Sosial həyat

"Zabit şərəfi" sənədli filminin təqdimatı

Sabirabad rayon Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və "Vətən Uğrunda Şəhid Ailələri və Milli Qəhrəmanlar" İctimai Birliyinin təşkilatçılığı ilə "Qəhrəman oğullarımızın tanıdılması üçün "Zabit şərəfi" sənədli filminin çəkilməsi" layihəsi çərçivəsində "Zabit şərəfi" sənədli filminin təqdimatı keçirildi.

Vətən müharibəsi şəhidləri mayor Şahlar Cəfərovun və mayor Anar Məmmədovun həyat yolundan bəhs edən filmin təqdimat mərasimində Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonda fəaliyyət göstərən müəssisə və təşkilatların əmək kollektivləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər və müharibə veteranları iştirak etdilər.

Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, hər iki şəhidin valideynləri Fəzail Cəfərov və Sevda Məmmədova çıxış edərək Vətən müharibəsi şəhidləri mayor Şahlar Cəfərovun və mayor Anar Məmmədovun şərəfli, hər bir gənc üçün örnək olan ömür yollarından, Azərbaycan Ordusunda nümunəvi hərbi xidmətlərindən, eləcə də Vətən müharibəsi cəbhələrində hərbi əməliyyatlar zamanı göstərdikləri qəhrəmanlıq, fədakarlıq, mərdlik və igidlik nümunələrindən söhbət açaraq, onların ölümlərindən sonra Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən xidmətlərinin yüksək qiymətləndirildiyini vurğuladılar.

Sonra "Zabit şərəfi" sənədli filmi tamaşçılara nümayiş olundu. Film tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı.

T.YADULLAOĞLU,

"Respublika".