ŞUŞA BƏYANNAMƏSİ AZƏRBAYCAN-TÜRKİYƏ QARDAŞLIĞININ SİMVOLUDUR
Digər xəbərlər

ŞUŞA BƏYANNAMƏSİ AZƏRBAYCAN-TÜRKİYƏ QARDAŞLIĞININ SİMVOLUDUR

Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan bəyannamə ölkələrimizin hərbi təhlükəsizlik məsələlərini, onun müxtəlif parametrlərini göstərən mühüm bir sənəddir. Məhz bu baxımdan, Şuşa Bəyannaməsi tarixi önəm daşıyaraq, regionda yeni geosiyasi və geoiqtisadi münasibətlərin başlanğıcını qoydu. Şuşa Bəyannaməsi imzalanarkən ölkə Prezidenti İlham Əliyev bu siyasi aktın tarixi əhəmiyyətini vurğulayaraq demişdir: "Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır".

Şuşa Bəyannaməsinin 15 İyun - Milli Qurtuluş Günündə imzalanması xüsusilə rəmzi məna daşıyır. 15 İyun Azərbaycanın müstəqillik tarixində dönüş nöqtəsi olan Milli Qurtuluş Günündə 2021-ci il 15 iyundan Türkiyə-Azərbaycan münasibətlərində də keyfiyyətcə yeni bir dövr başlamışdır. Artıq Azərbaycan xalqı iki əlamətdar bayramı birlikdə böyük təntənə ilə qeyd edir. Bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapmışdır. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir ki, "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir". XX əsrin sonlarında isə ulu öndər Heydər Əliyev demişdir ki, "Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir".

Bəli, Şuşa Bəyannaməsi bölgədə inteqrasiya proseslərini stimullaşdırır, sülhə yol açır. Eyni zamanda Bəyannamə bir tərəfdən də Qarabağ ərazisində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının inteqrasiyası üçün əlavə imkanlar yaradır. Belə ki, regionun artan investisiya potensialı yeni iqtisadi münasibətlərin formalaşmasına, Şuşa və Şuşa ətrafının turizm potensialının üzə çıxarılmasına imkanlar açılacaq. Şuşa Bəyannaməsi müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir. Tarixi Şuşa Bəyannaməsi, həmçinin iki qardaş ölkənin siyasi, hərbi, diplomatik və iqtisadi uğurudur və iki qardaş ölkə həm də iki dövlətin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyinin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsinə imkan yaradır.

Bəyannamədə iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı nəzərdə tutulmuşdur. Həmçinin, birgə milli mənafelər baxımından siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş və birgə fəaliyyətlərin təşviq edilməsi də xüsusi yer tutur. Belə ki, tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə bir-birinə lazımi yardım göstərməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili də nəzərdə tutulur.

Bəyannamədə ticarət-iqtisadi münasibətlərdə milli iqtisadiyyatların və ixracın şaxələndirilməsi üzrə səylərin artırılması, malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılması istiqamətində zəruri tədbirlərin görülməsi də nəzərdə tutulur. Eyni zamanda, Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunmasına və daha da inkişaf etdirilməsinə yönəldilmiş səylər əlaqələndirilmiş şəkildə davam etdiriləcək. İntellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialı daha da inkişaf etdiriləcək. Ən önəmlisi türk dünyasının gücləndirilməsi, türk həmrəyliyinin möhkəmləndirilməsi, diaspor fəaliyyətinin genişləndirilməsi, eləcə də medianın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı birgə fəaliyyətə dair konkret müddəaların yer alması bu bəyannamənin tarixiliyini və əhəmiyyətini olduqca artırır. Bəyannamədə əksini tapan və iqtisadi inkişafa təkan verəcək məsələlərdən biri də ölkələrin qarşılıqlı surətdə investisiya qoyuluşlarını həyata keçirməsindən, habelə bu sahədə strateji məqsədlərin olmasından ibarətdir. Qarşılıqlı investisiya qoyuluşları ölkələrin iqtisadiyyatının sürətli inkişaf etməsinə, zəruri sahələrin genişləndirilməsinə, strateji sahələrin daha da təkmilləşdirilməsinə şərait yaradır, inteqrasiyanı dərinləşdirir. Əməkdaşlıq sahəsində perspektivlərin daha ümidverici olmasını sübut edən amillərdən biri də Türkiyə dövlətinin Şuşa şəhərində konsulluq açması ilə bağlıdır. Bu, hər iki ölkə vətəndaşlarının, iş adamlarının Azərbaycanda, xüsusən də Qarabağ zonasında daha geniş fəaliyyət göstərəcəklərindən xəbər verir. Şuşada konsulluğun açılmasının iqtisadi əhəmiyyəti ilə yanaşı, siyasi və mənəvi tərəfi də var. Bu, Qarabağda Türkiyənin varlığı deməkdir. Eyni zamanda, bütün dünyaya verilən siyasi, diplomatik bir mesajdır. Yuxarıda qeyd etdiklərimizə əsasən tam əminliklə deyə bilərik ki, Şuşa Bəyannaməsinin fonunda iki qardaş Azərbaycan-Türkiyə dövlətinin birliyi və strateji tərəfdaşlığı, həm dünya üçün nümunə, həm də regional təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir. Bu qiymətli sənəd iki qardaş dövlətin siyasi, həm hərbi, həm də mənəvi simvoludur.

Zabit XƏLİLOV,

"Respublika".