ŞƏMKİRDƏ BECƏRİLƏN MƏHSULLAR DÜNYADA TANINIR
Region

ŞƏMKİRDƏ BECƏRİLƏN MƏHSULLAR DÜNYADA TANINIR

Respublikanın hər yerində olduğu kimi, qərb bölgəsində də yaz-tarla işlərinin qızğın çağıdır və əkinçilər vaxtının çox hissəsini tarlalarda keçirirlər. Qazax-Tovuz iqtisadi rayonuna daxil olan Şəmkir hər zaman aqrar sektorun yüksək təşəkkül tapdığı rayon olmuş, bu gün də həmin ənənə davam etdirilir.

Dövlətin hərtərəfli dəstəyi insanların bu sahəyə marağını daha da artırır. Məlumdur ki, ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasında şəmkirlilərin özünəməxsus yeri var. Eyni zamanda rayonda istehsal olunan ekoloji təmiz, rəqabətədavamlı, ixracyönümlü məhsullar bir sıra xarici ölkələrə ixrac olunur, nəticədə respublikaya valyuta axını yaranır.

Şəmkir DAİM-in direktoru Rəşad Əzizov bildirdi ki, rayon iqtisadiyyatının əsasını aqrar sahə təşkil edir. Hazırda Şəmkirdə istər dəmyə, istərsə də suvarma altında olan torpaqlar tamamilə əkin dövriyyəsinə cəlb olunmuşdur. Hazırda respublikanın əksər bölgələrində olduğu kimi, qərb bölgəsində də yağıntılı hava hökm sürür. İntensiv yağan yağışlar meyvəçiliyə bir qədər zərər vursa da, əkinçiliyə faydalı sayılır.

Dağlıq ərazidə dəmyə şəraitində yetişdirilən bitkilərə, o cümlədən kartof, taxıl, eləcə də otlaq sahələrinə, eyni zamanda aran bölgəsində taxılçılıq, çoxillik bitki olan yonca, tərəvəz sahələrinin suvarılmasını təbiət özü tənzimləyir ki, bu da fermerlərin ürəyincədir.

Şəmkirdə 54140 hektar əkinəyararlı torpaq sahələri var. 2023-cü təsərrüfat ilində 9903,6 hektar buğda sahəsindən 34465 ton, hər hektardan orta hesabla 34,8 sentner, 5724,4 hektar arpa sahəsindən 17746 ton (hər hektardan 31 sentner), 125 hektar vələmir sahəsindən isə 288 ton, orta hesabla 23 sentner məhsul əldə edilmişdir.

Rayonda bağçılığın ərazisi də ilbəil genişlənir. Ötən il ərzində 4612 hektar meyvə bağından 936236 ton, hər hektardan 203 sentner məhsul toplanıb. Əldə olunan yüksəkkeyfiyyətli məhsulun bir hissəsi daxili bazarlarda realizə olunmuş, bir hissəsi isə "Made in Azerbaijan" brendi altında xarici ölkələrə ixrac olunub.

Şəmkirdə hazırda 5271 istixana mövcuddur. İstixanalarda müxtəlif növ tərəvəz məhsulları yetişdirilərək daxili bazarlarda bolluq yaradır, eyni zamanda qonşu ölkələrə ixrac olunur. Bir məsələni xüsusilə vurğulamaq lazımdır ki, istixanalarda təkcə şəmkirlilər deyil, qonşu rayonun sakinləri də günəmuzd çalışır ki, bu da bölgədə işsizliyin aradan qaldırılmasında mühüm əhəmiyyət kəsb edir.

Şəmkirdə hələ keçmiş zamanlarda keyfiyyətli üzüm sortları yetişdirilib. Təəssüflər olsun ki, ötən əsrin 90-cı illərində adıçəkilən gəlirli sahə tamamilə tənəzzülə uğradı. Hektarlarla üzüm plantasiyaları ləğv edildi, rayon ərazisində fəaliyyət göstərən üzüm emalı və şərab istehsalı müəssisələri darmadağın edildi, yüzlərlə insan işsiz qaldı. Eyni zamanda keyfiyyəti ilə bütün dünyaya səs salan Şəmkir şərabının istehsalı dayandırıldı. Lakin son zamanlarda dövlətin şərabçılığın - üzümçülüyün inkişafına dəstəyi nəticəsində yeni bağlar salınır. Hazırda rayon ərazisində 558 hektar üzüm bağına yüksək aqrotexniki qulluq göstərilir.

Ötən il 1252.8 ton yüksəkkeyfiyyətli məhsul əldə olunmuşdur. Əldə olunan süfrə sortları bazarlarda satılmış və xarici ölkələrə ixrac olunmuşdur. Texniki sort üzüm isə rayonda fəaliyyət göstərən "Şərq ulduzu" MMC emal müəssisəsinə təhvil verilir. Bəzi fermerlər istehsal etdikləri məhsulu soyuducu anbarlarda saxlayaraq qış aylarında satışına üstünlük verirlər. Buna görə də Şəmkirdə 12 soyuducu anbar fəaliyyət göstərir.

2023-cü ildə 6590 hektar kartof sahəsindən 188615,7 ton məhsul əldə edilib. Hər hektardan orta hesabla 286 sentner yüksəkkeyfiyyətli kartof yığılıb.

Cari ilin məhsulu üçün Şəmkirdə 8208 hektar buğda, 611 hektar arpa, 875 hektar qarğıdalı, 770 hektar günəbaxan, 425 hektar kartof əkini aparılmış və əkinlərə yüksək aqrotexniki qulluq göstərilir.

Vəli VƏLİYEV,

"Respublika".