Kanada regionda gərginlik yaratmaq niyyətindədir
Gündəm

Kanada regionda gərginlik yaratmaq niyyətindədir

Son dövrlər Fransa ilə yanaşı, Kanada tərəfindən də Cənubi Qafqazda baş verən proseslərə müdaxilə, Azərbaycana qarşı qərəzli bəyanatların verilməsini müşahidə edirik.

Kanadanın xarici işlər nazirinin Azərbaycan sərhədinə gəlməsi və mövqelərimizi müşahidə etməsi heç də regionda sülhün bərqərar olmasına xidmət etmir. Əksinə, bütün bunlar regionda gərginliyin artmasına səbəb olur. Bu, bir daha həm Fransanın, həm də Kanadanın ortaq maraqlarını - Cənubi Qafqazda sabitliyə təhdid yaratmaq niyyətini göstərir. Azərbaycan İkinci Qarabağ savaşında ərazi bütövlüyünü, sentyabr ayında keçirilən lokal antiterror tədbirlərindən sonra isə suverenliyini tam təmin edib. Ölkəmiz bunu beynəlxalq hüququn bütün norma və prinsiplərinə riayət etməklə reallaşdırıb. Həmçinin 30 il kağız üzərində qalmış BMT-nin dörd qətnaməsini təkbaşına yerinə yetirib. Bu baxımdan, regionda formalaşan yeni düzənin Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına xidmət etməsi vacibdir. Amma təəssüf ki, kənar müdaxilələr buna mane olur. Eyni zamanda Ermənistanın silahlandırılması regionun təhlükəsizliyinin pozulmasına xidmət edir. Bu gün ermənipərəst güclər Azərbaycana qarşı qərəzli və saxta bəyanatlarla çıxış edirlər. Lakin beynəlxalq hüquq heç bir ölkənin digər dövlətlərin daxili işlərinə qarışmasına imkan vermir.

Azərbaycanın əsas prioriteti Böyük Qayıdış Proqramının icrasını təmin etməkdir. Bu gün Ermənistanın 30 illik işğalı nəticəsində dağıdılmış ərazilər bərpa edilir, yenidən qurulur. Artıq üç mindən artıq vətəndaşımız öz ata-baba yurdlarına qayıdıb. 2026-cı ildə 140 min vətəndaşımızın öz doğma torpaqlarına qayıdacağı proqnozlaşdırılıb. Belə nailiyyətlərin əldə olunduğu bir dövrdə Azərbaycanın gücü, Prezident İlham Əliyevin uğurlu siyasəti Kanada və Fransa kimi bir sıra ölkələri narahat edir. Amma onlar dərk etməlidirlər ki, Azərbaycanın əldə etdiyi bugünkü uğurlar məhz onun liderinin uzaqgörən və praqmatik siyasəti sayəsində mümkün olub. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam təmin edən ölkə başçımızın məqsədyönlü siyasətində işğaldan azad olunmuş ərazilərin inkişafı xüsusi yer tutur.

Vüqar BAYRAMOV,

millət vəkili.