Ermənistan yenə də ifşa olundu
Siyasət

Ermənistan yenə də ifşa olundu

Azərbaycan xalçalarının ermənilər tərəfindən mənimsənilməsi cəhdinin qarşısı alınıb

Oktyabrın 16-da Vyana Beynəlxalq Mərkəzinin Rotunda zalında "Keçmişin gələcəyi: Ermənistanın ənənəvi incəsənətinin dirçəlişinə dəstək verməklə qadın sahibkarların səlahiyyətlərinin artırılması" adlı sərgidə Ermənistan növbəti dəfə Azərbaycanın maddi-mədəni irsini mənimsəməyə cəhd edib. Belə ki, Ermənistanın daimi nümayəndəliyinin təşkil etdiyi sərgidə Azərbaycan xalça sənətinin müxtəlif məktəblərinə xas xalçalar erməni xalçaları kimi təqdim olunub. Maraqlısı odur ki, ermənilər sərgidə bəzi xalçaların özünü deyil, yalnız fotolarını nümayiş etdiriblər. Onlar Qarabağ, Qazax və Şirvan bölgələrinin klassik xalça kompozisiyaları əsasında toxunmuş "Çələbi", "Xətai", "Qasımuşağı", "Malıbəyli", "Bəhmənli", "Borçalı" və digər xalçalarını özününküləşdirməyə çalışıblar.

Azərbaycanın Avstriyadakı səfirliyi sərgi ilə bağlı BMT-nin Vyana bölməsinin rəhbərinə rəsmi etiraz məktubu ünvanlayıb. Məktubda ermənilərin bu hərəkəti təxribat və tarixi saxtalaşdırmaq kimi qeyd edilib. Həmçinin Azərbaycan tərəfi BMT-nin Vyana bölməsinin rəsmilərini Ermənistanın Vyanadakı beynəlxalq təşkilatlardan öz siyasi məqsədləri və ölkəmizə qarşı əsassız iddialar naminə sui-istifadə etməsinin qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırıb. Onu da qeyd edək ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin ekspert komissiyası sərgidə nümayiş etdirilən xalça şəkillərinin Azərbaycan xalça sənətinin tərkib hissəsi olduğunu faktlarla sübuta yetirib. Beləliklə, ölkəmizin maddi-mədəni irsinin Ermənistan tərəfindən mənimsənilməsi cəhdi növbəti dəfə ifşa olunub.

İndi bu sətirləri yazarkən istər-istəməz görkəmli ədib, yazıçı Mir Cəlalın "Bir gəncin manifesti" povestini xatırladım, daha doğrusu, əsərin qəhrəmanlarından biri, Sonanı. O Sonanı ki, illərlə gözünün nurunu, qəlbinin sevgisini verib ilmə-ilmə, naxış-naxış oğlunun toyu üçün toxuduğu xalını ingilisə satmaqdan son anda imtina edib: "İtə ataram, yada satmaram", - deyir. Çünki xalça bizim üçün müqəddəsdir, tarixən hər bir azərbaycanlının üzərində dünyaya gəlib, dünyadan köç etdiyi, rəmzə çevrilən mədəniyyət nümunəsidir.

Ermənilərin isə xalqımıza "sürprizləri" bitib-tükənmir, yalan üstə yalan gəlir, yaxşı nəyimiz varsa öz adlarına çıxarırlar. Azərbaycanın mədəni sərvətini təşkil edən xalçaları onun razılığı olmadan sərgiləmək və onların guya Ermənistana məxsus olduğunu iddia etmək ölkəmizin mədəni sərvətlərinin açıq şəkildə mənimsənilməsidir. Uzun illərdir ki, ölkəmizə qarşı ərazi iddiaları irəli sürən ermənilər mədəni və dini irsimizə də sahib çıxmağa çalışıblar. Ərazilərimizin işğalı zamanı ölkəmizin mədəni sərvətlərinin və irsinin oğurlanması, talan edilməsi, mənimsənilməsi, qeyri-qanuni yolla daşınması da onların çirkin əməllərini sübut edir. Ermənilərin Azərbaycan xalq sənətinin ən qədim və mühüm sahələrindən biri olan xalçaçılıq ənənələrinə xas ornamental elementləri ehtiva edən xalçaları öz xalçaları kimi təqdim etməsi o qədər gülünc görünür ki... Ornamentləri, eskizləri mənimsəmək hələ yüksək səviyyədə xalça ərsəyə gətirmək üçün yetərli deyil, axı. İlmələrə, naxışlara sevgi, milli ruh qatılmasa, o xalça istənilən kimi naxışlanmaz. Bu gün dünya səviyyəsində tanınan xalçalarımıza ulu nənələrimiz öz möhürünü vurub, ilmələri sehrləyib, zümzümə etdiyi bayatıların, oxşamaların, laylaların ruhunu hopdurub naxışlara... O xalılar qəhrəmanlıq, Vətənə sevgi simvoludur.

Azərbaycan xalçaçılıq sənətinin zəngin ənənələri var, tarixi qədimdir. Xalçaçılıq xalqımızın milli mədəniyyət tarixində özünəməxsus yer tutur. Arxeoloji materiallar, yazılı mənbələr göstərir ki, Azərbaycanda xalçaçılıqla hələ tunc dövründən (e.ə. II minilliyin sonu I minilliyin əvvəllərində) məşğul olmuşlar.

Azərbaycanda xalçaçılığın inkişafı haqqında Herodot, Klavdi Elian, Ksenofont və başqa qədim dünya tarixçiləri də məlumat vermişlər. Sasanilər dövründə (III-IV əsrlər) Azərbaycanda xalçaçılıq sənəti daha da inkişaf etmiş, ipəkdən, qızıl-gümüş saplardan nəfis xalçalar toxunmuşdur. Alban tarixçisi Musa Kalankatlı (VII əsr) da Azərbaycanda toxunulan ipək parçalar və rəngarəng xalçalar haqqında məlumat verir. Qızıl-gümüş saplarla toxunan və daş-qaşla bəzədilən xalça istehsalı XVI-XVII əsrlərdə ənənəvi xarakter almışdır. Orta əsrlərdə qızıl-gümüş saplardan toxunan xovsuz xalçaların əsas istehsal mərkəzləri Təbriz, Şamaxı və Bərdə şəhərləri idi. Baha başa gəldiyindən, əsasən feodallar üçün toxunulan bu cür xalçalar "zəbaf" adlanırdı. XVI əsrdə Azərbaycanda olmuş ingilis səyyahı Antoni Cenkinson Şamaxıda Abdulla xanın yay iqamətgahındakı qızıl-gümüş saplarla toxunulmuş xalça haqqında yazır. XVII əsrdə holland səyahətçisi Yan Srteyts Şamaxı hakiminin atının üstünə salınan çulun qızıl saplarla toxunub mirvari və qiymətli daş-qaşlarla bəzədildiyini xəbər verirdi.

XIII-XIV əsrlərdə Azərbaycandan xarici ölkələrə çoxlu xalça və xalça məmulatı ixrac edilirdi. İncə ornamentləri, zərif və nəfis naxışları ilə diqqəti cəlb edən bu xalçalar məşhur Avropa rəssamlarının əsərlərində, miniatürlərdə öz əksini tapıb. XV əsr Niderland rəssamları Hans Memlinqin "Məryəm öz körpəsi ilə" tablosunda "Şirvan" xalçası, Van Eynin "Müqəddəs Məryəm" əsərində "Zeyvə xalçası", alman rəssamı Hans Holbeynin (XV əsr) "Səfillər" əsərində "Qazax" xalçasının təsvirləri verilmişdir.

Azərbaycanın Təbriz xalçaçılıq məktəbinin şah əsəri olan "Ləçəktürünc" kompozisiyalı məşhur "Şeyx Səfi" xalısı indi Londonun "Viktoriya və Albert" muzeyində saxlanılır...

Xalça sənəti XX əsrin ortalarında daha sürətlə inkişaf edirdi. Bu dövrdə Azərbaycan xalça sənətinin inkişafı bir neçə istiqamətdə davam edərək çoxcəhətli xarakter daşımışdır. Respublikanın rayon və kəndlərində xalça sənəti ənənələri xalça ustaları tərəfindən davam etdirilirdi. Ayrı-ayrı bölgələrdə toxunan xalılar o yerlərin təbiətinin bütün rənglərinin ən zərif çalarlarını əks etdirir.

Bütün bu dediklərimiz bu sənətin nə qədər qədim tarixə və zəngin ənənələrə söykəndiyini, Azərbaycan xalqının milli düşüncə sisteminin ən əhəmiyyətli qatlarından birini təşkil etdiyini isbatlayır. Heydər Əliyev Fondunun bu sahədə həyata keçirdiyi layihələr isə zəngin ənənələrin qorunması, inkişafı, təbliği, gələcək nəsillərə ötürülməsi məqsədinə xidmət edir. Məhz bu məqsədyönlü fəaliyyətin nəticəsidir ki, 2010-cu ildə ənənəvi Azərbaycan xalçaçılıq sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

Azərbaycan xalçaları sənət sahəsi kimi həm coğrafi mövqeyinə, həm də naxış, kompozisiya, rəng həlli və texniki xüsusiyyətlərinə görə şərti olaraq 7 xalçaçılıq məktəbinə bölünür. Bu gün dünya muzeylərində o məktəbin ən gözəl nümunələrinə rast gəlmək mümkündür. Bu xalçaların hər biri bir salnamədir, ilmələrin, naxışların altında qədim tariximiz yatır. Onu seyr edən hər kəsə Azərbaycan adlı məmləkətin keçmişindən, qədimliyindən danışır.

Qədim bir xalqın tarixini, məişətini, adət-ənənələrini, müxtəlif inanclarını, estetik görüşlərini, fəlsəfi baxışlarını özündə əks etdirən bu keyfiyyətləri sirli-sehrli ilmələrdə, naxışlarda yaşadan bu sənət nümunələrini mənimsəməyə heç kəsin gücü yetməz. Çünki o xalılarda Azərbaycan var...

Zümrüd QURBANQIZI,

"Respublika".