Yerli şirkətlərin tanıtım sərgisində məşğulluq xidmətləri də təqdim edilir
Digər xəbərlər

Yerli şirkətlərin tanıtım sərgisində məşğulluq xidmətləri də təqdim edilir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və "Marsol Group"un birgə təşkilatçılığı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi və "Kapital Bank"ın rəsmi tərəfdaşlığı ilə "5-ci yerli şirkətlərin tanıtım sərgisi" öz işinə başlayıb.

"Bakı Ekspo Mərkəzi"ndə keçirilən sərgidə qida, İKT, təhsil, inşaat, sənaye, kənd təsərrüfatı, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 200-ə yaxın yerli şirkətin məhsul və xidmətləri nümayiş olunur. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, hər il olduğu kimi, budəfəki sərgidə də Dövlət Məşğulluq Agentliyi ayrıca stend ilə təmsil olunur. Üç gün davam edəcək sərgi çərçivəsində əmək yarmarkaları da təşkil olunur. Həmçinin müraciət edən şəxslərə Agentliyin karyera məsləhətçiləri tərəfindən peşəyönümü məsləhət xidmətləri göstərilir. Eyni zamanda işəgötürənlərə onların fəaliyyətlərinin dəstəklənməsinə yönəlmiş xidmətlər barədə məlumat verilir.

Sərgidə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində müxtəlif istiqamətlər üzrə təlimlərə cəlb edilmiş əlilliyi olan şəxslərin əl işləri də nümayiş etdirilir.

M.KAMAL,

"Respublika".