Qarabağ və Şərqi Zəngəzur: üfüqlərə sığma yan, düşüncələri aşan böyük dirçəliş dövrü Çəkilən yollar hər iki bölgənin şah damarına çevrilir
İqtisadiyyat

Qarabağ və Şərqi Zəngəzur: üfüqlərə sığma yan, düşüncələri aşan böyük dirçəliş dövrü Çəkilən yollar hər iki bölgənin şah damarına çevrilir

Bəşər övladının ən böyük arzularından biri ev tikmək, yuva qurmaq, ocaq yandırmaq, firavan həyat yaşamaq olub. Təəssüf ki, ermənilər bu bəşəri hisslərdən məhrum olublar, onların kirli niyyəti ev yıxmaq, türk öldürmək, yandırmaq, dağıtmaq, terror, azərbaycanlılara qarşı deportasiya, etnik təmizləmə və vəhşilik olub.

Vətən müharibəsində Ermənistan hərbçiləri döyüş meydanında biabırçı şəkildə uduzanda Azərbaycanın dinc yaşayış məntəqələrini toplardan və raketlərdən atəşə tutaraq qanlı cinayət törətdilər, yüzlərlə insan həlak oldu, minlərlə ev dağıldı. Cəbhə xəttindən yüz kilometrlərlə uzaqda yerləşən Gəncə, Mingəçevir, Bərdə şəhərlərini bombalayan Ermənistan dinc azərbaycanlı əhaliyə qarşı hərbi cinayət törətdi. "Bəzəkli" Qərb, küçələrində polis tərəfindən dinc insanlar qətlə yetirilən ABŞ həmin vaxtlarda erməni vəhşiliyinə göz yumdular, cınqırları belə çıxmadı. Bütün bu ağrılara baxmayaraq, dövlətimizin başçısı tarixi qələbədən sonra düşmən ölkə ilə sülh müqaviləsinin imzalanması təşəbbüsünü irəli sürdü. Üç ildən artıqdır ki, Ermənistan bu humanist addıma cavab verə bilmir, tərəddüd edir, "ağa"larından məsləhət alır.

Görünən odur ki, Ermənistan müstəqil siyasət yürüdə bilmir. Dünyadakı erməni diasporu, kilsə, ermənipərəst qüvvələr bir tərəfdən, ABŞ, Fransa isə digər tərəfdən Ermənistana "ağıl"verir, "yol" göstərir. Əslində Ermənistan həmin dövlətlərin siyasi texnologiyalar laboratoriyalarında üzərində təcrübələr keçirilən lazımsız bir əşya yerinə qoyulub. Məşhur rus şairi Krılovun təmsilindəki kimi Ermənitanı kirli məqsədləri naminə bəzi dövlətlər özünə tərəf çəkməyə cəhd edirlər. Fərq göz qabağındadır, buna görə də Azərbaycanı yersiz və qərəzli şəkildə ittiham etməyə çalışan bəzi beynəlxalq təşkilatlar tarixi reallığı qəbul etməlidirlər. Əks halda, yel qayadan heç nə apara bilmir məsəli yada düşür. Azərbaycan isə işğaldan azad etdiyi ərazilərdə üfüqlərə sığmayan, düşüncələri aşan, həqiqətən heyrət doğuran böyük dirçəliş dövrünə başlayıb. Artıq keçmiş məcburi köçkünlərin yenidən qurulan şəhər və kəndlərdə məskunlaşması aparılır, ermənilərin törətdikləri xarabalıqların yerində müasir və modern yaşayış məskənləri salınır, məktəblər, xəstəxanalar tikilir, yollar çəkilir, hava limanları istifadəyə verilir.

Qələbədən dərhal sonra işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası və sonrakı mərhələlərdə dayanıqlı inkişafına nail olunması üçün önəmli strateji istiqamətlərdən biri bölgənin minalardan, partlamamış hərbi sursatlardan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsinə başlanıldı. Otuz ilə yaxın işğalda saxladığı əraziləri başdan-başa minalarla çirkləndirən Ermənistan üçtərəfli bəyanatdan sonra bəzi əraziləri boşaltmaq üçün möhlət aldığı müddət ərzində də torpaqlarımıza ölüm sursatları basdırmaqla öz çirkin niyyətindən əl çəkmədi. Ermənistandan fərqli olaraq, sülh gündəliyinin təşəbbüskarı olan, işğaldan azad edilmiş ərazilərimizdə iri miqyaslı bərpa quruculuq və nəqliyyat kommunikasiyalarının açılması üçün sürətlə iş aparan Azərbaycan bölgədə gərginliyin yaranmasında maraqlı deyil. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, ölkəmizə qarşı baş verə biləcək hər hansı təxribatın qarşısı qətiyyətlə alınacaq.

Tarixi qələbədən sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlətimizin başçısının tapşırığı ilə icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələri uğurla icra olunur. Artıq həmin layihələrin bir neçəsi uğurla başa çatdırılıb. Azərbaycanın əsas hədəfi Zəngəzur dəhlizinin açılmasıdır. Qələbə ilə başa çatan İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyannamə ilə Naxçıvana avtomobil və dəmir yolunun açılması barədə razılıq əldə olunub. Müharibədən sonra Azərbaycan dərhal öz ərazisindən Ermənistan sərhədinə qədər uzanan avtomobil və dəmir yollarının tikintisinə başladı. Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində dəmir və avtomobil yolunun tikinti işləri sürətlə davam edir. Ermənistan isə üzərinə götürdüyü öhdəliyin yerinə yetirilməsi üçün hələ də heç bir addım atmayıb. Yuxarıda qeyd etdiyimiz kimi, Ermənistan müstəqil qərar qəbul edə bilməyən, çatısı başqalarının əlində olan bir ölkədir. Azərbaycanın dövlət başçısı İlham Əliyevin çevik siyasi gedişləri və qətiyyətli diplomatiyası nəticəsində Ermənistanla olmasa da Azərbaycanı İran üzərindən Naxçıvana birləşdirəcək avtomobil və dəmir yollarının çəkilişi ilə bağlı Tehranla razılıq əldə olundu. Belə ki, iki ölkə arasında imzalanmış müqaviləyə uyğun olaraq, Araz çayı üzərində avtomobil və dəmir yolu körpüləri tikiləcək, İran üzərindən Naxçıvana daşınmalar təmin ediləcək. Yaxın zamanlarda Ermənistanla razılıq əldə olunarsa, Azərbaycanın həm bu ölkə, həm də İran vasitəsilə Naxçıvana iki nəqliyyat dəhlizi açılacaq.

Füzuli rayonunun Horadiz qəsəbəsindən Ermənistanla sərhədə, Zəngilan rayonunun Ağbənd kəndinə qədər uzanan Horadiz-Ağbənd dəmiryol xəttinin tikintisi uğurla aparılır və fərəhli haldır ki, bu nəhəg layihənin isra edilməsində qardaş Türkiyə şirkətləri də fəal iştirak edir. 2021-ci ilin fevral ayında ölkə Prezidenti İlham Əliyev tərəfindən təməli qoyulan Horadiz-Ağbənd dəmir yolu xəttinin ox üzrə uzunluğu 110,4 km təşkil edir. Layihə çərçivəsində 9 stansiyanın (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd), 3 ədəd tunel, 41 ədəd körpü, 3 ədəd qalereya, 7 ədəd yolötürücü və ümumilikdə isə 500-ə yaxın süni mühəndis qurğusunun tikintisi aparılır. Horadiz-Ağbənd xəttində layihənin 82 faizi, tikinti işlərinin 45 faizi yerinə yetirilib, 69.7 kilometr uzunluğunda relslər çəkilib. Hazırda magistralın 80 faizdən çoxunda tikinti işləri tamamlanıb. Naxçıvanın şimalında - Türkiyə, Ermənistan və İrana yaxın ərazidə yerləşən Ordubaddan Vəlidağ stansiyasına qədər olan 158 kilometrlik xəttin əsaslı şəkildə təmir olunması nəzərdə tutulur. Bundan başqa, Türkiyə və Azərbaycanın Qarsı Naxçıvanla birləşdirəcək dəmir yolu layihəsi üzrə işlərə bu il başlanılacaq.

Qeyd edək ki, 2023-cü il Qarabağda dəmir yolu infrastrukturunun qurulması baxımından da əlamətdar bir il olub. Məlum olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə dəmir yolu infrastrukturunun yenidən qurulması istiqamətində işlər davam etdirilir. Bərdə-Ağdam dəmiryolu xəttinin tikintisi şəhərin mərkəzinə çatdırılıb. Hazırda Bərdə, Təzəkənd və Köçərli stansiyalarında tikinti-quraşdırma işləri başa çatmaq üzrədir. Həmçinin dəmir yolu və avtovağzal kompleksinin yeni vahid nəqliyyat qovşağını əhatə edən layihələndirmə işləri yekunlaşıb. Bu il həmin kompleksin tikintisinə başlanılacaq. Qürur və iftixarla deyirik ki, Qarabağa və Şərqi Zəngəzura yeni bir həyat qayıdıb, quruculuq işləri hər iki bölgənin xoşbəxt gələcəyindən xəbər verir. Heç yerdən və heç kimdən kömək gözləmədən öz gücümüzlə, iradəmizlə misli görünməyən işlər həyata keçirilir, nəhəng layihələr icra olunur Uzunluğu 123.6 kilometr olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu (Zəngəzur dəhlizi) ən iri infrastruktur lahiyələrdən hesab olunur. Həmin yol boyunca 15 avtomobil körpüsü, 5 yolötürücü, 54 yeraltı keçidin inşası nəzərdə tutulub. Hazırda bu yolda 14 körpü, 3 yolötürücü, 38 yeraltı keçidin tikintisi aparılır. Sel-suların ötürülməsini təmin etmək məqsədilə layihə üzrə 306 dairəvi boru və 120 düzbucaqlı su keçidlərinin inşası başa çatıb. Kommunikasiya xətləri üçün nəzərdə tutulan 60 ehtiyat keçidin böyük əksəriyyətinin inşası bitib, 6 keçidin tikintisi isə davam edir. Hazırda avtomobil yolunun bəzi hissələrində torpaq işləri aparılır. Belə ki, yolun genişləndirilərək profilə salınması və birinci texniki dərəcəyə uyğun yeni torpaq yatağının inşası işləri, paralel olaraq asfalt örtüyünün tikintisi həyata keçirilir. Yolun tikintisi cari ildə başa çatdırılacaq. Bu yol Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir. Ən əsası isə Zəngəzur regionda nəqliyyat və enerji dəhlizinə çevrilir. İşğaldan azad edilən Şərqi Zəngəzurda aparılan genişmiqyaslı tikinti-quruculuq işləri hər birimizdə qürur hissi yaradır və inanırıq ki, yaxın gələcəkdə qədim yurd yerimiz olan Qərbi Zəngəzurun da taleyinə Günəş doğacaq.

Salman ALIOĞLU,

"Respublika".