Hüquqi, maarifləndirici birgə tədbir
CƏMİYYƏT

Hüquqi, maarifləndirici birgə tədbir

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışının 31-ci ildönümü və ölkəmizdə 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi haqqında Prezident İlham Əliyevin 2023-cü il 25 dekabr tarixli Sərəncamının icrası ilə əlaqədar Şəmkir rayonunda Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri və Müdafiə Nazirliyinin yüksəkrütbəli hərbi qulluqçularının iştirakı ilə birgə tədbir keçirilib.

Hərbi prokurorun böyük köməkçisi - mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev Hərbi Prokurorluğun Hüquqi Təminat və İnsan Hüquqları Məsələləri Şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Səməd Əliyev, Şəmkir hərbi prokuroru, ədliyyə polkovnik-leytenantı İlham Babayev və digər şəxslər çıxış ediblər.

Çıxışlarda müstəqillik yolumuzu və firavan gələcəyimizi işıqlandıran dünyaşöhrətli tarixi şəxsiyyət Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən bəhs olunub. Çıxış edənlər dahi şəxsiyyətin Azərbaycanın qüdrətlənməsinə hesablanan mükəmməl siyasətini yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 il ərzində ölkəmizdə görülən müstəsna işləri vurğulayıblar. Həyata keçirilən hərtərəfli islahatlar, bütün sahələrdə qazanılan uğurlar, o cümlədən qüdrətli Silahlı Qüvvələrimizin formalaşması, eləcə də ətraf mühitin daha da sağlamlaşdırılması və etibarlı qorunması haqqında danışan natiqlər bu nailiyyətlərin əldə edilməsində Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyini xüsusi qeyd ediblər.

Tədbirdə, həmçinin hərbi prokurorluğun Silahlı Qüvvələr, o cümlədən Müdafiə Nazirliyi ilə səmərəli, qarşılıqlı, işgüzar münasibətlərdən söhbət açılıb. Eyni zamanda ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərindən, hüquq və vəzifələrdən, ekoloji qanun pozuntularından, ekoloji cinayətlərdən və vətəndaş məsuliyyətdən ətraflı bəhs olunub.

Daha sonra hüquqi maarifləndirici məzmunlu çıxışlar olub, hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb. Eləcə də hərbçilərin qayğı və problemləri müzakirə edilib.

Bayram SALMANOV,

"Respublika".