Soyuqbulaq kəndi üçün darıxıram...
Digər xəbərlər

Soyuqbulaq kəndi üçün darıxıram...

XX əsrin bəlası - Deportasiya

Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti xalqımızı ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qoymuşdur. Mərhələ-mərhələ gerçəkləşdirilən qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan  ərazilərdən, min illər boyu yaşadıqları doğma tarixi-etnik torpaqlarından  didərgin salınmış,  minlərlə tarixi-mədəni abidə və yaşayış məskənlərimiz dağılıb viran edilmişdir.

1813-1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri  Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Bu milli faciənin davamı kimi torpaqlarımızın zəbti başlandı. Qısa müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin kütləvi surətdə Qərbi Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi.

XVIII-XX əsrlərdə Qərbi Azərbaycana qarşı Rusiya və onun Qafqazdakı əlaltısı Ermənistan tərəfindən aparılmış işğal siyasəti nəticəsində dəhşətli talanlar edilmiş, soydaşlarımız  kütləvi surətdə öldürülmüşdür.

Qərbi Azərbaycana ermənilərin gəlməsi ilə oğuz ellərində qanlı hadisələr başlanmış, ruslar xaç qardaşlarına həmişə yardım əli uzatmış, onlara istədikləri qədər silah-sursat vermişlər. Terror, şantaj, separatçılıq yolunu seçmiş ermənilər və onların faşist ideyalı Daşnaksütyun partiyası azərbaycanlı əhalinin faciəsi hesabına öz mənfur məqsədlərinə nail olmuşlar.

Ermənilər Birinci Dünya müharibəsi dövründə fəallaşdılar. Daşnaksütyun partiyası tərəfindən 1912-ci ildə yaradılmış "Erməni milli bürosu" müharibə dövründə ermənilərin Rusiya tərəfindən çıxış etməsi üçün geniş kampaniya başlatdı. Erməni daşnakları 1918-ci ildə hərtərəfli hazırlığı olan nizami ordu ilə Qərbi Azərbaycandakı soydaşlarımızın üzərinə hücuma keçdilər. Bu işin təşkilatçısı erməni şovinist, qatı millətçi, Leninin yaxın silahdaşı Stepan Şaumyan idi. Zəngəzurda, İrəvanda, Vedidə, Dərəçiçəkdə, Ağbabada, Göyçədə və digər  ərazilərdə ermənilər müsəlmanlara qarşı analoqu olmayan vəhşiliklər törətdilər.

XX əsrin 30-cu illərinin sonuna qədər qədim İrəvan şəhərindəki ziyalılar Göy məscidə  yığışardılar. Ermənilər bunu pis qarşılayır, daha doğrusu həzm edə bilmirdilər.  İrəvanda Mirzə Hüseyn Ağa adlı bir şəxs yaşayırdı. Həmişə Göy məsciddə əyləşirdi. Əsrin əvvəllərində onu Kazan və Peterburq universitetlərinə dəvət etmişdilər, ancaq o nədənsə bu təklifi qəbul etməmişdi. Ən güclü dilçilər belə ərəb dilinin incəliklərini öyrənmək üçün Mirzə Ağanın yanına gələrdilər. İrandan, Türkiyədən İrəvana gələn alimlər ona baş çəkməmiş getməzdilər. Gözəl şair idi. Ancaq erməni millətçilərinin xəyanəti sayəsində Mirzə Hüseyn Ağa qəflətən aradan götürüldü, heç hardan səsi-sorağı gəlmədi.

Ermənilərin Qərbi Azərbaycandakı azərbaycanlı ziyalılara qarşı törətdikləri cinayətlərdən onlarca belə misallar çəkmək olar.

Erməni vandalları 1918-ci ildə Novruz bayramı ərəfəsində Göyçə mahalında qanlı cinayətlər törətdilər. Polkovnik Silikyan öz quldur dəstəsi ilə Göyçə gölünü  qan dənizinə çevirdi. Basarkeçərin Şişqaya kəndinə daxil olan ermənilər azərbaycanlıların müqaviməti ilə üzləşdilər. Onlar hiyləgərliklə  barışıq məsələsini ortaya atdılar. Bu xəyanət nəticəsində Şişqayanın yaşlı insanları mal tövləsinə dolduruldu. Sonra isə ermənilər silahı işə saldılar və mal tövləsini qıfıllayıb, od vurdular. Burada kütləvi qırğın, dəhşətli faciə törədildi.

Daha sonra erməni daşnakları terror hadisəsini Basarkeçər rayonunun Kiçik Məzrə, Qamışlı, Subatan və digər kəndlərdə də davam etdirdilər.

Səməd Ağa və onun ətrafı Silikyanın quldur dəstəsini Zod kəndində tələyə salaraq tamamilə məhv etdi. Bu xəbər Bakıda Stepan Şaumyanı şok vəziyyətinə saldı, bəd xəbərdən Eçmiədzindəki keşişin ürəyi dayandı.

Zaqafqaziyanın sovetləşməsindən sonra 1920-ci ildə Zəngəzur və Azərbaycanın bir sıra torpaqlarını Ermənistan SSR-in ərazisi elan edildi. Sonrakı dövrlərdə də Qərbi Azərbaycandakı soydaşlarımız deportasiyaya məruz qaldılar. 1948-1953-cü illərdə 150 min soydaşımız öz tarixi  torpaqlarından zorla Azərbaycanın  Kür-Araz ovalığına köçürüldü.

1970-1980-ci illərdə artıq SSRİ imperiyasının zəifləməsi prosesi gedirdi. Xalq arasında kommunizm utopiyasına inam azalırdı. İllərdən bəri formalaşmış inzibati amirlik sistemi artıq iflic vəziyyətinə düşmüşdü. Erməni şovinistləri Moskvadakı və xaricdəki havadarlarından istifadə edərək 1988-ci ildə 300 minə yaxın Qərbi azərbaycanlı soydaşımızı tarixi etnik torpaqlarından zorla qovdu, nəhayət ermənilər deportasiyanın  son mərhələsini də reallaşdırdılar. Bu  ədalətsizliyə Mixail Qorbaçov göz yumdu.

Erməni xəyanəti nəticəsində 36 ildir ki, Qərbi Azərbaycandan  - Soyuqbulaqdan ayrı düşmüşəm. O yerlər mənim dinim, imanım, qibləgahımdır. Ora mənim ata yurdumdur. Həmişə qəribsəmiş yurd yerlərini, başı buludlardan nəm çəkən atlas geyimli    dağları, ata-babalarımın ayaq izləri qalan yerləri düşünürəm. Ancaq ümidlə yaşayıram. İnanıram ki, Vətən  müharibəsindəki tarixi zəfərimizdən sonra yurd həsrətli Qərbi azərbaycanlılar "Zəngi" sədaları altında bir gün ata-baba yurdlarına dönəcəklər...

Südabə İRƏVANLI,

Aşıq Pəri Məclisinin sədr müavini.