Azərbaycan xalqı öz taleyini güclü lider Heydər Əliyevə etibar etdi və yanılmadı
Siyasət

Azərbaycan xalqı öz taleyini güclü lider Heydər Əliyevə etibar etdi və yanılmadı

"O ağır dövrdə xalqın tələbi ilə Naxçıvandan Bakıya gələn Heydər Əliyev demək olar ki, gənc müstəqil Azərbaycan dövlətinin, sözün əsl mənasında, xilaskarına çevrilmişdi. Çünki müstəqilliyimiz əldən gedirdi, torpaqlar əldən gedirdi, ölkəmizin müxtəlif yerlərində separatçılıq baş qaldırıb gedirdi, ölkə parçalanma ərəfəsində idi, ölkədə bir çox silahlı birləşmələr faktiki olaraq müxtəlif istiqamətlərdə hakimiyyəti və ya hakimiyyət orqanlarını zəbt etmişdilər". Bu sözləri Prezident İlham Əliyev mayın 10-da ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə xalqa müraciəti zamanı söyləyib.

Tarixə nəzər yetirsək, doğrudan da 1991-1993-cü illərin Azərbaycan tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü olduğuna şahidlik edərik. Hələ yenicə müstəqilliyini bərpa etmiş ölkəmizin idarəçiliyi liderlik bacarıqlarından uzaq, siyasi hadisələri təhlil etməyi bacarmayan şəxslərin əlində idi. Buna görə də, artıq xalq iqtidara inamını itirmişdi. O dövrün mürəkkəbliyindən əlavə, 1993-cü ildə baş vermiş Gəncə hadisələri narazılığın kulminasiya nöqtəsi olmuşdu. AXC-Müsavat birliyi Azərbaycanı elə bir hala salmışdır ki, onu yalnız dahi lider xilas edə bilərdi. Təsadüfi deyil ki, Azərbaycan xalqı qanı və canı bahasına əldə etdiyi müstəqilliyinin qorunması üçün əvəzsiz lider Heydər Əliyevi hakimiyyətdə görmək istəyirdi. Böyük şəxsiyyət Heydər Əliyev xalqın dəvətini qəbul edərək 1993-cü il iyunun 9-da Bakıya gəlmişdir. Ulu öndərin qayıdışı Azərbaycanı gözü götürməyən düşmənlərin bütün xain planlarını pozmuşdur. Belə ki, Heydər Əliyev ölkəni siyasi hərc-mərclikdən xilas etmək üçün Gəncəyə yollanmış, bölgədəki qiyamın və qardaş qırğınının qarşısını almışdır. Nəhayət, həmin il iyun ayının 15-də ümummilli lider Heydər Əliyev xalqın təkidli xahişi ilə yenidən hakimiyyətə qayıtmışdır. Ulu öndərin qayıdışı böyük bir faciənin qarşısını almaqla yanaşı, ölkə ərazisində səpələnmiş silahlı cinayətkar dəstələri yox etmiş, vətəndaş müharibəsi təhlükəsini aradan qaldırmışdır.

Ümummilli lider ölkənin iqtisadi gücünü yalnız xarici investisiyaların hesabına artıracağına inanırdı. 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi" respublikamızın yeni neft strategiyasının təzahürü idi. Dahi şəxsiyyət Heydər Əliyev tərəfindən dünyanın 8 ölkəsinin 13 neft şirkəti ilə bağlanmış bu kontrakt, həmçinin Azərbaycanın dünya iqtisadi sistemindəki yerinin müəyyənləşdirilməsində də mühüm rol oynamışdır. "Əsrin müqaviləsi" 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına da imkan yaratmış, nəticədə 1997-ci ildə Azərbaycan nefti Bakı-Novorossiysk neft kəməri ilə, 1999-cu ildə isə Bakı-Supsa neft kəməri ilə dünya bazarına çıxarılmışdır. Heydər Əliyevin atdığı bu addımlar böhran vəziyyətindəki Azərbaycan iqtisadiyyatının yenidən canlanmasına, Azərbaycan Respublikasının beynəlxalq aləmdə siyasi nüfuzunun artmasına səbəb olmuşdur. Ulu öndərin rəhbərliyi zamanı bazar münasibətlərinə əsaslanan iqtisadi islahatların həyata keçirilməsinə də xüsusi önəm verilmiş, sahibkarlığın inkişafının stimullaşdırılması, müvafiq təkmil qanunvericilik bazasının yaradılması və hüquqi vasitələrin işə salınması istiqamətində də mühüm işlər görülmüşdür. Ən vacib məqamlardan biri məhz Azərbaycan iqtisadiyyatına xarici sərmayələrin axınının reallaşdırılması idi. Ümumdünya iqtisadi məkanına qətiyyətlə inteqrasiya edən ölkə xammal ixracatçısından istehsal sənayesini qüdrətləndirən və əmtəə ixrac edən əlverişli tərəfdaşa çevrilmiş, ölkədə aqrar islahatlar aparılmış, torpaq kəndlilərin mülkiyyətinə verilmişdir. Təsadüfi deyil ki, Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" neft-qaz yatağının müştərək işlənməsi barədə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə dünyanın aparıcı neft şirkətləri arasında müqavilənin imzalanması da məhz Heydər Əliyevin hakimiyyəti dövründə olmuşdur. Hələ 1992-ci ilin sentyabrında "Şahdəniz" yatağının işlənməsi məqsədilə Böyük Britaniya Krallığının "British Petroleum" və Norveçin "Statoil" şirkətləri ilə müqavilə imzalanmışdır. Daha sonra həmin iki şirkət alyans yaradaraq işə başlamış, Türkiyənin "Türkiyə Petrolları Anonim Ortaqlığı" şirkəti də bu alyansa qoşulmuşdur.

Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycan Respublikasının neft-qaz ehtiyatlarından, mövcud yataqlardan səmərəli istifadənin təmin edilməsi üçün də vacib işlər görülmüşdür. Azərbaycan Dövlət Neft Şirkətinin, alimlərin, geoloqlarımızın, "Şahdəniz" yatağında apardığı tədqiqatlar da bunun bariz nümunəsidir. Sadəcə qeyd etdiklərimizdən belə böyük şəxsiyyət Heydər Əliyevin bütün həyatını öz xalqına həsr etdiyini görmək mümkündür. Prezident İlham Əliyevin mayın 10-dakı müraciəti zamanı səsləndirdiyi fikirlərdə də bunlar öz əksini tapmışdır: "Düzdür, o vaxt bizim maliyyə imkanlarımız məhdud idi, orduya lazımi qədər vəsaitin ayrılması mümkün deyildi. Çünki ölkə qarşısında duran problemlər çox ciddi idi və bir milyondan çox insan evsiz-eşiksiz qalmışdı, ağır vəziyyətdə yaşayırdı. Neft Fonduna yığılan birinci vəsait yenə də Heydər Əliyevin təşəbbüsü ilə məhz keçmiş məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına istiqamətləndirildi. Birinci qaçqın şəhərciyi məhz o vəsaitlə inşa edilmişdir. Vəsaitin qıtlığına baxmayaraq, ordu quruculuğu üçün çox ciddi addımlar atılmışdır".

Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz qoymuşdur. Daha dəqiq desək, ulu öndərin bu fəaliyyətləri dövlət idarəçilik məktəbinə çevrilmişdir. Azərbaycan xalqı gələcək illərdə də bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq. Bu gün Heydər Əliyevin miras qoyduğu dövlətçilik ənənələri ümummilli liderin davamçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçımızın istər daxili, istərsə də xarici istiqamətlərdə yürütdüyü siyasət nəticəsində Azərbaycan böyük inkişaf yolu keçmiş, dövlətimizin qüdrəti, iqtisadiyyatı daha da artmışdır. Ən vacib məqamlardan biri isə Azərbaycanın beynəlxalq arenada günbəgün artan nüfuzudur. Ulu öndərin davamçısı İlham Əliyevin dövlət siyasətinin də başlıca prioritetlərindən biri məhz xalqımızın rifahı və milli maraqlarıdır. Təsadüfi deyil ki, dövlətimizin başçısının göstərişi ilə görülən işlər xalqımız tərəfindən yüksək qiymətləndirilir, daha təhlükəsiz və inkişafyönümlü gələcəyin təminatına şərait yaradır.

Nəzrin ELDARQIZI,

"Respublika".