Yeni dünya düzənində reallıqlar Azərbaycanın xeyrinə dəyişir
Siyasət

Yeni dünya düzənində reallıqlar Azərbaycanın xeyrinə dəyişir

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. 2021-ci ildə Avropaya 8,2 milyard kubmetr qaz nəql edilmişdisə, enerji təchizatında turbulentliklərin yaşandığı ötən il isə qaz tədarükü 40 faiz artımla mümkün ən yüksək səviyyəyə 11,4 milyard kubmetrə çatdırılıb. Hazırda Avropanın 10-dan çox ölkəsinin Azərbaycan qazına olan ümumi tələbatı illik 30 milyard kubmetrdən çoxdur.

Avropa İttifaqı və Azərbaycan 2022-ci il iyulun 18-də enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalayıblar. Saziş 2027-ci ilə qədər Azərbaycanın Avropa İttifaqına qaz tədarükünü iki dəfə artıraraq ildə 8 milyard kubmetrdən 16 milyard kubmetrə çatdırmağı nəzərdə tutur.

"Bərpaolunan enerji sahəsinə investisiyalar Azərbaycana böyük həcmdə təbii qaza qənaət etmək imkanını verəcək ki, həmin qaz hazırda elektrik enerjisi istehsalı üçün istifadə olunur. Bu investisiyalar bizə böyük həcmdə təbii qaza qənaət etmək imkanını verəcək ki, həmin qaz hazırda elektrik enerjisi istehsalı üçün istifadə edilir. Söhbət ixrac üçün qənaət ediləcək bir neçə milyard kubmetr təbii qazdan gedir. Çünki son geosiyasi dəyişikliklər nəticəsində Azərbaycan qazına Avropada heç vaxt olmadığı qədər daha çox ehtiyac var". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxışı zamanı söyləyib. Azərbaycanın Xəzər dənizindəki yataqlardan Avropaya qədər uzanan 3.500 kilometrlik qaz boru kəmərini vaxtında istismara verdiyini qeyd edən Prezident İlham Əliyev deyib ki, bu, regionun enerji təhlükəsizliyinə daha bir töhfə olacaq.

Ölkə başçısının qeyd etdiyi kimi, Avropanın Azərbaycan qazına hazırkı dövrdə heç olmadığı qədər ehtiyacı var. Lakin buna baxmayaraq Qərbin Azərbaycana qarşı ikili siyasəti hazırkı əlaqələri çıxılmaz duruma sürükləyir.

Bu gün Mərkəzi Asiya ilə planlaşdırılan əməkdaşlıq yolunun Azərbaycandan keçdiyini unudan Avropa İttifaqı və onun dairələrindən biri olan Fransa ölkəmizə qərəzli addımlar atmaqdan çəkinmir. Fransa həmişə olduğu kimi, taxtada olan "şah"la "piyada"nı səhv salıb. Azərbaycanın Fransa iqtisadiyyatına sərmayələri 3 milyard dollara yaxındır. Azərbaycan ilə Fransa arasında qarşılıqlı ticari maraqlar var və Azərbaycan Fransanın çox ehtiyac duyduğu karbohidrogen  tədarükü həcmini iki dəfə artırmağa hazırlaşır. Ölkəmizdə Fransanın podratçı şirkətləri işləyir və onların reallaşdırdıqları layihələr dövlətimiz tərəfindən maliyyələşdirilir. Bu, təxminən 6 milyard dollar təşkil edir. Fransanın Cənubi Qafqaz regionunda ümumi ticarət dövriyyəsinin 60%-dən çoxu Azərbaycanın payına düşür. Azərbaycanda Total, Alstom, Danone, ACCOR, Airbus, Thales kimi Fransa şirkətləri fəaliyyət göstərir. Fransızlar Azərbaycan iqtisadiyyatına 2 milyard dollardan çox sərmayə qoyublar. Bu şirkətlərə isə nümunə olaraq - "Michelin", "Dior", "Lacoste", "Yves Saint Laurent", "Louis Vuitton", "Chloe", "Chanel", "Nina Ricci", "Cartier", "President", "Elle & Ville" və s. göstərmək olar.  Belə halda yeni oyun başlatmaq istəyən rəsmi Parisə bir sual vermək yerinə düşər: Kim daha çox itirəcək?

Prezident İlham Əliyev Qranada və Brüssel  görüşlərinə getməkdən imtina edərək Azərbaycanın qəti mövqeyini ortaya qoydu, qardaş Türkiyənin olmadığı masada əyləşmədi. 30 il boyunca münaqişəni yubadan, bu gün isə müxtəlif dairələrdə Azərbaycan əleyhinə fikirlər səsləndirən ölkələrə məhəl qoymadı. Haylara silah satışı, diplomatiya dəstəyi  göstərən bir çox qərb dövlətləri Azərbaycanı erməni lobbisinin dəstək göstərdiyi dövlətlərlə müzakirəyə dəvət edib yeni şou yaratmaq istəyirdilər. Lakin ölkəmiz Ermənistanı alət olaraq istifadə edib regionda neokolonist siyasət yürütmək istəyən qüvvələrə qarşı "dəmir yumruğ"u göstərdi. Bəzi pozucu qərb dairələri artıq öz tərəfini seçməlidir. Qarşıdan gələn soyuq qış günləri Qərbi indidən "üşütdüyündən" onlar Azərbaycana qarşı haqsız tələblərini qəti olaraq irəli sürə bilmirlər. Dünyanın ən böyük neft ixracatçılarından biri olan Azərbaycan kimi tərəfdaş ölkəni itirmək Qərbdə yarana biləcək hər hansı bir böhranın təməlini ata bilər.

Məhz bu növ ikili siyasətlə Qərb küləyinə məruz qalan qüvvələrdən biri kimi Avropa İttifaqını göstərmək olar. Aİ-nin təşəbbüsü ilə Azərbaycan və Errmənistan arasında bundan öncə baş tutan mənasız görüşlər bir daha onu sübut etdi ki, ittifaq tarixə qovuşmuş münaqişənin həlli və sülhün əldə olunması üçün qəti heç bir addım atmayıb, əksinə sərhəd bölgələrinə tez-tez missiya göndərmək cəhdləri ilə zəif bəndi seçib Cənubi Qafqazı həmin marşrutla  idarə etmək istəyirdi. Azərbaycan isə bu tamaşanı sonlandıraraq həm Avropa İttifaqının Cənubi Qafqaza mümkün mənfi təsirlərinin qarşısını aldı, həm də nəticə etibarilə zəif bənd olan Ermənistandan alət kimi istifadə edərək bölgəyə sızmaq cəhdləri dəf edildi. Ölkəmiz Vətən müharibəsində parlaq qələbəsini diplomatik arenadakı əzmi ilə birləşdirərək regionda öz gücünü əhəmiyyətli dərəcədə artırdı. Odur ki, Aİ timsalında bəzi Qərb ölkələri bölgəyə hər hansı bir təsiretmə cəhdində ilk öncə Azərbaycanla hesablaşmalıdır. Nə Cənubi Qafqaz regionunda, nə də Mərkəzi Asiyada Avropa İttifaqının heç bir inteqrasiya prosesi Azərbaycanın razılığı olmadan aparıla bilməz.

Aİ başqa bir faktı da dərk etməlidir ki, ittifaqın bölgədə mümkün sülh üçün istənilən fəallığı artıq Azərbaycan üçün heç bir nəticə hasil etməyəcək. Bundan sonra regionun maraqlarını artıq orada yaşayan dövlətlər özü təmin etməlidir. Ələlxüsus, birbaşa Azərbaycanın təşəbbüsü olan "3+3" formatı region üçün həlledici əhəmiyyət daşıyır. Sözügedən formatın fəaliyyətə başlamamasının əsas səbəbi regionda Azərbaycanla İran arasında mövcud gərgin dönəm idi. Lakin münasibətlərin konstruktivləşməsiylə gərginliyin aradan qalxması "3+3" formatına olan marağı yenidən gündəmə gətirdi.

Azərbaycanın öz daxili investisiya resursları və mühüm tərəfdaşlıq etdiyi ölkələr mövcuddur. Bu dövlətlərə Çin, Türkiyə, Səudiyyə Ərəbistanı və BƏƏ-ni nümunə göstərmək olar. Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər ərzində ölkəmizdə iqtisadiyyatın davamlı və rəqabətqabiliyyətli inkişafı istiqamətində çoxşaxəli iqtisadi islahatlar həyata keçirməsi, o cümlədən regionların sosial-iqtisadi inkişafının təmin edilməsi, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft ixracının artırılması üzrə kompleks tədbirlər görülmüşdür. Neft sektoru ilə yanaşı, qeyri-neft sektoru sahəsinə də qoyulan investisiyalar, pambıqçılıq və yerli sənayenin inkişaf etdirilməsi, azad iqtisadi zonaların yaradılması Azərbaycanın regionda iqtisadi haba (mərkəzə) çevrilməsinə şərait yaratmışdı. Artıq Azərbaycanın regionun lider dövləti olaraq nə ABŞ-a, nə də Aİ-yə iqtisadi baxımdan ehtiyacı yoxdur. Bu fonda bəzi pozucu dairələrin planları hələlik "nonsens" olaraq qalır.

Tacir SADIQOV,

"Respublika".