MÜHACİRƏT ƏDƏBİYYATI İLƏ BAĞLI KİTABI
Elm və təhsil

MÜHACİRƏT ƏDƏBİYYATI İLƏ BAĞLI KİTABI

Bu günlərdə Bakı Dövlət Universitetinin professoru, yazıçı-ədəbiyyatşünas Vaqif Sultanlının Azərbaycan Dövlət Nəşriyyatında yayınlanmış “Azərbaycan mühacirət ədəbiyyatı: başlanğıcdan günümüzədək” kitabı ən qədim dövrlərdən çağdaş dönəmədək mühacirətin keçib gəldiyi yolun, zəngin ədəbi-bədii və nəzəri-kulturoloji irsin araşdırılması baxımından önəm daşıyır.

Oxuculara təqdim olunan bu kitab müəllifin mühacirət ədəbiyyatı ilə bağlı ilk araşdırması deyildir.

Vaqif Sultanlının yeni kitabını əvvəlki araşdırmalarından fərqləndirən əsas cəhət burada mühacirət ədəbiyyatının tarixinə bütöv və sistemli şəkildə yanaşılmasıdır. Müəllif ilk tədqiqatlarından fərqli olaraq burada VII əsrin sonları VIII əsrin əvvəllərində Mədinəyə köç etmiş məvali şairlərdən başlayaraq Sovetlər Birliyinin dağılmasından sonra mühacirətin yayılma arealına qədər geniş zaman kəsimini əhatə etmiş, bu dönəmdə yaranmış ədəbi-kulturoloji irsin ümumi mənzərəsini canlandırmışdır.

Azərbaycanın Şimalının çar Rusiyası tərəfindən işğalı ilə başlayan dönəmin miqrasiya axınları fonunda ədəbi-mədəni sferada yaşanan proseslərə yer verilmişdir. Həmçinin rus-sovet müstəmləkəçiliyi dövründə mühacirət ədəbiyyatının keçdiyi mərhələlər işıqlandırılmış, ayrı-ayrı şəxsiyyətlərin ədəbi portreti yaradılmışdır. Burada Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə, Əhməd Cəfəroğlu, Mirzə Bala Məmmədzadə, Səlim Rəfiq Rəfioğlu, Əbdülvahab Yurdsevər, Almas İldırım, İren Məlikhoff və başqaları haqqındakı portret yazıları diqqəti çəkməkdədir.

Həmçinin Qurban Səidin “Əli və Nino”, “Altunsaç” romanları ilə bağlı ədəbiyyatşünaslıqda uzun illərdən bəri davam edən mübahisələrə də toxunulmuş, həmin əsərlər təhlil olunmuşdur

Araşdırmacı İkinci Dünya savaşı ilə bağlı qürbətə üz tutmuş Azərbaycan mühacirətinin ədəbi-bədii, nəzəri-kulturoloji və publisistik irsini də geniş şəkildə araşdırmış, legion ədəbiy­yatından ayrıca bəhs etmişdir.

Kitabda indiyədək mühacirət ədəbiyyatı ilə bağlı bir çox mübahisələrə aydınlıq gətirilmiş, gələcəkdə bu sahədə görüləcək işlər, aparılacaq araşdırmalar üçün elmi-metodoloji istiqamətin müəyyənləşdirlməsinə çalışılmışdır.

Vaqif Sultanlının oxuculara təqdim olunan monoqrafiyasının mühüm özəlliklərindən biri müxtəlif dövrlərdə Cənubi Azərbaycandan ayrı-ayrı ölkələrə mühacirət etmiş ədəbi şəxsiyyətlərin yaradıcılıq irsinin də araşdırılmasıdır.

“Respublika”.