Ölkəmizin çoxşaxəli nəqliyyat-logistika infrastrukturu
İqtisadiyyat

Ölkəmizin çoxşaxəli nəqliyyat-logistika infrastrukturu

İkinci Qarabağ müharibəsində düşmən üzərində misilsiz qələbə qazanan Azərbaycan Cənubi Qafqazda siyasi reallığı tamamilə dəyişdi. Regionda iqtisadi, hərbi üstünlüyə malik ölkəmiz siyasi qüdrətini daha da artırdı. Xalqın 30 illik Qarabağ həsrəti bitdi və dədə-baba yurdlarına qayıdış prosesinə start verildi. Uğurlu siyasət nəticəsində bölgədə bərpa-quruculuq prosesinə başlandı.

İqtisadi inkişaf üçün yol-nəqliyyat infrastrukturu olduqca vacib məsələlərdən biridir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin təşəbbüsü ilə Qarabağ ərazisində tikinti-quruculuq işləri, yenidənqurma, layihələri icra olunmaqdadır, bu da sözügedən bölgədə həyatın yenidən canlanmasına əvəzsiz töhfələr verir. Regional inkişaf proqramlarının icrası istiqamətində yol xəritəsi planlarının düzgün və sürətli həyata keçirilməsi  məqsədilə xaricdən dəvət olunan mütəxəssislər, yerli mühəndislər mühüm logistik layihələri səmərəli və dəqiq yerinə yetirir. Qarabağdakı hərtərəfli nəqliyyat infrastrukturunun mövcudluğu nəinki ölkənin iqtisadi potensialı üçün böyük imkanlar açır, eləcə də region dövlətlərinin, həmçinin beynəlxalq müstəvidə Azərbaycanla ticari və mədəni əlaqələri olan ölkələrin də maraq dairəsindədir. Mühüm tranzit yollarının məkanı olan Azərbaycanın ərazi bütövlüyünün bərpası bir sıra beynəlxalq layihələrin reallaşdırılmasına böyük fürsət yaradıb.

2021-ci ildə Prezident İlham Əliyevin sərəncamına əsasən Qarabağ ətrafı rayonlar  vahid iqtisadi-coğrafi rayonun tərkibində birləşdirilib və bura Şərqi  Zəngəzur adının verilməsi də təsadüfi deyil. Qədim Azərbaycan toponimi olan və hazırda Ermənistan Respublikasının sərhədləri çərçivəsində yerləşən böyük Zəngəzur mahalı coğrafi baxımdan  strateji əhəmiyyət daşıyır. Müharibədən sonra Azərbaycanla Naxçıvan Muxtar Respublikasını birləşdirən və tarixi önəmi olan Zəngəzur dəhlizi  layihəsinin icrasına dərhal başlanıldı. Zəfər yolunun inşası düşmən üzərində qazanılmış və özündə dərin tarixi-siyasi məqamları əks etdirən şanlı qələbənin bariz nümunəsidir. Dağıdılmış, viran edilmiş ərazilərdə həyatın yenidən canlandırılması, yaşayış və dövlət əhəmiyyətli obyektlərin bərpa edilməsi həm yerli, həm də xarici medianın gözü önündə baş verir. Rayonlara, şəhərlərə birbaşa çıxış imkanı yaradan əsas yolların çəkilməsi Qarabağda bərpa-quruculuq işlərinin əsas mahiyyətini özündə ehtiva edir. O cümlədən rəşadətli ordumuz tərəfindən işğaldan azad edilən şəhər mərkəzli bölgələrdə beynəlxalq hava limanlarının inşası həm paytaxt Bakı, həm də digər xarici dövlətlərlə iqtisadi mübadilələrin aparılması üçün vacib addımlardandır. Modern texnoloji avadanlıqlarla, standartlara cavab verən qurğular vasitəsilə həyata keçirilən quru yolların çəkilməsi, aviasiya məqsədli layihələrin reallaşdırılması Azərbaycanla yanaşı, başqa dövlətlərin də əməkdaşlıq maraqlarına tam uyğundur. Etibarlı tərəfdaş statusunu qazanan ölkəmiz beynəlxalq səviyyədə səmərəli münasibətlərin yaradılmasında istər iqtisadi, istər siyasi, istərsə də hərbi əməkdaşlığa daim açıq olmuşdur. Ölkə başçısının istənilən sahədə yürütdüyü məqsədyönlü siyasət bunu deməyə imkan verir. Bu strateji xəttin ideya banisi ulu öndərimiz Heydər Əliyevin  "Yol - iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir", - fikrini rəhbər tutaraq dövlət başçısı Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Çoxşaxəli iqtisadi inkişafda yol amili aparıcı rol oynadığından bu istiqamətdə böyük yatırımlar edilir. Yerli əhəmiyyətli - rayonlararası, habelə şəhərdaxili magistral avtomobil yollarının təmiri və yenidənqurma işləri yüklərin daşınması, vətəndaşların təhlükəsiz gediş-gəlişi üçün önəm daşıyır. Qarabağdakı irimiqyaslı layihələrin icrası Azərbaycanı cənub qonşumuz İranın asılılığından azad edir və büdcə gəlirlərinin artımını stimullaşdırır. Digər dövlətlərin də bu və ya başqa istiqamətlərdə investisiya proqramlarında iştirak etməsi ölkəmizin lokal və regional yol infrastrukturunu olduqca aktual edir.

İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Prezident İlham Əliyev düşmən təcavüzündən azad olunmuş rayonların sosial-iqtisadi inkişaf planının tərtib edilməsi üçün müəyyən tapşırıqlar vermişdir. Zəfər yolunun inşasına 2020-ci ilin noyabr ayında başlandı. Uzunluğu 101,5 km olan yolun istifadəyə verilməsi 2021-ci ilin noyabr ayına təsadüf etdi. Qısa müddət ərzində bu uğura nail olmaq Qarabağdakı proqressiv addımların sürətindən xəbər verir. Çətin relyefi olan, Qarabağın şimal hissəsini əhatə edən və Murovdağ silsiləsinin ətəklərindən çəkilən digər yol 2020-ci ildə tikintisinə başlanan Tərtər-Çaylı-Suqovuşan-Talış avtomobil magistralı oldu.

Zəngəzur dəhlizinin vacib hissəsini təşkil edən Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunun inşası isə artıq başa çatmaq üzrədir. Magistralın uzunluğu 123,6 km təşkil edir. Qarabağdakı rayonlararası yol xətləri də demək olar ki, bərpa olunub. Əsas xətlərlə müqayisədə alternativ xarakter daşıyan bu yollardan biri Hadrut-Cəbrayıl-Şükürbəyli magistralıdır. Ümumi uzunluğu 39,7 km olan yol Cəbrayıl, Xocavənd, Füzuli şəhərlərini əhatə edəcək.

Bununla yanaşı, Ağdam ilə Bərdəni, Füzuli şəhəri ilə Hadrutu, Kəlbəcər və Laçın rayonlarını birləşdirən genişzolaqlı yol proyektlərinin böyük hissəsi artıq istismara verilmişdir. Qarabağın cənub  qərbi ilə uzanan, uzunluğu 70,4 km olan Xudafərin-Qubadlı-Laçın magistral yolu cari ildə nəzərdə tutulan layihələrdən olmuşdur.

Zəfər yolunun Füzuli və Şuşa şəhərlərinə aid hissəsinin təməlqoyma mərasimində Prezident İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva şəxsən iştirak etmiş və yolun inşasının başa çatdırılması 2023-cü ilə planlaşdırılmışdır. Sözügedən layihəyə uyğun olaraq 2020-ci il noyabr ayının 17-də Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa magistralının layihələndirilməsi və inşası ilə əlaqədar tədbirlər planı haqqında Sərəncam imzalamışdır. Sənədə müvafiq olaraq ümumi uzunluğu 101,5 km olan Əhmədbəyli - Füzuli-Şuşa avtomobil yolu üçün 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 50 milyon manat ayrılmışdır. Qarşıdakı illərdə də icrası planlaşdırılan mühüm yol infrastrukturları üçün kifayət qədər maliyyə məbləği ayrılıb.

Quru avtomobil xətləri ilə yanaşı, hava məkanında da mühüm işlər həyata keçirilməkdədir. Qarabağdakı logistika infrastrukturun əsasını təşkil edən beynəlxalq hava limanlarının tikintisi olduqca əhəmiyyətlidir. Zəngilanda, Füzulidə tikilən, Laçında tikintisi davam edən aeroportların inşası daxili və beynəlxalq yükdaşımalar üçün olduqca əlverişlidir.  Ölkəmizin sənaye potensialını da nəzərə alsaq, sənaye məhsullarının Qarabağa idxal və ya ölkədən ixrac olunması çəkilən xərcləri böyük ölçüdə azaldacaq. Zəngilan Hava Limanının əhəmiyyəti xüsusi qeyd olunmalıdır.

Ümumiyyətlə, Qarabağda logistikanın davamlı inkişafı turizm sektoruna da müsbət təsir göstərəcək. Burada gedən işlər, o cümlədən Qarabağın əsrarəngiz təbiəti yerli əhali ilə yanaşı, xarici medianın və turistlərin də diqqətindən yayınmır. Nəzərə alsaq ki, bölgənin təbii imkanları genişdir və tarix-memarlıq abidələri baxımından zəngindir. Bu gözəllik əcnəbi qonaqların marağını indidən cəlb edir. Kompleks addımlar ölkəyə maliyyə axınını sürətlədirəcək və yaxın gələcəkdə Qarabağı regional turizm mərkəzinə çevirəcək.

Əlbəttə, biz, bu uğurları dövlətimizin ərazi bütövlüyünün bərpa olunması fonunda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli addımları və uzaqgörən siyasəti hesabına əldə edirik. Azərbaycan tarixinin qalib sərkərdəsi kimi yaddaşlara yazılan dövlət başçımız ümummilli lider Heydər Əliyevin milli ideyalarını məsuliyyətlə və layiqincə yerinə yetirir. "Nəyi, necə və nə vaxt" edəcəyini dəqiqliklə bilən ölkənin ali rəhbərinin qeyd etdiyi kimi, Qarabağ probleminin öz həllini tapmasını biz şərəfli şəhidlik məqamına ucalan igid oğullarımıza və qazilərimizə borcluyuq.

Fuad QARAYEV,

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistrantı.