Tarixi haqqımız
Digər xəbərlər

Tarixi haqqımız

Ümummilli lider Heydər Əliyev azərbaycanlıların deportasiyaya məruz qalması ilə bağlı 2001-ci il avqustun 22-də Fərman imzalamışdır

Qərbi Azərbaycana qayıdış bizim etnik və tarixi haqqımızdır. Bunu beynəlxalq ictimai fikirlə yanaşı, Ermənistanın da qəbul etməsi vacibdir. Sonuncu deportasiya zamanı o ərazilərdən qovulmuş soydaşlarımızın əksəriyyətinin bölgələrdəki evi, əmlakı, mülki əvəzi ödənilmədən əllərindən alınıb. Azərbaycanın mədəni-tarixi irsi olan Qərbi Azərbaycan torpaqları soydaşlarımızın dədə-baba yurdudur. Xalqımız - bu torpaqların doğma sahibləri minillər boyu bu ərazidə yaşamışlar. Lakin hayların Cənubi Qafqaza köçündən sonra kütləvi deportasiyalar, soyqırımları, şimaldan gələn təzyiqlər bizi bu yerlərdən didərgin salmışdır.

44 günlük Vətən müharibəsi nəticəsində düşmən tapdağından azad edilmiş torpaqlarımızda məskunlaşmaqdan sonra qarşımızda duran ən mühüm məsələlərdən biri gecikmiş ədaləti bərpa etmək, bu torpaqlara soydaşlarımızı qovuşdurmaqdır. 1918-ci il mayın 28-də keçmiş İrəvan xanlığının ərazisindən hissə-hissə və planlı şəkildə soydaşlarımız öz tarixi torpaqlarından deportasiya olunub, azərbaycanlılara məxsus tikililər, habelə İrəvan şəhərindəki İslam abidələri, tarixi-memarlıq inciləri erməni vandalizmi tərəfindən təhrifə məruz qalıb. Təkcə 1988-1989-cu illərdə Ermənistandan 150 minə yaxın azərbaycanlı deportasiya edilib.

Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir.

SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli və 1948-ci il 10 mart tarixli qərarları Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktı olmuşdur. Bu qərarlar əsasında 1948-1953-cü illərdə yüz əlli mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki dədə-baba yurdlarından kütləvi surətdə və zorakılıqla sürgün olunmuşdur. Adi hüquq normalarına zidd olan bu qərarların icrası zamanı avtoritar-totalitar rejimin mövcud repressiya qaydaları geniş tətbiq edilmiş, minlərlə insan, o cümlədən qoca və körpələr ağır köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi genosidə dözməyərək həlak olmuşlar. Bu işdə erməni şovinist dairələrinin və SSRİ rəhbərliyinin cinayətkar siyasəti ilə yanaşı, o dövrkü Azərbaycan rəhbərliyinin öz xalqının taleyinə zidd mövqeyi, soydaşlarımıza qarşı törədilən cinayətlərin təşkilində və həyata keçirilməsində iştirakı da az rol oynamamışdır.

Təəssüf ki, 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindən deportasiya olunması faktı ötən 50 il ərzində lazımınca araşdırılmamış, bu hadisələrə hüquqi-siyasi qiymət verilməmişdir. Bu məqsədlə 18 dekabr 1997-ci ildə ümummilli lider imzaladığı fərmanda 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyasının hərtərəfli tədqiq edilməsi, Azərbaycan xalqına qarşı dövlət səviyyəsində həyata keçirilmiş bu tarixi cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə müəyyən işlərin görülməsinin vacibliyini göstərmişdi. 2001-ci il avqustun 22-də ulu öndər Heydər Əliyev "Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında" Fərman imzalanmışdır.

Fərmanda son iki yüz il ərzində bir tərəfdən Türkmənçay və Gülüstan müqavilələri imzalandıqdan sonra İran və Türkiyədən ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi, digər tərəfdən isə XX əsrin sonlarında azərbaycanlıların öz doğma torpaqlarından zorla çıxarılaraq qaçqın və köçkün vəziyyətinə salınması öz əksini tapmışdır.  

Tarixin saxtalaşdırıldığı, təhrif edildiyi və Azərbaycan torpaqlarının tarixi adlarının dəyişdirilərək süni surətdə Ermənistanı monoetnik dövlətə çevirmək siyasəti aparıldığı qeyd olunmuşdur. 300 minə yaxın azərbaycanlının yaşadıqları yerlərdən didərgin salınaraq öz doğma torpaqlarından köçürülməsini bildirən ulu öndər 1987-ci ildən Dağlıq Qarabağ ətrafında cərəyan etməkdə olan məlum hadisələrdən sonra Ermənistan SSR-in ərazisində azərbaycanlılara qarşı kütləvi etnik təmizləmə prosesinin misilsiz bir qəddarlıq və vəhşiliklə həyata keçirilməyə başlandığını qeyd etmişdir.

Ulu öndər Heydər Əliyev imzaladığı bu fərmanla 1988-1992-ci illərdə Ermənistanda aparılan etnik təmizləmə nəticəsində öz yurd-yuvasından didərgin salınmış azərbaycanlıların daimi məskunlaşması problemlərinin və bununla bağlı digər məsələlərin həlli məqsədilə onlara verilən "Qaçqın" statusunun qüvvədə saxlanılmasına, respublikanın müvafiq şəhər və rayonlarında qaçqınların yığcam yerləşdirilməsi üçün qəsəbə şəklində fərdi yaşayış evlərinin tikilməsinə, kənd yerlərində məskunlaşan qaçqınlara müəyyən olunmuş qaydada həyətyanı və əkin üçün torpaq sahələrinin ayrılmasına, bir sözlə, qaçqın və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və onların məskunlaşma, məşğulluq problemlərinin həll olunmasına göstəriş vermişdir.

Musa BAĞIRLI,

"Respublika".