ŞƏRQLƏ QƏRB, ƏNƏNƏ İLƏ MÜASİRLİK QOVUŞUR
Siyasət

ŞƏRQLƏ QƏRB, ƏNƏNƏ İLƏ MÜASİRLİK QOVUŞUR

Bakı Konqres Mərkəzində "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirildi. Dünyanın diqqəti yenidən ölkəmizin paytaxtına yönəldi və Bakı daha bir mötəbər beynəlxalq tədbirə ev sahibliyi etdi. Dünyanın 110 ölkəsinin fərqli etnik, mədəni, dini və dil mənşəyi olan təmsilçiləri sülh və qlobal təhlükəsizliyə töhfə vermək üçün bir araya gəldilər.

Şərq və Qərb arasında körpü rolunu oynayan müstəqil Azərbaycan növbəti dəfə sülhü təşviq etmək, qlobal təhlükəsizliyi gücləndirmək, əməkdaşlığı möhkəmləndirmək kimi dünyanı narahat edən vacib proseslərə, mürəkkəb geosiyasi məsələlərə, xalqımızın zəngin milli dəyərlərinə dünya ictimaiyyətinin diqqətini cəlb etdi.

Forumun açılış mərasimi respublikamızın hər yerində diqqətlə izlənilmiş, Azərbaycan Prezidenti İlham Əliyevin dərin məzmunlu, proqram xarakterli nitqi böyük marağa səbəb olmuşdur. Lənkəran Dövlət Universitetinin İqtisadiyyat və innovativ idarəetmə kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Aytəkin Əfəndiyeva beynəlxalq əhəmiyyətli forumun Bakı şəhərində keçirilməsindən qürur duyduğunu ifadə edərək deyir:

- Müxtəlif millətlərin, xalqların, etnosların nümayəndələri, etnik qruplar əsrlər boyu ölkəmizdə vahid, mehriban ailə kimi yaşayıblar. Milli və dini zəmində heç vaxt ayrı-seçkilik, münaqişə, qarşıdurma baş verməyib. Ümummilli lider, dünyaşöhrətli görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında, dini dözümlülük ənənələrinin bərqərar olunmasında müstəsna xidmətləri olmuşdur.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik siyasəti sayəsində ölkəmizdə dini və milli mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlar eyni hüquqa malikdirlər. Ayrı-seçkilik qoyulmadan hər kəsin söz, mətbuat, vicdan, dini etiqad azadlığı və hüquqları təmin olunur. Müxtəlif millətlərə, dinlərə, etnik qruplara mənsub insanlar müstəqil Azərbaycanın sosial-iqtisadi inkişafına, mədəniyyətlər və sivilizasiyalararası dialoqa mühüm töhfələr verirlər.

Dövlətimizin başçısı cənab İlham Əliyev müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun və əməkdaşlığın gücləndirilməsi üçün "Bakı Prosesi"nin təşəbbüskarı və müəllifidir. Cənab Prezident bu cür uzaqgörən yanaşma ilə sərhədləri aşaraq və parçalanmanı aradan qaldıraraq millətlər arasında daha böyük anlaşma və qarşılıqlı hörmətə yol açır.

"Bakı Prosesi" çərçivəsində keçirilən 250-dən artıq tədbirdə 180 ölkədən olan 10 mindən çox iştirakçı-hökumət rəsmiləri, beynəlxalq təşkilat və institutların təmsilçiləri ölkəmizin irəli sürdüyü yeni mədəniyyətlərarası təşəbbüsləri, müasir çağırışları dəstəkləmiş, mədəniyyətlərarası dialoqu qlobal şəkildə təşviq etmişlər.

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, sözün əsl mənasında, çox mühüm beynəlxalq platformadır. Forumun məqsədi yeni siyasət, sənədlər və razılaşmalar formalaşdırmaqdır. Çünki dayanıqlı inkişaf, təhsil və turizm, sosial media və süni intellekt bəşəriyyəti birləşdirir, xalqları bir-birinə daha da yaxınlaşdırır.

Azərbaycanda yaşayan insanlar, müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayırlar. Ölkəmiz daxilində hər zaman müsbət mədəniyyətlərarası dialoq olub. Bunu hər birimiz öz gündəlik həyatımızda hiss edirik.

Möhtərəm Prezidentimizin forumdakı nitqində qeyd olunduğu kimi, torpaqlarımız 30 il ərzində işğal altında qalıb. Bir milyon nəfər azərbaycanlı qaçqın və məcburi köçkün həyatı yaşayıb, soydaşlarımız etnik təmizləməyə məruz qalıb. Demək olar ki, insanlar 30 il əziyyət çəkib, beynəlxalq hüquq normaları kobud şəkildə pozulub, xalqımızın tarixi, mədəni abidələri, o cümlədən 67 məsciddən 65-i erməni vandalları tərəfindən tamamilə məhv edilib. Bəzi ölkələr bu qəsbkarlığa görə Ermənistana dəstək veriblər.

Azərbaycan sülhü müharibə vasitəsilə təmin edib. 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad edilib, ötən ilin sentyabr ayında isə ölkəmizin suverenliyi tam şəkildə bərpa olunub.

Bəzi qüvvələr yenidən Ermənistanı qızışdırır, silahlandırır, sülh sazişinin imzalanmasına mane olurlar. Ermənistan artıq anlayır ki, biz Cənubi Qafqazda sülh istəyirik və bölgədə sülh yalnız Azərbaycanla Ermənistan arasında normallaşma vasitəsilə həll oluna bilər. Artıq müsbət tendensiya əldə olunub və sülhə doğru inamlı addımlar atılır. Sərhədlərin delimitasiyası, demarkasiyası başlanıb.

Ölkəmizdə bir çox dinlərin dəyərləri, abidələri qorunur, mühafizə olunur. Dünya ictimaiyyəti, nüfuzlu beynəlxalq təşkilatlar, dünyanın tanınmış dini liderləri Azərbaycanda digər dinlərlə əməkdaşlığı yüksək qiymətləndirirlər.

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun paytaxtımızda keçirilməsi ilk növbədə xalqımızın zəngin milli-mənəvi dəyərlərinin ən yüksək səviyyədə qiymətləndirilməsinə, Azərbaycanın sivilizasiyalararası inkişafın və ümumbəşəri dəyərlərin qorunub saxlanılması işindəki roluna verilən yüksək qiymətdir.

Forum ölkəmizin beynəlxalq nüfuzunun daha da artmasında, xalqımızın tarixi-mədəni irsinin geniş miqyasda tanıdılmasında, millətlər arasında anlaşmanın əldə edilməsində əhəmiyyətli rol oynayacaqdır.

Əlisəfa HƏSƏNOV,

"Respublika".