Təxribat maşını öz ampluasında – saxta qaçqın iddiaları
Gündəm

Təxribat maşını öz ampluasında – saxta qaçqın iddiaları

Haqq işimizi sonacan yerinə yetirməyimizdən qıcıqlanan haylar çirkin xislətlərindən əl çəkmək niyyətində deyillər. 30 ilə yaxın münaqişəni əbədi olaraq dondurmaq istəyən Ermənistan və havadarları Azərbaycanın haqq işi qarşısında tab gətirə bilmədilər. Bu müddət ərzində çox haqsızlığa, ədalətsizliyə uğrasaq da, polad iradəmizi heç nə sındıra bilmədi. Xüsusilə son 3 ildə başladılan qarayaxma kampaniyasının getdikcə artdığı bir dövrdə şər və iftiraların miqyası da olduqca genişləndi.

Tarix boyu xalqımıza qarşı soyqırımı, etnik təmizləmə cinayətini, milli və dini zəmində törədilənləri ermənilər indi bizim üstümüzə yıxmağa, Azərbaycanı ləkələməyə, bəşəri cinayətlərlə ittiham etməyə çalışırlar.

Təxribat maşınının növbəti iftirası isə Xankəndidən gedən ermənilər haqqındadır. Hansı ki, daim Azərbaycanın reinteqrasiyaya çağırdığı bütün sosial və hüquqi azadlıqlarını təmin edəcəyinə söz verdiyi ermənilər. Paşinyan və komandasının etnik təmizləmə və soyqırımı iddiası qeydə alınan videogörüntülərdə öz əksini tapmır. Bununla yanaşı, heç bir zorakılıq aktının qeydə alınmadığını onların özləri də etiraf edirlər. Bunu oktyabr ayında bölgəyə səfər edən BMT missiyasının nümayəndə heyəti də öz bəyanatlarında bildirib. Lakin məğlubiyyəti həzm edə bilməyən Paşinyan hökuməti bununla barışmaq istəmir, yalan məlumatlarla bölgədəki vəziyyəti qabartmağa çalışır. Rəsmi İrəvan indi də Qarabağdan gəlmiş ermənilərə "qaçqın" statusu verməyə və onların sayını süni şəkildə şişirdərək növbəti dəfə siyasi möhtəkirliyə cəhd göstərir. Sual olunur: ilk günlərdən bəri bəyan etdiyiniz 100 min, hətta 120 min erməni bir neçə gündə Laçın sərhəd-buraxılış məntəqəsindən Ermənistana necə keçə bilər? Digər tərəfdən, qanunsuz olaraq məskunlaşdırılan ermənilərə saxta vədlər vermisiniz ki, burada əbədi olaraq separatçı rejim yağ-bal içində qalacaq. Təbii ki, onları da bu günə qədər maliyyələşdirən başda özünüz idiniz. İldə 150 milyon dollardan çox vəsait məhz Xankəndidəki separatçı rejim üçün ayrılırdı. İşğal dövründə Azərbaycan ərazilərinə təxminən 30 min erməninin xarici ölkələrdən köçürülərək qanunsuz məskunlaşdırılması barədə Ermənistan rəsmiləri heç nə demək istəmirlər. İndi də Livandan, Rusiyadan və başqa ərazilərdən gələn ermənilər öz yurdlarına qayıtmağı üstün tuturlar. Belə ki, Qarabağı öz xoşu ilə tərk edən ermənilərin artıq 10 mini Ermənistana deyil, başqa ölkələrə üz tutub. Xatırladaq ki, keçirilən antiterror tədbirlərinə qədər Xankəndidə məskunlaşan 10 minlik Ermənistan ordusu və onların ailə üzvləri də nəzərə alınmalıdır. 30 il boyunca qeyri-qanuni məskunlaşdırılan ermənilər, hərbçilər və onların ailələri heç bir məntiqlə qaçqın sayıla bilməz.

Ermənistanın Qarabağdan getmiş ermənilərə "qaçqın" statusu verməsi məsələsi beynəlxalq hüquq çərçivəsində absurd səslənir. Belə ki, Qarabağ əhalisi "müvəqqəti müdafiə altına alınacaq", həmçinin Ermənistan ərazisində və ya onun hüdudlarından kənarda yerləşən son qeydiyyat ünvanı Qarabağda olan, eləcə də Qarabağda qeydiyyatda olmayan, lakin orada yaşamış və Ermənistanın miqrasiya xidmətinin bu il sentyabrın 19-dan sonra qeydiyyata aldığı şəxslər də "müdafiə olunacaq". Bu da öz növbəsində həmin şəxsləri Ermənistan qanunvericiliyinə uyğun olaraq qaçqın adlandırmağa bəs edir. Bu cür möhtəkirliyə ad tapmaq mümkün deyil. Yaxşısı budur, Ermənistan dövləti beynəlxalq hüquq prinsiplərinə riayət etsin.

28 iyul 1951-ci il tarixli Qaçqınların Statusuna dair Konvensiya Birləşmiş Millətlər Təşkilatının qaçqının kim olduğunu müəyyənləşdirən və sığınacaq verilən şəxslərin hüquqlarını və sığınacaq verən ölkələrin vəzifələrini müəyyənləşdirən çoxtərəfli bir müqavilədir. Burada digər məqamlarla yanaşı, beynəlxalq sərhədi keçən insan anlayışı qabardılır. Bu da o deməkdir ki, Ermənistan həmin şəxslərə "qaçqın" statusu verməklə onların gəldiyi ərazilərdən digər ölkəyə, yəni Azərbaycandan Ermənistana keçdiyini rəsmən tanıyır.

İlkin olaraq Ermənistan Xankəndi və ətraf ərazilərdən gələn erməniləri qəbul etməlidir. Paşinyan açıqladı ki, onları ətraf ərazilərdə məskunlaşdıracağıq. Daha sonra Avropa Parlamentində alqışlarla qarşılanan Nikol əlini açıb yardım paketi diləndi. İndi isə maddi yardım tələb etmək üçün Nikol "qaçqın" kartını oynayır. Yəni öz millətini növbəti dəfə bu çirkin əməllərdə alətə çevirir.

Ermənistanda tam bir xaos hökm sürür. Sentyabrda antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənən Xankəndi və ətraf ərazilərdə bayrağımızın dalğalanması bu prosesi daha da sürətləndirdi. Separatçı liderlərin bir-bir məsuliyyətə cəlb olunması İrəvanda aksiyalara səbəb oldu. Paşinyan rejiminin revanşist addımlarına qarşı müxalifət bloku fəallaşıb. Digər tərəfdən, son anda Xankəndidən helikopterlə qaçıb Ermənistanda gizlənən, özünü buraxan separatçı rejimin keçmiş lideri Samvel Şahramanyan deyib ki, Azərbaycan tərəfinin təqdim etdiyi inteqrasiya proqramı ilə tanış olduqdan sonra ermənilər müstəqil və könüllü şəkildə ya Qarabağda qalmalı, ya da getməli idi. Bununla yanaşı, qeyd edib ki, indi onlar Qarabağ ermənilərinin geri qayıtmasına imkan verəcək məsələlərlə məşğul olmağa çalışırlar. Şahramanyan onu da bildirib ki, Azərbaycan sentyabrın 19-da hərbi əməliyyatlara başlayandan sonra tək olduqlarını başa düşüb. Yəni onlar da bu məsələdə rəsmi İrəvanı və Rusiyanı günahkar görürlər.

Nəticə etibarilə Azərbaycan öz suverenliyini tam bərpa edərək ədalət tərəzisini tənzimləmişdir. 30 il sürən 1 milyondan çox qaçqın və məcburi köçkünümüzün keşməkeşli həyatı geridə qalmışdır. Məhz tarixi ədaləti bərpa edərək bütün haqsızlıqları ifşa edir, dünya ictimaiyyətini ədalətli olmağa çağırırıq. Lakin gözlərini lobbiçilərin pulu örtən bəzi qüvvələrin haqqı nahaqdan seçə bilməmələri, qərəzli yanaşmaları regionda sabitliyi pozur.

Nurlan ABDALOV,

"Respublika".