağa çalışır. Bu baxımdan, baş nazirə alternativ tapılan kimi onun siyasətdən uzaqlaşdırılması təəccüblü olmayacaq. Belə bir məsəl var: Hayla gələn vayla gedər. Deməli, 2018-ci ildən bəri Hayastanın həm daxili, həm də xarici siyasətində mükəmməl həyasızlıq nümayiş etdirən, riyakar hay xislətinin təcəssümü kimi çıxış edən Nikolun timsalında bu misalın doğruluğunun şahidi olmağımız an məsələsidir.

Jalə QASIMZADƏ,

"Respublika".