BMU-da “Plagiat.pl” şirkətinin nümayəndələri ilə müzakirələr aparılıb
Elm və təhsil

BMU-da “Plagiat.pl” şirkətinin nümayəndələri ilə müzakirələr aparılıb

Bakı Mühəndislik Universitetində (BMU) “Plagiat.pl” şirkətinin nümayəndələri ilə görüş keçirilib.

BMU-dan “Respublika”ya bildirilib ki, elm və innovasiya məsələləri üzrə prorektor Ağası Məlikov ölkəmizdə plagiatla mübarizə istiqamətində həyata keçirilən mühüm tədbirləri diqqətə çatdırıb. O, həmçinin təhsil müəssisələrində elmi işlərin, dərs vəsaitlərinin, monoqrafiyaların plagiat baxımından yoxlanılmasının və plagiat halları ilə mübarizənin daim diqqətdə saxlanılmasının vacibliyini vurğulayıb. Plagiat halları ilə mübarizənin əsas məqsədlərinə toxunan prorektor dərs vəsaitlərində, elmi məqalələrin yazılmasında peşəkarlığın artırılmasına nail olunması, müəllim və tələbələr arasında birgə işin aparılmasının gücləndirilməsi kimi məsələlədən də bəhs edib.

Ağası Məlikov “Plagiat.pl” şirkəti ilə nəzərdə tutulan əməkdaşlıq çərçivəsində proqram vasitəsilə buraxılış işlərinin, magistr və doktorluq dissertasiyalarının, tədris vəsaitlərinin, məqalələrin və monoqrafiyaların oxşarlığının yoxlanılmasının mümkün olduğunu söyləyib.

“Plagiat.pl” şirkətinin icraçı direktoru Əli Təhməzov bildirib ki, Polşada 2002-ci ildə fəaliyyətə başlayan şirkət müəllif hüquqları pozuntuları və intellektual mülkiyyətdən icazəsiz istifadə olunmasına qarşı mübarizə aparır və müxtəlif ölkələrdə sifarişçiləri proqramlarla təmin edir. Ə.Təhməzov tədqiqat işlərini plagiatlıqdan qorumağa xidmət edən Ümumdünya Antiplagiatlıq Şəbəkəsi (strikeplagiarism.com) haqqında da ətraflı məlumat verib. Hər hansı köçürülmənin sistemdən yayınmasının qarşısını almaq üçün görülən işlərdən danışan şirkət rəsmisi bütün növ tədqiqatların plagiat olub-olmamasının yoxlanılması və qiymətləndirilməsi prosedurları, akademik dürüstlük kodeksi kimi məsələləri nəzərə çatdırıb.

Tədbirdə, eyni zamanda, antiplagiat proqramının tətbiqi qaydalarından, işləmə mexanizmindən də ətraflı danışılıb, aparılan müzakirələr zamanı verilən suallara aydınlıq gətirilib.