Sabahdan DİM-də imtahan protokolları və materiallarının emalına başlanılacaq
Elm və təhsil

Sabahdan DİM-də imtahan protokolları və materiallarının emalına başlanılacaq

Mayın 26-da Dövlət İmtahan Mərkəzi (DİM) respublikasının 22 şəhər və rayonunda ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə imtahan keçirib.

DİM-dən "Respublika"ya bildirilib ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 200 imtahan binası, 3644 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 200 ümumi imtahan rəhbəri, 594 imtahan rəhbəri, 4539 nəzarətçi, 646 buraxılış rejimi əməkdaşı, 200 bina nümayəndəsi cəlb olunub.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İlkin məlumatlara əsasən, 5 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub. Üzərində mobil telefon tutulduğu üçün imtahandan xaric olunanların müsabiqə nəticələri ləğv olunur və onlar qəbul imtahanının ikinci cəhdinə də buraxılmırlar.

Bugünkü imtahanda 48978 abituriyentin iştirakı nəzərdə tutulurdu. İmtahanda 64 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edib. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb.

Mayın 27-dən etibarən DİM-də imtahan protokolları və materiallarının emalına başlanılacaq.

İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.