Vətəndaş rifahı naminə atılan addımlar
Sosial həyat

Vətəndaş rifahı naminə atılan addımlar

Bu, ölkə iqtisadiyyatının dinamik inkişafının uğurlu nəticələrinin ifadəsidir

Prezident İlham Əliyevin sosial siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayanır və bu amil ölkəmizdə dayanıqlı iqtisadi inkişafın nəticələrinin, əldə olunan iqtisadi dividendlərin ilk növbədə əhalinin güzəranının yüksəldilməsinə yönəldilməsi, sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində ardıcıl olaraq mühüm addımların atılmasında real ifadəsini tapır. Dövlət başçısının tapşırıqları əsasında həyata keçirilən köklü islahatlar, imzalanan fərman və sərəncamlar ölkənin sosial inkişafı istiqamətində mühüm irəliləyişləri təmin edib.

Prezident İlham Əliyevin uğurlu sosialyönümlü siyasəti nəticəsində ölkədə dinamik iqtisadi inkişafla paralel olaraq sosial sahənin bütün istiqamətlərində mühüm addımların atılmasına, o cümlədən pensiya təminatının ildən-ilə gücləndirilməsinə nail olunub. Dövlət başçısı sosial islahatlardan bəhs edərkən bildirib: "Azərbaycan xalqı ildən-ilə daha yaxşı yaşamalıdır. Bizim artan iqtisadi gücümüz ölkəmizin güclənməsinə, ilk növbədə, xalqımızın rifah halının yaxşılaşmasına yönəlməlidir və biz bunu edirik. Ona görə sosial sahədə görülmüş bu işlər bir daha bizim siyasətimizi əks etdirir, bizim gücümüzü göstərir və bundan sonra da bu sahə daim diqqət mərkəzində olacaqdır".

Prezident İlham Əliyevin yeni Fərman və sərəncamları ilə son 5 ildə ölkəmizdə artıq dördüncü sosial islahat paketi reallaşdırılaraq əməkhaqqı, müavinət və təqaüdlərin növbəti dəfə artırılması təmin olunur. Qeyd edək ki, 2019-cu ilin sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacağını bəyan edən Prezidentin təqdim etdiyi sosial paket bu siyasətin yüksək səviyyədə reallaşmasını, ölkədə sosial inkişaf, sosial rifahın yüksəldilməsi istiqamətində bir-birinin ardınca inqilabi xarakterli addımların atılmasını təmin edib. Dövlət başçısının təqdim etdiyi birinci sosial islahatlar paketi nəticəsində minimum əməkhaqqı 40 faizədək artırılaraq 130 manatdan 180, pensiyanın minimum məbləği isə 40 faizədək artırılaraq 116 manatdan 160 manata çatdırılıb. Həmin artımlardan 830 min insan yararlanıb. Həmçinin, 14 kateqoriyaya aid şəxslər üzrə sosial müavinətlər, 9 kateqoriyaya aid şəxslər üzrə isə Prezidentin aylıq təqaüdlərinin məbləği orta hesabla 100 faiz artırılıb. Sosial təminat sisteminin əhatə dairəsi daha da genişləndirilib, 2 yeni təqaüd növü təsis olunub. Sayı 80 minədək olan müharibə veteranlarına aylıq təqaüdlər təsis olunub. Sosial müavinət və təqaüd artımları, təsis olunan yeni təqaüdlər 300 min əlilliyi olan şəxslər də daxil olmaqla 600 minədək vətəndaşın rifahını yaxşılaşdırıb.

Dövlət başçısının Sərəncamı ilə ikinci sosial paketi əhatə edən 18 iyun 2019-cu il tarixli sərəncamları, minimum pensiyanın artırılması üçün yeni qanunvericilik təşəbbüsü isə əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində inqilabi addımların ardıcıl xarakter aldığını göstərir. Qeyd etdiyimiz kimi, ikinci sosial paket çərçivəsində minimum pensiyanın artımı 660 min vətəndaşın pensiyasının, dövlət sektorunda əməkhaqqı artımı isə xüsusi şərtlərlə pensiya təyinatı aparılanlardan ibarət 94 min nəfərin pensiyasının artmasına imkan verib. Ümumilikdə, həm minimum pensiyanın artımı, həm də dövlət sektorunda əməkhaqlarının artımı 750 min pensiyaçını əhatə edib. Nəticə etibarilə iyun ayında həyata keçirilən sosial islahat paketi 2,1 milyon vətəndaşın əməkhaqqı və pensiya formasında gəlirlərinin ciddi şəkildə artımına imkan verir. Bu artım üzrə dövlətin əlavə maliyyə yükü 2 milyard manatdır. Prezident İlham Əliyevin sosial siyasətinin davamı kimi həyata keçirilən və əhalinin rifah halının yaxşılaşdırılması, vətəndaş rifahı naminə inqilabi addımların atılmasını təmin edən iki mühüm sosial islahat paketi 4 milyon 200 min vətəndaşı əhatə edib.

Üçüncü sosial islahat paketi 3 milyon 400 min vətəndaşımızı əhatə edib. Prezidentin 2021-ci ildə imzaladığı "Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında" Sərəncamı bu sahədə islahatların uğurla davam etdirilməsinə real imkan yaratdı və islahatların növbəti mərhələsi reallaşdı. İllik əlavə 1,5 milyard manat vəsaiti nəzərdə tutan islahatlar paketi 2,1 milyon insanı əhatə etdi. Həmin ildə pensiyaların orta aylıq məbləği 9 faiz artaraq 331 manata, yaşa görə pensiyaların orta aylıq məbləği 8 faiz artaraq 358 manata çatdı. Bu paket çərçivəsində əməkhaqqı seqmenti üzrə 1 milyon 200 min vətəndaşımıza əlavə olaraq 1 milyard 100 milyon manat məbləğində əməkhaqqı artımları edildi. Həm də minimum əməkhaqqı 20 faiz artırılaraq 300 manata çatdırıldı. Eyni zamanda, bir çox sektorda çalışanların əməkhaqları ciddi şəkildə artırıldı. Əlavə olaraq, sosial ödənişlər seqmenti isə 2 milyon 300 min vətəndaşımızı əhatə etdi və minimum pensiya 20 faiz artırılaraq 240 manata çatdırıldı. Orta pensiya 11 faiz artaraq 364 manata, yaşa görə pensiya 395 manata çatdırıldı. Sosial müavinətlər 34 faiz, Azərbaycan Respublikası Prezidentinin təqaüdləri isə 26 faiz artırıldı.

Prezidentin 5 yanvar 2023-cü il tarixli Sərəncamı da əhalinin rifahının qorunması sahəsində ardıcıl, sistemli tədbirlərin davamıdır. Belə ki, yalnız son beş ildə vətəndaş rifahının təminatı istiqamətində artıq 4-cü sosial islahat paketinin icrasına başlanılıb. Sərəncamla minimum aylıq əməkhaqqı 2023-cü il yanvarın 1-dən 15 faiz artırılaraq 300 manatdan 345 manata çatdırılıb. Bununla da, minimum əməkhaqqının artırılması nəticəsində vahid tarif cədvəlinin bütün pillələri - 19 pillə üzrə əməkhaqları da artırılıb. Bura dövlət büdcəsindən maliyyələşdirilən sosial, elm, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışanlar daxildir. Eyni zamanda, əməkhaqqı artımı 700 min işçini əhatə edir. Onlardan 450 mini dövlət, qalan hissəsi özəl sektorda çalışanlardır. Son 4 ildə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin müavinəti 2.5 dəfə, ümumi səbəbdən əlilliyi olan şəxslərin və yaşa görə müavinət alanların müavinətinin məbləği 3 dəfə artıb. Digər müavinətlərin məbləği də nəzərəçarpacaq dərəcədə yüksəlib. Bütün bunlar Azərbaycanda insanların sosial rifahının dövlət siyasətinin mərkəzində dayandığını əks etdirir. Minimum aylıq pensiyanın 280 manata çatdırılması 100 minədək şəxsin pensiyasının artmasına imkan verəcək. Onu da qeyd etmək lazımdır ki, ötən il pensiyaçılara əlavə dəstək olaraq verilən maddi yardımlar bu ilin əvvəlindən pensiyaların tərkibinə daxil edilib və növbəti mərhələ kimi bütün pensiyalar 2023-cü ilin əvvəlindən indeksləşdirilərək artırılıb. Bu il pensiya ödənişlərinə 5 milyard 907 milyon manat yönəldilməsi nəzərdə tutulur ki, bu da 2022-ci ilə nisbətən 650 milyon manat çoxdur. Bir sözlə, builki yeni sosial islahat paketi çərçivəsində sosial ödənişlərdə növbəti artımlar üçün əlavə 750 milyon manat vəsait nəzərdə tutulub. Həmin artımlar 1,9 milyon vətəndaşı əhatə edəcək. Ümumilikdə isə 2023-cü ilin dövlət büdcəsi xərclərinin 46 faizi sosialyönümlü xərclər kimi müəyyən olunub.

Yeni qanunla bu ilin əvvəlindən pensiya artımı sahəsində vahid indeksasiya metoduna keçilməsi indeksləşdirmə əsasında pensiya artımının ilk dəfə olaraq bütün növ pensiyalara şamil olunmasına imkan verib. Prezident İlham Əliyevin "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" 10 fevral 2023-cü il tarixli Sərəncamı pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan ardıcıl addımların davamı, pensiyaçıların rifahının təminatına yönələn növbəti dəstəkdir. Sərəncamla 2023-cü il 1 yanvar tarixinədək təyin edilmiş pensiyalar Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, 2022-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 14,7 faiz indeksləşdirilməklə bu ilin 1 yanvar tarixindən artırılır. Yanvar ayının artımı fevral ayının pensiyası ilə birgə veriləcək. Ümumilikdə, bir milyondan çox pensiyaçını əhatə edən bu yeni artımlar üçün illik əlavə olaraq 728 milyon manat xərclənəcək. Hazırkı artım həm ümumi əsaslarla pensiya təyin olunmuş, həm də qulluq stajına görə əlavə alan pensiyaçılara şamil olunacaqdır. Növbəti illərdə də bütün növ pensiyaların indeksasiya metodu ilə artırılması davam etdiriləcək.

Azərbaycanın sosial sahəyə çox böyük diqqət göstərən ölkə olduğunu  dəfələrlə qeyd edən Prezident İlham Əliyev demişdir: "Biz ölkəmizdə bazar iqtisadiyyatı prinsiplərini sosial ədalət prinsipləri ilə birləşdirə bildik və hesab edirəm ki, Azərbaycanın uğurlu inkişafı məhz buna söykənir". Bunun nəticəsidir ki, Azərbaycan hazırda güclü iqtisadiyyata, güclü orduya, dünya birliyində güclü mövqeyə sahib olmaqla yanaşı, güclü sosial siyasətə malik olan bir ölkəyə çevrilib. Aparılan siyasətin mərkəzində isə Azərbaycan vətəndaşı, vətəndaş rifahının təminatı prinsipi dayanır və bu prinsip iqtisadi dividendlərin ilk növbədə əhalinin rifahına yönəldilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl addımların atılması ilə təsdiqini tapır.

Mustafa KAMAL,

"Respublika".