Azərbaycan bütün dövlətlərlə şəffaf münasibət tərəfdarıdır
Digər xəbərlər

Azərbaycan bütün dövlətlərlə şəffaf münasibət tərəfdarıdır

Hazırda İran ciddi ictimai-siyasi böhranla üz-üzədir. İnqilabdan ötən 40 ildən artıq müddət ərzində əhaliyə sözdən başqa bir şey verə bilməyən hakimiyyət çıxılmaz vəziyyətə düşüb. Öz imkan və potensialını real dəyərləndirə bilməyən İran hakimiyyəti uzun illərdir geosiyasi ambisiyalarla yaşayaraq bu istiqamətdə siyasət yürüdür. Nüvə proqramını həyata keçirməklə dünyada hegemonluq etmək iddiasındadır. Bu səbəbdən də enerji resurslarından əldə olunan gəlirlər dövlət quruculuğuna, əhalinin firavanlığına, ümumilikdə ölkənin inkişafına deyil, Yaxın Şərqdə silahlı dəstələr saxlamağa və qonşu dövlətlərin, o cümlədən Azərbaycanın daxili işlərinə qarışmağa yönəldilir.

İran Suriyada, İraqda, Livanda silahlı dəstələri maliyyələşdirərək dini-ideoloji xəttini həyata keçirməyə cəhd edir. Halbuki İranın bu siyasəti nəinki beynəlxalq aləm, hətta öz əhalisi tərəfindən də kəskin qınanır. Milli azlıqların hüquqsuzluğu, iqtisadi vəziyyətin ağır olması, siyasi ambisiyaların nəticəsində sanksiyalara məruz qalması və əhalinin sosial vəziyyətinin həddən artıq pisləşməsi insanların küçələrə çıxıb haqlarını tələb etməsi ilə nəticələnib. Ən başlıcası isə hakimiyyət bu etirazları nəzərə alıb vəziyyəti yaxşılaşdırmaq istəmir, əksinə, etirazçılara qarşı qəddarlıq, onların qətlə yetirilməsi və edam edilməsi xalqın necə deyərlər, səbir kasasını daşırıb.

Ötən il sentyabrın ortalarından başlayaraq İranda etiraz aksiyaları keçirilir. Belə ki, 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir müddət sonra xəstəxanada vəfat etməsi ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirib. Etirazçılar ölkədə hakimiyyətin dəyişməsini tələb edirlər. İnsan Hüquqları Müdafiəçilərinin Xəbər Agentliyinin (HRANA) məlumatına görə, indiyədək İranda ən azı 519 etirazçı, o cümlədən 69 uşaq öldürülüb, 19300 nəfər isə həbs edilib. Həbs olunanların çoxu ölüm cəzası ilə üzləşir və indiyədək dörd etirazçı etirafları televiziyada nümayiş etdirildikdən sonra asılıb. Hüquq müdafiəçiləri və vəkillər onların məhkəmələrinin qanuni nümayəndələri təmsil olunmadan və müttəhimlərə işgəncə verildikdən sonra keçirildiyini bildirirlər. Hakimiyyət isə bu iddiaları rədd edir. İran ədliyyəsi 1997-2005-ci illərdə müdafiə nazirinin müşaviri vəzifəsində işləmiş Əlireza Əkbəri barəsində ölüm hökmü icra edib. Bu haqda IRNA agentliyi İranın ədliyyə orqanlarına istinadla məlumat yayıb. Agentliyin məlumatına görə, ikili vətəndaşlığı (İran və Britaniya) olan sabiq məmur Böyük Britaniyanın xeyrinə casusluqda, həmçinin korrupsiyada təqsirli bilinib. Eyni zamanda Əkbəri ona qarşı irəli sürülən bütün ittihamları rədd edib və onların əsassız olduğunu deyib. Bundan əvvəl BBC Yayım Korporasiyasının farsdilli redaksiyası məmurun təxminən on ay əvvəl saxlanıldığını, həbsdə olarkən işgəncələrə məruz qaldığını iddia edib.

Diqqəti bu problemlərdən yayındırıb cəmiyyətdə həmrəyliyə nail olmaq üçün İran gah qərbdəki, gah da şimaldakı qonşularına qarşı əsassız iddialar irəli sürür. Müharibəyə qədər də Azərbaycanı haqq işində dəstəkləməyən, gözünün qarşısında Ermənistanın işğal etdiyi əraziləri talan etməsinə səsini çıxarmayan cənub qonşumuzun müharibədən sonrakı davranışları da ancaq təəssüf doğurur. İranda müxtəlif səviyyəli şəxslərin Azərbaycan əleyhinə səsləndirdiyi fikirlər, ölkəmizi hədələməyə qədər gedib çıxan açıqlamalar, rəsmi Bakının ünvanına söylənən əsassız ittihamlar, Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazilərinə qanunsuz yükdaşıma cəhdləri, rəsmi səviyyədə "Ermənistanın sərhəd toxunulmazlığı bizim üçün "qırmızı xətdir" bəyanatları və daha nələr, nələr... İranın məkrli niyyətinin təsdiqidir. Qonşu dövlət Azərbaycandakı emissarlarını fəallaşdırmaqla yanaşı, öz daxilində də hərəkətə keçib. Bir qrup şəxs Azərbaycanın Tehrandakı səfirliyi qarşısında aksiya keçirib. Azərbaycan əleyhinə şüarların səsləndirildiyi aksiyada növbəti dəfə ölkəmiz əleyhinə əsassız ittihamlar irəli sürülüb. Aksiya iştirakçıları ənənəvi olaraq Azərbaycanı İsraillə əməkdaşlıqda günahlandırıb, Bakını sionizmə dəstək verməkdə qınayıblar. Aksiya keçirənlərin, əsasən də onu təşkil edənlərin Azərbaycana hansı ölkə ilə əməkdaşlıq etməyin yollarını göstərmək niyyəti onların sağlam düşünmək qabiliyyətini itirdiyi qənaətini ortaya qoyur. İranın bəzi rəsmi şəxsləri anlamaq istəmirlər ki, Azərbaycan müstəqil dövlətdir və hansı ölkə ilə əməkdaşlıq etmək yolunu da özü müəyyən edir. Azərbaycanın İranla da çox yaxın, sıx əməkdaşlığı var. Ancaq bu, o demək deyil ki, Bakı başqa ölkələrlə, o cümlədən İsraillə münasibətlər qurmalı deyil. Xüsusən, Azərbaycanın ərazilərini 30 ilə qədər işğal altında saxlamış Ermənistana heç vaxt "Azərbaycanın sərhəd toxunulmazlığı bizim üçün "qırmızı xətdir" şərti qoymayan Tehran bu gün ölkəmiz əleyhinə bu ittihamları səsləndirmək haqqını hardan tapır?

Ermənistan 30 il ərzində Azərbaycanın məhz İranla 130 kilometrlik sərhədini işğal altında saxlayıb, cənub qonşumuzun gözü qarşısında bu əraziləri istismar edib, talayıb. Sərhəd toxunulmazlığı niyə onda İranı narahat etmirdi? Əksinə, cənub qonşumuzun işğalçılara qoşulub Azərbaycanın ərazilərinin talanında iştirak etdiyi də təəssüf ki, acı həqiqətdir. Bütün bunlar faktlarla ortadadır.

Azərbaycan əməkdaşlıq etdiyi bütün dövlətlərlə qarşılıqlı hörmət, şəffaf, anlayışlı münasibətlərin tərəfdarıdır. O cümlədən İranla... İran da, nəhayət bunu anlamalı, əsassız ittihamlardan əl çəkməli, ölkəmizlə normal, qarşılıqlı maraqlara söykənən münasibətlərə üstünlük verməlidir.

Mustafa KAMAL,

"Respublika".