Vəzifəli şəxslərə hədə-qorxu gələrək pul vəsaitlərini ələ keçirən şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib
Digər xəbərlər

Vəzifəli şəxslərə hədə-qorxu gələrək pul vəsaitlərini ələ keçirən şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

"Cəmiyyət İnformasiya Agentliyi" MMC-nin təsisçisi Asəf Novruzovun və faktiki redaktor vəzifələrini icra edən Məhsud Səfərovun qanunsuz əməlləri ilə əlaqədar həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aparılmış əməliyyat-istintaq tədbirləri ilə Asəf Novruzov və Məhsud Səfərovun qabaqcadan əlbir olaraq ayrı-ayrı vaxtlarda müxtəlif vəzifəli şəxslərin barələrində həqiqəti əks etdirməyən rüsvayedici məlumatların fəaliyyət göstərdikləri informasiya resurslarında dərc ediləcəyi ilə bağlı hədələnməsi yolu ilə onlardan ümumilikdə 2900 manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb etməklə almalarına əsaslı şübhələr müəyyən olunub.

İbtidai istintaq zamanı Asəf Novruzov və Məhsud Səfərova Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə- təkrar törədildikdə) maddələri ilə ittiham elan edilib və barələrində həbs qətimkan tədbiri seçilib. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Baş Prokurorluq bu qəbildən olan qanunazidd hallarla üzləşən şəxslərə Baş Prokurorluğun 961 nömrəli "Çağrı Mərkəzi"nə və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin "161-Qaynar xətt" əlaqə mərkəzinə, eləcə də sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verilməsini tövsiyə edir.

AZƏRTAC