ZƏRƏRLİ VƏRDİŞLƏRƏ QARŞI BİRGƏ MÜBARİZƏ APARILMALIDIR
Sosial həyat

ZƏRƏRLİ VƏRDİŞLƏRƏ QARŞI BİRGƏ MÜBARİZƏ APARILMALIDIR

Narkomaniya əsrin bəlasıdır. Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq dünyanı narahat edən əsas problemlərdən biridir. "Ağ ölüm"ün vurduğu ziyanın həcmi praktiki olaraq çox böyükdür, bu həm narkotik istifadəçisinin şəxsiyyətinin deqradasiyasına, həm də müxtəlif cinayətlərin törədilməsinə, cəmiyyətin maddi-texniki və intellektual potensialının aşağı düşməsinə və digər mənfi hallara gətirib çıxarır. Problemin ciddiliyini nəzərə alaraq dünya dövlətləri narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üsullarını daha da təkmilləşdirir, beynəlxalq səviyyədə nəzarət sisteminin tətbiqini genişləndirirlər.

Ölkəmizdə də narkotizmə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyənləşdirilib. Bu sahədə lazımi normativ-hüquqi baza, müvafiq təşkilati strukturlar yaradılıb. Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlığın qarşısının alınması məqsədilə Dövlət proqramları hazırlanıb həyata keçirilir.

26 avqust 1996-cı il tarixdə müdrik rəhbər, ümummilli lider Heydər Əliyev "Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında" Fərman imzalamışdır. Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək, bu sahədə dövlət orqanlarının və ictimai birliklərin fəaliyyətini əlaqələndirmək məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmış, narkotiklərin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində dövlətin strateji kursunun əsasları müəyyən edilmişdir.

Fərmanda qarşıya qoyulmuş vəzifələrə uyğun olaraq narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizə sahəsində bir sıra təşkilati-hüquqi, institusional və əməli praktiki tədbirlər həyata keçirilmiş, narkotiklərlə mübarizə üzrə beynəlxalq təşəbbüslərdə iştirak intensiv xarakter almışdır. Ölkəmiz beynəlxalq birliyin səylərini dəstəkləyərək, Birləşmiş Millətlər Təşkilatının müvafiq konvensiyalarına qoşulmuşdur. Bu sahədə beynəlxalq standartlara uyğun normativ-hüquqi bazanın yaradılması və təkmilləşdirilməsi istiqamətində xeyli iş görülmüşdür.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlıq problemlərinin həlli istiqamətində dövlətin, qeyri-hökumət təşkilatlarının və cəmiyyətin səyləri birləşdirilib. Müvafiq qurumlar tərəfindən antinarkotik təbliğata xüsusi önəm verilir, maarifləndirmə işinin əhatəsi genişləndirilir. Beynəlxalq əlaqələr davamlı olaraq artır, intensiv, kompleks mübarizə tədbirləri görülür.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə 2000, 2007, 2013-cü illərdə Dövlət proqramları qəbul edilmiş və uğurla həyata keçirilmişdir. Eyni zamanda 2000-ci ildən etibarən respublikanın bütün şəhər, rayon icra hakimiyyətlərində narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyalar fəaliyyət göstərir.

Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı" təsdiq edilmişdir. Proqramda narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğatı, müasir informasiya texnologiyalarının imkanlarından istifadə olunmaqla narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicəsi və reabilitasiyası istiqamətində müasir texnologiyaların və yeni üsulların tətbiqi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və digər genişmiqyaslı tədbirlər nəzərdə tutulmuşdur.

Ölkə başçısı İlham Əliyevin yorulmaz səyləri nəticəsində respublikamızda ictimai-siyasi sabitlik etibarlı şəkildə qorunur, kriminogen duruma ciddi nəzarət olunur. Prezidentin narkotizmin hər cür təzahürlərinə qarşı prinsipial və barışmaz mövqeyi, narkomaniya ilə mübarizənin dövlət və ümummilli siyasət səviyyəsinə qaldırılması, narkomanlığın profilaktikasına ciddi əhəmiyyət verilməsi ümumbəşəri fəlakətin ölkəmizdə yayılmasının qarşısının alınmasında, əsrin bəlası ilə mübarizənin səmərəliliyinin artırılmasında çox mühüm rol oynayır. Həyata keçirilən qətiyyətli tədbirlər nəticəsində son illər bu sahədə mühüm uğurlar əldə olunub.

Ölkəmizin hüquq-mühafizə, gömrük, sərhəd orqanları tərəfindən müasir İKT-nin imkanlarından istifadə etməklə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə işi gücləndirilmiş, müxtəlif marşrutlarla narkotiklərin qaçaqmalçılıq yolu ilə daşınması hallarının aşkarlanması üzrə bir sıra qabaqlayıcı profilaktik və əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş və cinayətkarlardan külli miqdarda güclü təsirə malik narkotik vasitələr müsadirə olunmuşdur.

BMT-nin müvafiq Konvensiyasına daxil olan ölkələrin "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında" Bəyannaməsinə əsasən hər il 26 iyun narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı Ümumdünya Mübarizə Günü kimi qeyd olunur. Bu dəhşətli bəlaya qarşı mübarizədə Azərbaycan bir sıra dövlətlər və beynəlxalq qurumlarla sıx əməkdaşlıq edir. Bu mövzuda Bakıda beynəlxalq konfranslar keçirilir, ayrı-ayrı dövlətlərin əldə etdiyi müsbət nəticələr, ümumbəşəri problemlə mübarizə üsulları və narkomanlığın müalicə metodlarının təkmilləşdirilməsi barədə geniş fikir mübadiləsi aparılır.

Bakıda "Böyük İpək Yolu dövlətlərində nar

kotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə" mövzusunda keçirilmiş beynəlxalq konfransın iştirakçılarına Azərbaycan Prezidenti İlham Əliyevin müraciətində deyilir: "Coğrafi mövqeyindən, ictimai-siyasi quruluşundan, inkişaf səviyyəsindən, iqtisadi vəziyyətindən, mədəni və tarixi əlaqələrindən asılı olmayaraq elə bir ölkə yoxdur ki, dövrümüzün qlobal problemlərindən biri olan narkotiklərin qanunsuz dövriyyəsi ilə qarşılaşmasın. Bu, bir daha göstərir ki, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin səmərəliliyi üçün birgə səylərlə ciddi, kəskin, barışmaz və ardıcıl tədbirlərin həyata keçirilməsi olduqca zəruridir".

Narkotik asılılıq əhalinin müxtəlif yaş qrupları arasında geniş yayılmışdır. Yeniyetmələrin və gənclərin bu cür zərərli vərdişlərdən uzaq olmasına diqqət daha da artırılmalıdır. Narkomaniyanın profilaktikası ailə və məktəbdən başlanmalıdır. Orta və ali təhsil müəssisələrində azyaşlılar, yeniyetmələr və gənclər arasında narkomaniyanın fəsadları barədə aydın, başa düşüləcək tərzdə söhbətlər aparılmalı, videoçarxlar nümayiş olunmalıdır.

Narkomaniyaya qarşı mübarizə ardıcıl, sistematik olmalı və kütləvi xarakter daşımalıdır. Müasir informasiya texnologiyalarının imkanları nəzərə alınmaqla sağlam həyat tərzinin təbliği, narkomanlığın cəmiyyətə və insan sağlamlığına zərəri ilə bağlı sosial maarifləndirmə işinin daha da genişləndirilməsi, narkotiklərin törətdiyi cinayətlər haqqında ictimaiyyətin mütəmadi məlumatlandırılmasına ehtiyac vardır.

Lənkəran Hərbi Prokurorluğunun kollektivi də müvafiq dövlət qurumları ilə birlikdə Silahlı Qüvvələrdə qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsinə, cinayətkarlığa, digər qanunazidd əməllərə, o cümlədən narkomaniya kimi ümumbəşəri bəlaya qarşı barışmaz mövqe tutaraq qətiyyətli mübarizə aparır, qarşıya qoyulan məqsədlərə tam nail olmaq üçün səylərini əsirgəmir.

Xudabənd ƏZİMLİ,

Lənkəran Hərbi Prokurorluğunun böyük müstəntiqi, ədliyyə baş leytenantı.