Azərbaycanla hesablaşmaqdan başqa alternativ yoxdur
Siyasət

Azərbaycanla hesablaşmaqdan başqa alternativ yoxdur

Vətən müharibəsi qələbə ilə bitdikdən dərhal sonra qonşu dövlət ilə münasibətlərin normallaşması, xalqların təhlükəsiz şəraitdə yaşaması naminə Azərbaycan qarşı tərəfə sülh təklif etdi.

Beş baza prinsipindən ibarət sülh sazişinin müddəalarından biri də iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiyası məsələsidir. Ermənistanın qeyri-konstruktiv davranışları nəticəsində yalnız son vaxtlar bu istiqamətdə işlərə başlanılıb. Belə ki, bu il aprelin 19-da Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistanın dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının səkkizinci görüşündə Azərbaycanın anklav olmayan 4 kəndinin - Bağanis Ayrım, Xeyrimli, Aşağı Əskipara və Qızılhacılı kəndlərinin qaytarılması haqqında razılıq əldə olunub.

Bundan sonra müntəzəm təmaslar, açıq müzakirələr, konstruktiv yanaşmalar nəticəsində sərhəddə koordinatların dəqiqləşdirilməsi, geodeziya ölçmələri əsasında sərhəddə dirəklərin quraşdırılması işləri aparılır. Komissiyaların doqquzuncu görüşündə isə təmasların səkkizinci görüşdə əldə olunmuş razılıqlara uyğun şəkildə həyata keçirilməsi qərara alınıb. Sərhədlərin müəyyən edilməsi isə regionda əmin-amanlığın, təhlükəsizliyin bərqərar olunması istiqamətində atılan mühüm addımdır. Belə ki, iki ölkə rəsmiləri arasında vasitəçilərsiz baş tutan görüşlərdə sərhədlərin delimitasiyası prosesinə başlanması 3 ildən artıqdır ki, gözlənilən sülh sazişinin bağlanmasına ümid yaradır.

Lakin sülh danışıqlarında müəyyən irəliləyişlərə nail olunduqda istər Ermənistan daxilində, istərsə də xarici havadarları tərəfindən prosesə mane olan qüvvələr meydanlara çıxarılır. Bu dəfə isə qonşu dövlətdə müxalif qüvvələr və onunla əlbir olan keşiş Baqrat Qalstanyanın birgə fəaliyyəti sayəsində ölkə ərazisində etiraz aksiyaları keçirilir. Revanşistlər Ermənistanla Azərbaycan arasında sərhəd dirəklərinin quraşdırılmasına, Qazaxın işğalı altında qalan 4 kəndinin geri qaytarılmasına, ümumilikdə sülh prosesinə mane olmağa çalışırlar. Bu məqsədlə İrəvanda küçələri və avtomobil yollarını bağlayır, əhalini etirazlara səsləyir, Respublika meydanında toplanaraq Nikol Paşinyanın istefasını tələb edirlər. Ermənistan parlamentinin spikeri Alen Simonyan kilsənin öz işini buraxıb siyasətlə məşğul olmasını, keşiş Baqrat Qalstanyanın etiraz aksiyalarına başçılıq etməsinin qəbuledilməz hal olduğunu bildirib. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan isə Maltanın xarici işlər naziri İan Borqla birgə mətbuat konfransında sərhədlərin delimitasiya prosesinə etiraz edən bir qrup müxalif siyasətçini vaxtilə öz vəzifələrini tərk edən fərarilər adlandırıb. Vəziyyəti dərk etmədən, ya da bəzi qüvvələrin sifarişləri ilə bu mövqedə olan revanşistlərin Ermənistana qarşı çıxdıqlarını vurğulayıb.

Təbii ki, aksiyalar yalnız keşişin təşəbbüsü ilə baş tutmayıb, burada keçmiş prezidentlər Robert Köçəryan, Serj Sarkisyan, revanşistlər, radikallarla yanaşı, hər zaman Ermənistandan siyasi oyuncaq kimi istifadə edilən qüvvələrin fəaliyyəti də istisna deyil. Belə ki, sərhədlərin müəyyən edilməsi ilə iki ölkə arasında münasibətlərin normallaşacağından narahatlıq keçirən güclər fəaliyyətə başlayıblar. Digər tərəfdən də ölkə daxilində hakimiyyət uğrunda mübarizə getdikcə güclənir. Görünən odur ki, hakimiyyətdən narazı olan sadə xalq Paşinyanın istefası ilə bağlı Baqrat Qalstanyanın koordinasiya etdiyi aksiyalara qoşulmur. İqtidarın əleyhdarları ilə təəssübkeşləri arasında mübahisələr gərginləşsə də etiraz aksiyaları kütləvi xarakter daşımır. Bu isə bir daha göstərir ki, İkinci Qarabağ müharibəsində qonşu dövlətin ərazisində döyüşdüyünü anlayan xalq yeni müharibənin başlamasını, qan tökülməsini istəmir. Bir aya yaxındır ki, dini xarakterli şüarlar səsləndirməklə nümayişləri idarə edən keşiş, hakimiyyətə qarşı çıxan müxalif qüvvələr, revanşistlər isə ölkə daxilində sabitliyi pozmaq, iğtişaşlar yaratmaqla Paşinyanı devirmək və bununla da "xam xəyallarını" gerçəkləşdirmək arzusundadırlar.

Delimitasiya və demarkasiya prosesinə müsbət cavab verməklə N.Paşinyanı sülh naminə "birtərəfli güzəştlərə" getdiyinə görə tənqid edən revanşistlər bu kəndlərin Azərbaycanın tarixi əraziləri olduğunu bilsələr də bunu qəbul etmək istəmirlər. Hansısa "güzəştdən" dəm vuran radikallar rəsmi Bakı ilə İrəvan arasında sərhədlərin delimitasiyasının regionda uzunmüddətli sülhün bərqərar olmasına imkan yaradacağından narahatdırlar. Lakin revanşistlər 4 kəndin geri qaytarılmasına, sərhədlərin delimitasiyası prosesinin başlanmasına kəskin etirazlarını bildirsələr də bu istiqamətdə işlər davam edir. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, sərhədin Qazax rayonu hissəsində müvafiq ərazilər minalardan təmizlənib, coğrafi koordinatlar dəqiqləşdirilib, sərhəd dirəklərinin quraşdırılması isə demək olar ki, başa çatıb.

Qeyd edək ki, Azərbaycan və Ermənistan delimitasiya prosesinin ilkin mərhələsində sərhədin ayrı-ayrı hissələrinin keçmiş Sovet İttifaqı dövründə mövcud olmuş, hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun müəyyən olunmuş yerlərdən keçməsini qərarlaşdırıblar. Əldə edilən razılaşmalara əsasən aprelin 23-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılmışdır. İstər Ermənistanın daxilindəki radikal qüvvələr, istərsə də onun arxasında dayanan, yalan vədlər verən himayədarları bu reallığı qəbul etməli, Qarabağ müharibəsinin qalibi Azərbaycanla hesablaşmalıdırlar, başqa alternativ yoxdur.

Mehparə ƏLİYEVA,

"Respublika".