Zəngəzur dəhlizi perspektivlər baxımından qlobal əhəmiyyət daşıyır
İqtisadiyyat

Zəngəzur dəhlizi perspektivlər baxımından qlobal əhəmiyyət daşıyır

Ölkələr arasında iqtisadi və ticari əlaqələrin formalaşmasında beynəlxalq aləmdə mühüm əhəmiyyətə malik olan layihələrin özünəməxsus yeri var.

Bu layihələrin reallaşmasında əsas məqsəd qarşılıqlı əlaqələrin inkişafı ilə yanaşı, bir-biri ilə amansız müharibə aparan dövlətlərin maraqları çərçivəsində münaqişələrin həllidir. Qlobal aləmdə maraq doğuran layihələrdən biri də Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu Zəngəzur dəhlizidir. 30 il ərzində Hayastanın işğal altında saxladığı ərazilərimizdə genişmiqyaslı layihələrin icrası davam edir. Düşmən tapdağından azad edilmiş əraziləri gülüstana çevirməklə yanaşı, Zəngəzur dəhlizinin açılması da dövlətimizin qarşısında duran prioritet məsələlərdəndir.

Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikasını (Ordubad rayonunu) birləşdirəcək bu yol Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinə inteqrasiyaya imkan yaradacaq. 44 günlük Vətən müharibəsindən sonra ölkəmizin atdığı addımları analiz etsək, nəqliyyat-kommunikasiya, həmçinin logistika imkanlarının genişləndirilməsi istiqamətində mühüm işlərin aparıldığını görmək mümkündür. Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları birgə Bəyanatda da Zəngəzur dəhlizinin açılması məsələsi öz əksini tapıb. Bu layihənin reallaşdırılması uzun illər blokadada qalmış Naxçıvan Muxtar Respublikasını həmin vəziyyətdən çıxarmaqla yanaşı, xalqımızın tarixi ərazisi olan qədim Zəngəzura yenidən qayıdışını da təmin edəcək.

Hazırda Zəngilanla Naxçıvanı cəmi 40 kilometrlik Zəngəzur dəhlizi ayırır. Həmin nəqliyyat yolunun bərpası, özlüyündə Azərbaycana yeni iqtisadi dividendlər də qazandıracaq. Dəhliz, eyni zamanda Zəngilanı qədim torpağımız olan Qərbi Zəngəzurla, Naxçıvanla və Türkiyə ilə də birləşdirəcək. Lokal, regional və interkontinental müstəvidə çox böyük əhəmiyyətə malik olan bu layihə dəhlizin keçdiyi ölkələrdə inkişafı stimullaşdıracaq. Azərbaycanın cənub-qərb rayonları, Ermənistanın Sünik bölgəsi və Türkiyənin şərq vilayətlərinin də məhz Zəngəzur dəhlizi ilə biri-birinə bağlanması mümkündür. Sadaladığımız faktlar Zəngəzur dəhlizinin regionun iqtisadi yüksəlişinə töhfə verəcəyini bir daha təsdiqləyir. Bu gün regional siyasi konfiqurasiya çərçivəsində böyük önəm kəsb edən Zəngəzur dəhlizi Naxçıvan Muxtar Respublikası ilə alternativ keçid də yarada bilər. Əlavə olaraq, yolun Gürcüstandan yan keçən yeni istiqaməti onun regional müstəvidə əhəmiyyətini bir daha artırır. Son dövrlərdə Çinlə əməkdaşlığını genişləndirən ölkəmiz Zəngəzur dəhlizi ilə artan iqtisadi nəqliyyat şəbəkəsinə yeni bir alternativlik gətirəcək. Belə ki, bu dəhliz Çindən gələn məhsulların birbaşa Türkiyənin şərq vilayətlərinə, oradan da Aralıq dənizi və ya İstanbul boğazı vasitəsilə Avropaya daşınmasına şərait yaradacaq.

Yaxın gələcəkdə sözügedən yolun Şərq-Qərb nəqliyyat dəhlizinə inteqrasiyası da mümkündür. Bu, yolun Avropa və Asiya qitələri arasında önəmli ticarət marşrutu kimi potensialından xəbər verir. Zəngəzur dəhlizinin açılması siyasi, iqtisadi perspektivlərlə yanaşı, təhlükəsizlik baxımından da xüsusi əhəmiyyət kəsb edir. Çünki bu layihə Cənubi Qafqaz regionunda əməkdaşlıq mühitinin formalaşmasına münbit şərait yaradacaq, türk dünyasının birləşməsinə təkan verəcək. Bu yol Cənubi Qafqaz və Avropa qitəsi arasında ticarət əlaqələrini gücləndirəcək.

Xatırladaq ki, 44 günlük Vətən müharibəsi və ötən ilin sentyabrında keçirilən 23 saatlıq antiterror tədbirləri Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm addımlardan idi. Lakin Ermənistan tərəfinin sərgilədiyi destruktiv mövqe dəhlizin açılmasını ləngidir, problem sadəcə bununla da bitmir. Qərbin Zəngəzur dəhlizinin açılmasına qarşı dirəniş göstərməsi heç də təsadüfi deyil. Dəhlizin 43 kilometri Ermənistan ərazisindən keçir. Amma Qərb tərəfi Azərbaycanın Zəngəzur dəhlizinin açılmasına maraqlı olmasını işğal kimi təqdim edir. Şübhəsiz, bütün bu cəhdlər əbəsdir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Zəngəzur dəhlizinin açılması qaçılmazdır. Əksinə, Ermənistanın qərbyönümlü siyasətindən əl çəkib, region dövlətləri ilə münasibətlərini düzəltməsi məqsədəuyğundur. Hazırda iqtisadi durumu bərbad olan Ermənistan "gözündəki pərdəni qaldırsa" Zəngəzur dəhlizinin onun üçün faydasını görə bilər.

Nəzrin ELDARQIZI,

"Respublika".