Siyasi, iqtisadi və sosial anlamları ilə dövrünü aşan demokratiya nümunəsi
Siyasət

Siyasi, iqtisadi və sosial anlamları ilə dövrünü aşan demokratiya nümunəsi

Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində - XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhvali-ruhiyyəsi yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır.

Heydər ƏLİYEV,

Ümummilli lider.

28 may 1918-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması çox böyük və əlamətdar bir hadisədir. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Məhəmməd Əmin Rəsulzadə və silahdaşları Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin timsalında parlamentli respublika kimi yeni bir dövlətçilik ənənəsinin əsasını qoydular.

Şərqdə və Türk dünyasında ilk cümhuriyyət olan Azərbaycan Xalq Cümhuriyyəti, Cənubi Qafqazın ən böyük ölkəsi olan Azərbaycan Respublikasının qurucu fəlsəfəsini və gələcək hədəflərini tamamilə formalaşdıran mənəvi qüvvəyə çevrildi. Bu güc beş il sonra qurulan Türkiyə üçün də bənzərsiz bir nümunə və model oldu.

Azərbaycan Xalq Cümhuriyyəti demokratiya, dünyəvilik, qanunun aliliyi, hakimiyyət bölgüsü və cəmiyyətin bütün təbəqələrinə siyasi iştirakın genişləndirilməsi, qadın, işçi və uşaq hüquqlarına önəm verməklə əsl hüquqi dövlət kimi fəaliyyət göstərdi. Heç də təsadüfi deyil ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hər zaman Azərbaycan Xalq Cümhuriyyətinə xüsusi ehtiram göstərir və Cümhuriyyət tarixinin, irsinin öyrənilməsini vacib sayırdı. Ulu öndər müasir Azərbaycan dövlətinin məhz 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bəyan etmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının ilk dəfə Naxçıvan Muxtar Respublikasında qaldırılması ümummilli liderin adı ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin 85 illiyi münasibətilə xalqa müraciət edən ulu öndər Heydər Əliyev Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi kimi xarakterizə edirdi: "Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Gördüyü bir sıra məqsədyönlü işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir".

XX əsrin əvvəllərində, dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda Azərbaycan xalqı istiqlaliyyətini elan etdi. Məlumdur ki, Rusiyada çarizmin süqutundan sonra bolşeviklərin hakimiyyəti ələ keçirməsi ilə keçmiş imperiya ərazisində mürəkkəb geosiyasi vəziyyət yaranmışdı. Belə ki, bolşeviklərin və erməni quldur dəstələrinin Bakıya və Azərbaycanın digər ərazilərinə hücumları inqilabın əvvəlində bolşeviklərə olan inamın azalmasına səbəb olmaqla yanaşı, eyni zamanda Oktyabr inqilabından sonra indiki Azərbaycan, Gürcüstan və Ermənistan ərazilərində Zaqafqaziya Federasiyasının yaradılması ilə nəticələndi. Lakin bu üç dövlət arasında mövcud olan tarixi və siyasi problemlər ortaq dövlət altında yaşamağın mümkün olmadığını göstərdi və Batumi və Trabzon Sülh Konfransından sonra Zaqafqaziya Seymi Tiflisdə keçirdiyi son iclasda özünü buraxaraq, 1918-ci il mayın 26-da Gürcüstanın, may 28-də isə Azərbaycan və Ermənistanın müstəqilliyini elan etdi. Rəsulzadə vurğulayırdı ki, AXC mahiyyətcə üç əsas prinsip üzərində qurulub: milli suverenlik, azadlıq və bərabərlik.

Milli Şuranın katibi Həsən bəy Ağayev tərəfindən oxunan 6 maddədən ibarət İstiqlal Bəyannaməsi AXC-nin legitimliyinin mənbəyinin qanun və millətin iradəsi olduğunu açıq şəkildə ortaya qoyurdu. Bu sənəd Azərbaycan Xalq Cümhuriyyətinin ilk hüquqi sənədi olmaqla yanaşı, demək olar ki, Konstitusiya aktı statusuna bərabər idi. Həm hüquqi, həm də siyasi sənəd olan İstiqlal Bəyannaməsində müstəqil Azərbaycan dövlətinin yarandığı bəyan olunmuş, ərazisinin hüdudları müəyyənləşdirilmiş, həmçinin dövlətin əsas fəaliyyət prinsipləri öz əksini tapmışdı. Bəyannamədə demokratik dövlətə məxsus atributların - hakimiyyətin xalqa mənsub olması qeyd olunmuş, vətəndaşların mülki və siyasi hüquqları təmin edilmiş, həmçinin ölkənin bütün vətəndaşlarına bərabər hüquqlar verilmiş, irqi, milli, dini, sinfi və başqa bərabərsizliklər ləğv edilmiş, hakimiyyətlər bölgüsü kimi prinsiplərin dövlət fəaliyyətinin əsasını təşkil etməsinin bəyan edilməsi suveren, demokratik, hüquqi dövlət yaradılması istəyi nümayiş etdirilmişdi.

İslam dünyasında ilk dəfə Avropanın bir sıra inkişaf etmiş dövlətlərini qabaqlayaraq qadınlara seçki hüququ verilmiş, bərabər səsvermə hüququ həyata keçirilmişdir. Seçki Qanununa əsasən, 20 yaşına çatmış kişi və qadınların səsvermə hüququ var idi. Demokratik təmsilçilik və bərabərlik prinsiplərinin ən yüksək səviyyədə təmin edilməsini nəzərdə tutan bu anlayış, o dövrün bir çox inkişaf etmiş Qərb ölkələrindən daha yaxşı idi. Məsələn, 1944-cü ildə Fransada, 1948-ci ildə Belçikada, 1971-ci ildə İsveçrədə qadınlar səsvermə hüququ qazanıblar.

İstiqlal Bəyannaməsinin siyasi-hüquqi mahiyyəti ondan ibarət idi ki, o, Azərbaycanda demokratik rejimli parlament respublikası idarəçilik formasını, ali dövlət hakimiyyəti orqanları sistemini, hökumətin qanunverici orqan qarşısında məsuliyyət daşımasını və ümumilikdə parlamentçiliyin formalaşdırılmasını, daxili və xarici, eyni zamanda vətəndaşların hüquqi statusunun əsaslarını bərqərar edərək möhkəmləndirdi.

Lakin bu sənəd Konstitusiyanı tam əvəz edə bilməzdi və Azərbaycan Cümhuriyyətinin Konstitusiyasının dövlətin ali orqanı - Müəssislər Məclisi (Parlament) tərəfindən qəbul edilməsi nəzərdə tutulurdu. 1918-ci il iyunun 17-də müəyyən səbəblər üzündən Azərbaycan hökuməti Milli Şuranın qanunvericilik funksiyalarını öz üzərinə götürərək, dövlətin hakimiyyət strukturlarının yaradılması ilə yanaşı, qanun yaradıcılığı prosesini həyata keçirdi. İlk əvvəl yeni dövlətin daxili və xarici siyasətini əhatə edən qanunların qəbul edilməsinə başlanıldı. Bunların içərisində ən əhəmiyyətliləri 24 iyun və 9 noyabr 1918-ci il tarixli dövlət bayrağı haqqında; 27 iyun tarixli dövlət dili (Azərbaycan dili) haqqında; 21 iyun tarixli milli komitələrin ləğvi haqqında; 10 avqust tarixli Azərbaycan gömrüyünün təsis edilməsi haqqında, 11 avqust tarixli Azərbaycan ordusuna çağırış haqqında, 28 avqust tarixli məktəblərin milliləşdirilməsi haqqında və s. hökumət qərarları idi. Azərbaycan hökuməti qısa müddət ərzində ictimai və dövlət həyatının hüquqi əsaslarının yaradılmasının qeyri-mümkünlüyünü və qanunauyğunluğun təmin edilməsi məqsədilə müəyyən müddətə qüvvədə saxlanılmasının məcburiliyini nəzərə alaraq 23 iyun 1918-ci il tarixdə "Rusiya və Zaqafqaziya qanunlarının müvəqqəti qüvvədə saxlanılması barədə" qərar qəbul etdi. Qərara əsasən məhkəmə və idarəetmənin bütün sahələrində fəaliyyətdə olan qanunlar onların dəyişdirilməsinə və ya ləğv edilməsinə qədər öz qüvvəsini saxlayırdı. 7 dekabr 1918-ci ildə Parlament fəaliyyətə başladıqdan sonra qanun yaradıcılığı prosesi geniş vüsət aldı. Ali qanunvericilik orqanının bu sahədəki fəaliyyəti iki istiqamətdə qurulmuşdu: yeni qanunların qəbul edilməsi; qüvvəsini müvəqqəti olaraq saxlamış qanunlara dövlətin və xalqın mənafeyinə uyğun olan dəyişiklik və əlavələrin edilməsi yolu ilə onların təkmilləşdirilməsi.

Azərbaycan Xalq Cümhuriyyətin Parlamenti mövcud olduğu 23 ay ərzində 140-a qədər ümumi iclas keçirmiş və həmin dövrdə parlamentə 315 qanun layihəsi təqdim edilmişdi. Bu qanun layihələrindən 32-si Ədliyyə Nazirliyi tərəfindən hazırlanmışdı. Qeyd etmək istərdim ki, bu dövrdə Azərbaycanda məhkəmə sistemi də dağınıq, parakəndə vəziyyətdə idi. Gəncə şəhərinin Dairə Məhkəməsi öz mövcudluğunu qoruya bilsə də, demək olar ki, faktiki cəhətdən işləmirdi. Şəhər və qəzaların təxminən üçdəiki hissəsində müstəntiq və barışıq hakimləri yox idi, bəzi yerlərdə isə məhkəmə idarələri öz fəaliyyətlərini tamamilə dayandırmışdı. İstintaq sahəsində də eyni vəziyyət müşahidə olunurdu. Azərbaycan Respublikası Nazirlər Şurası 1918-ci il 17 iyun tarixli müraciətində digər dövlət idarələri ilə yanaşı, məhkəmələrin də milliləşdirilməsini elan etdi. Dövlətin yeni yaranmış respublikanın ilk milli hökumətinin tərkibinə Ədliyyə Nazirliyini də daxil etməsi məhkəmə və hüquq sisteminə böyük diqqətin, hüquq yaradıclılığı sahəsində demokratik islahatların keçirilməsinin vacibliyindən irəli gəlirdi.

16 iyun 1918-ci ildə Azərbaycan hökuməti Tiflisdən Gəncə şəhərinə köçərək fəaliyyətini davam etdirdi. Bu zaman Fətəli Xan Xoyski hökumətinə həddindən artıq solçu və inqilabi təsir bağışlayan Azərbaycan sahibkarlarının və mülkədarlarının müəyyən dairələrinin Milli Şuraya və Nazirlər Şurasına qarşı fəal kampaniyaya başlamaları Milli Şuranın buraxılması və yeni hökumətin təşkil edilməsi ilə nəticələndi. Yeni hökumətdə ədliyyə naziri vəzifəsini də Baş nazir Fətəli Xan Xoyski öz üzərinə götürdü.

Hazırlıqlı mütəxəssislərin olmaması ondan irəli gəlirdi ki, cümhuriyyət dövrünə qədər ümumiyyətlə azərbaycanlılar ədalət mühakiməsinin həyata keçirilməsi işinə buraxılmırdılar. O dövrün görkəmli xadimlərindən biri Adilxan Ziyadxanovun yazdığı kimi, "Rusiyada hüquq fakültəsini bitirmiş müsəlmanlara ədliyyə məhkəmələrinə qanuni vəkil sifətində daxil olmaq ixtiyarı verilməmişdi. Halbuki, qeyri-millətlərdən bu ixtiyar alınmamışdı… Məhəlli məhkəmə idarələrimizdə öz ana dilimiz işlənmirdi. Oradakı hakimlər də dilimizi bilmirdilər və bilmək də istəmirdilər və öz hüquqşünaslarımızdan da məhkəmələrimizdə hakim təyin etmirdilər".

1918-ci il sentyabrın 17-də azad olunmuş Bakı şəhərinə köçən Hökumətin tərkibində olan Ədliyyə Nazirliyi də artıq 1918-ci il sentyabrın 26-dan Bakıda fəaliyyətə başladı. Ədliyyə Nazirliyinin yaranması tarixində olduqca böyük və mühüm məqam Azərbaycan Hökumətinin 1918-ci il 22 noyabr tarixli qərarının qəbul edilməsi oldu. Həmin gün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsi və ştat cədvəli təsdiq edildi. Əsasnamədə nazirin, nazir müavinin və kargüzarlığın direktorunun fəaliyyətinin əsas istiqamətləri haqqında qeyd olunmuşdu:

1918-ci il dekabrın 5-də Gəncə dairə məhkəməsi nəzdində hərbi məhkəmə təşkil edildi. Hərbi məhkəmənin rəisi vəzifəsinə 1919-cu il iyulun 14-də Teymur bəy Makinski təyin olundu. Yeni hökumət təşkil edildikdən sonra isə 1918-ci il dekabrın 26-da Teymur bəy Makinski yeni ədliyyə naziri təyin edildi. Həmin vaxt Azərbaycan Məhkəmə Palatası Prokuror nəzarəti, istintaq təsisatları və barışıq şöbələri ilə birlikdə Bakı və Gəncə Dairə məhkəmələri, Gəncə Quberniya idarə heyəti yanında Yerölçən, Bakı və Gəncə mərz dairələri nazirliyin tabeliyində idi.

1919-cu ilin martında Fətəli Xan Xoyski hökuməti buraxıldı. Nazirlər Şurasını formalaşdırmaq hüququ yeni Baş nazir Nəsib bəy Yusifbəyliyə tapşırıldı. O isə aprelin 14-də Aslan bəy Səfikürdskini ədliyyə naziri təyin etdi. Aslan bəy Səfikürdski ilk gündən öz fəaliyyətinin başlıca istiqamətlərini aşağıdakı kimi müəyyənləşdirdi: bütün xalq üçün onun hüquqlarının, rifahının və təhlükəsizliyinin həqiqi qorunmasını təmin edən ədalət mühakiməsi işinin ölkədə düzgün qurulması; ictimaiyyəti təmsil edənlərin ədalət mühakiməsinin aparılmasında iştiraka cəlb edilməsi; məhkəmələrdə seçki sisteminin qurulması.

Nazirlik yanında 1919-cu il fevralın 11-də yaradılmış məhkəmə hissəsinə dair qanun layihələrinin hazırlanması üzrə komissiyanın işinə də diqqət yetirdi.

Nazirlikdə mühüm ictimai-dövlət əhəmiyyəti kəsb edən müxtəlif qanun layihələri hazırlanır və məsələlər həll edilirdi. Hökumətin 1919-cu il 14 iyul tarixli iclasında Ədliyyə Nazirliyinin Azərbaycan vətəndaşlığı haqqında qəbul edilən qanun layihəsi həmin il avqustun 11-də Azərbaycan Parlamentinin iclasında təsdiq edildi. Ədliyyə Nazirliyinin fəaliyyətində mühüm addımlardan biri də tarixi qərarla əvvəllər Daxili İşlər Nazirliyinin tabeliyində olan həbsxana işi Ədliyyə Nazirliyinin tabeliyinə verildi. İlyarımlıq fəaliyyəti ərzində nazirlikdə 421 təyinat, 28 yerdəyişmə və 176 işdən azadetmə faktı qeydə alınmışdır. Nazirliyin aparatında şəxsi heyət sayca kifayət qədər idi. Lakin həbsxana işinin inkişafı və hüquq məsləhəti şöbəsinin yaradılması ilə əlaqədar olaraq ştat vahidlərinin artırılması tələb olunurdu. Məhkəmə idarəsində 1920-ci il yanvarın 1-nə olan vəziyyətə görə, ştat üzrə 861 nəfər qulluqçu var idi, onlardan 192 nəfəri dəftərxana işçisi, 91 nəfəri isə aşağı işçilər idi.

Lakin işdə əldə olunan müsbət irəliləyişlərlə yanaşı, boş yerlərin tutulması üçün kadrların, birinci növbədə yerli kadrların çatışmaması nazirliyin fəaliyyətini çətinləşdirirdi. Belə ki, bu istiqamətdə görülən tədbirlərdən biri də 1919-cu il dekabrın 22-də Azərbaycan Respublikası Məhkəmə Palatasının sədri tərəfindən ədliyyə nazirinə "Müvəqqəti hüquq kurslarının təsis edilməsi haqqında" Qanun layihəsi təqdim edilmişdi.

Məhkəmənin əhaliyə daha da yaxınlaşdırılması məqsədilə nazirlik məhkəmə orqanlarına Azərbaycan dilini bilən şəxslərin cəlb edilməsi üçün də tədbirlər həyata keçirdi. Görülmüş tədbirlər nəticəsində məhkəmə idarələrində bütün iclaslar yalnız Azərbaycan dilində aparılırdı. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi məhkəmə sübutları, cinayət və mülki hüquq sahələrində bir sıra tədbirlər də həyata keçirmişdir.

İlin sonlarına yaxın Azərbaycanda ictimai-siyasi vəziyyət kəskin pisləşdiyindən 1919-cu il sentyabrın 13-də Nazirlər Şurasının sədri N.Yusifbəyov istefa verdi. Beləliklə, 1919-cu il dekabrın 22-də parlamentin iclasında hökumətin yeni kabineti təşkil olunaraq təsdiq edildi və Xəlil bəy Xasməmmədov ikinci dəfə ədliyyə naziri vəzifəsinə təyin olundu. Bütün Nazirlər Şurasının üzvləri kimi, yeni ədliyyə naziri də ilk günlərdən bolşevik fəaliyyətinin güclənməsini, Azərbaycan Respublikasının ərazi bütövlüyünə daşnak Ermənistanı tərəfindən qəsd edilməsini və s. kimi mürəkkəb siyasi amilləri, habelə müxtəlif partiyalar arasında sərt mübarizəni nəzərə almışdır. Ona görə də nazirliyin həyata keçirdiyi tədbirlərdən biri də amnistiya haqqında qanun layihəsinin hazırlanması olmuşdur. Sənəddə deyilirdi: "Hüquqa və azadlığa, dövlət qaydalarına əsaslanan, Azərbaycan xalqının həyatında zülm, hakimiyyətsizlik və anarxiya dövrünə son qoyan respublikanın yaranmasından il yarımın keçdiyi günü qeyd etmək üçün və bütün vətəndaşlar üçün yeni həyata və respublikaya xidmətə bərabər yollar açılmasını tələb edən tarixi ədalət naminə 1918-ci il mayın 28-dək törədilmiş bütün cinayət əməllərinə görə ümumi amnistiya elan edilir".

Tarixdən məlumdur ki, Birinci Dünya müharibəsində qalib gəlmiş dövlətlər məğlub dövlətlərlə sülh müqavilələrini hazırlamaq və bağlamaq məqsədilə fasilələrlə 1919-cu il yanvarın 18-dən 1920-ci il yanvarın 21-dək davam edən Paris Sülh Konfransı çağırdılar. Yeni yaranmış müstəqil dövlət kimi Azərbaycan Xalq Cümhuriyyəti də dünya dövlətləri tərəfindən tanınmaq, beynəlxalq birliklərin bərabərhüquqlu üzvü olmaq, respublikanın suverenliyini və ərazi bütövlüyünü təmin etmək baxımından Paris Sülh Konfrasına böyük ümid bəsləyirdi. Beləliklə, Cümhuriyyət dövrünün görkəmli dövlət xadimlərindən biri olan Ə.Topçubaşovun başçılığı ilə Azərbaycan nümayəndə heyəti Paris Sülh Konfransında iştirak etdi. Ə.Topçubaşov qarşıya çıxan bütün çətinliklərə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin tanınması üçün böyük fədakarlıq göstərdi. Nəticədə Azərbaycanın 1920-ci il yanvarın 11-də müttəfiq dövlətlərin Ali Şurası tərəfindən de-fakto tanınması haqqında qərar qəbul olundu.

Azərbaycanın müstəqilliyinin tanınması ölkəmizə olan marağı da artırdı. Artıq Belçika, İsveçrə, Hollandiya, Çexiya və Slovakiya, Finlandiya və digər dövlətlər Bakıda öz konsulluqlarını açdılar. ABŞ, İngiltərə, Fransa və İtaliya Azərbaycanla iqtisadi əlaqələrini genişləndirməyə başladı. Lakin həmin dövrdə ölkədə ictimai-siyasi vəziyyət kəskinləşmiş, bilavasitə Sovet Rusiyasından siyasi və hərbi dəstək alan bolşeviklər, Azərbaycan Respublikası yarandığı gündən onun müstəqilliyinə və suverenliyinə qənim kəsilmiş digər siyasi, ictimai ünsürlər bütün vasitələrdən istifadə edərək hakimiyyəti devirməyə çalışırdılar. Ölkədə vəziyyətin mürəkkəbliyinə və çətinliyinə baxmayaraq ədliyyə naziri başda olmaqla nazirliyin işçiləri son günə qədər öz xidməti vəzifələrini vicdanla yerinə yetirdilər.

Beləliklə, 1920-ci il aprelin 28-də sovet Rusiyasının hərbi müdaxiləsi nəticəsində XI qırmızı ordu Azərbaycanı işğal edərək xalqımızın və dövlətçiliyimizin tarixində müstəsna rolu heç vaxt unudulmayacaq ilk milli və demokratik hakimiyyəti devirdi və burada Sovet hakimiyyətini qurdu. Elə həmin vaxtdan da Ədliyyə Nazirliyinin sovet dövrü başlandı.

Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun müstəqillik ideyası unudulmadı. Xalqımız ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi. Ümummilli lider Heydər Əliyevin respublikada uğurla həyata keçirdiyi siyasət və hər sahədə planladığı və böyük iradə, əzmlə reallaşdırdığı islahatlar xalqımızın gələcək yoluna işıq saçdı, tarixi-mədəni yaddaşımızı özümüzə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, onun uzaqgörən siyasəti nəticəsində müstəqillik arzularımız bir daha gücləndi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı.

Dahi öndərin dövlətçilik amalları və siyasi kursu 2003-cü ildə keçirilmiş prezident seçkilərində dövlət başçısı seçilən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdirilərək bütün sahələrdə davamlı tərəqqiyə nail olunmuşdur.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ədliyyəsi yeni-yeni nailiyyətlər qazanır, rolu və nüfuzu artır, mövqeyi möhkəmlənir. 2006-cı ildə Prezident İlham Əliyev tərəfindən Ədliyyə Nazirliyi haqqında Əsasnamə təsdiq edildi. Ədliyyə Nazirliyinə hüquq-mühafizə orqanı statusu verilməsi qarşıda duran mühüm vəzifələrin miqyasını daha da genişləndirdi. Dövlət başçısının 26 may və 17 avqust 2006-cı il tarixli fərmanları ilə "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" və "Ədliyyə orqanlarının inkişafı haqqında" qanunların qəbul olunması bu mühüm sahədə əsaslı dönüş yaratdı. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı" ölkəmizdə ədliyyə sisteminin daha da təkmilləşməsində, işin müasir tələblərə uyğun qurulmasında, ədalət mühakiməsinin həyata keçirilməsində iştirak edən orqanların fəaliyyətindəki səmərəliliyin artırılmasında önəmli rol oynadı. Eyni zamanda aparılan uğurlu siyasət nəticəsində Ədliyyə Nazirliyinin beynəlxalq əlaqələri sahəsində ən mütərəqqi addımlar atıldı və bu əlaqələr xeyli dərinləşdirildi.

Onu da qeyd etmək istərdim ki, artıq Ermənistanın Azərbaycana qarşı 30 il davam edən hərbi təcavüzünə, müharibə və insanlıq əleyhinə cinayətlərə, əsassız ərazi iddialarına son qoyulmuşdur. Heç bir beynəlxalq norma və prinsiplərə əməl etməyən düşmənin ölkəmizdə mülki əhaliyə qarşı törətdiyi qeyri-insani əməllər ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması işində Ədliyyə Nazirliyi tərəfindən davamlı fəaliyyət həyata keçirilmiş, xarici ölkələrin ədliyyə nazirlərinə, nüfuzlu beynəlxalq təşkilatlara, o cümlədən BMT-nin Uşaq Fonduna (UNİCEF), Dünya Bankına, Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinə, Ümumdünya Səhiyyə Təşkilatına və qurumun Avropa Regional Bürosuna, Beynəlxalq Antikorrupsiya Orqanları və Beynəlxalq Prokurorlar assosiasiyalarına, Almaniyanın Beynəlxalq Əməkdaşlıq Təşkilatına və Beynəlxalq Hüquq Əməkdaşlığı Fonduna müraciətlər ünvanlanmış, Avropa Şurasına üzv dövlətlərin ədliyyə nazirlərinin videoformatda keçirilən konfransında Ermənistanın beynəlxalq humanitar hüquq normalarını kobud surətdə pozması, nəticədə uşaqlar və qadınlar da daxil olmaqla yüzlərlə mülki vətəndaşın həlak olması və yaralanması faktları diqqətə çatdırılmış, bütün bu insanlıq əleyhinə və müharibə cinayətlərinə görə Ermənistan tərəfinin beynəlxalq müstəvidə məsuliyyətə cəlb olunaraq cavab verməli və beynəlxalq qurumların bu məsələdə ədalət naminə prinsipiallıq göstərməli olduğu qeyd edilmişdir.

Bu gün müstəqil Azərbaycan qarşıda duran ümummilli məqsədləri dəqiq müəyyən edərək, onların gerçəkləşdirilməsi istiqamətində ardıcıl, sistemli fəaliyyət göstərir. Ümumi şəkildə ifadə etsək, bu gün ölkədə Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məhkəmə-hüquq islahatlarının başlıca məqsədi modernləşmə mərhələsini sürətlə başa vuraraq Azərbaycanı inkişaf etmiş ölkələr səviyyəsində yüksəltmək, demokratik idealların cəmiyyətdə tam möhkəmlənməsinə nail olmaq, yeni düşüncəli vətəndaş yetişdirməkdir.

Şəlalə QULUZADƏ,

Azərbaycan Respublikası Ədliyyə

Nazirliyi Ədliyyə Akademiyasının

baş müəllimi,

ədliyyə müşaviri.