Reinteqrasiyanın yol xəritəsi
Siyasət

Reinteqrasiyanın yol xəritəsi

"Ərazimizdə yaşayan azərbaycanlı da, ləzgi də, avar da, kürd də, talış da, udin də, kumık da, başqası da - bütünlükdə hamısı azərbaycanlıdır. Azərbaycanlı sözü bizi həmişə birləşdirib". Bu sözləri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev respublikada yaşayan ləzgi ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib.

Ölkəmizin çoxmillətli, beynəlmiləl olması bizim milli sərvətimizdir. Ermənistanın apardığı siyasət o istiqamətdə gedirdi ki, onlar bütün başqa millətləri dağıdıb, əziyyət verərək çıxarırdılar. Dünyada insanların, cəmiyyətin inkişafı elə mərhələlərdən keçib ki, ayrı-ayrı kökdən olan millətlər, xalqlar bir-biri ilə birləşib. Respublikamızda konfessiyaların dinc yaşaması daim diqqətdə saxlanılıb və çoxəsrlik ənənəyə əsaslanaraq bütün etnosların qarşılıqlı əlaqəsi Azərbaycanın bütövlüyünə, inkişafına yönəlib. Azərbaycanlılardan başqa ölkəmizdə bir sıra azsaylı xalqlar və milli azlıqlar məskunlaşıb. Bunlar hind-Avropa dilləri ailəsinin İran dilləri qrupuna daxil olan tatlar, talışlar, kürdlər, dağ yəhudiləri, Qafqaz dilləri ailəsinin Şərqi Qafqaz (Dağıstan) qrupunun avar-and-sez yarımqrupuna daxil olan ləzgilər, avarlar, udilər, saxurlar, "Şahdağ qrupu" xalqları (xınalıqlılar, buduqlar, qrızlar), Qafqaz dillərinin kartvel qrupuna daxil olan və gürcü dilinin ingiloy ləhcəsində danışan ingiloylardır. Bundan başqa, Azərbaycanda XIX əsrin 30-cu illərində gəlmiş və şərqi slavyan dilləri qrupuna daxil olan ruslar, həmçinin keçən əsrin 50-60-cı illərindən Axıska türkləri məskunlaşıblar. Tarix boyu Azərbaycanda yaşayan xalqlar arasında milli münasibətlər öz dinc axarı ilə getmiş, etnik münaqişələr və gərginlik üçün zəmin olmayıb. Konstitusiyamızda bərabərlik, təhlükəsiz yaşamaq hüququ, azadlıq hüququ, şəxsi toxunulmazlıq hüququ, fikir və söz azadlığı və s. maddələr məhz ölkəmizdə məskunlaşan milli azlıqlar üçün də keçərlidir. Ölkəmizdə milliyyətindən, irqindən və dinindən asılı olmayaraq şəxsiyyət azadlığı və bütün vətəndaşların hüquq bərabərliyi hər kəsə məlumdur.

Azərbaycanda başqa xalqlarla, millətlərlə, etnik qruplarla yanaşı, ermənilər də yaşayırdılar. Ermənilərlə azərbaycanlılar arasında iki əsr ərzində toqquşmalar, ziddiyyətlər olub. Bu gün Azərbaycanda on minlərlə erməni yaşayır. Burada dinindən, irqindən asılı olmayaraq, bütün insanlara eyni münasibət göstərilir, Konstitusiyanın öz vətəndaşlarına verdiyi hüquqlardan hamı bərabər yararlanır. Lakin Ermənistan 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Bərdə, Beyləqan, Ağcabədi, Şəmkir, Tovuz və digər yaşayış məntəqələrini raket atəşinə tutub. Atəş yalnız mülki azərbaycanlıların deyil, bu şəhərlərdə yaşayan müxtəlif xalqların - rus, yəhudi, ləzgi, talış, o cümlədən ermənilərin də həyatını təhlükə altında qoyub.

İkinci Qarabağ müharibəsi bitdikdən sonra qarşıya qoyulan əsas məsələlərdən biri də Qarabağda yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası prosesi idi. Reinteqrasiya dedikdə, ilk növbədə ölkəmizin qanunları çərçivəsində birgəyaşayış nəzərdə tutulur. Burada əsas məsələ ondan ibarətdir ki, Qarabağda yaşayan erməni sakinləri Azərbaycan vətəndaşlığını qəbul edərək, ölkəmizin beynəlxalq hüquqa əsaslanan qanunvericiliyinə hörmət, ərazi iddialarından birdəfəlik imtina edib, cəmiyyətlə inteqrativ şəraitdə yaşayacaq. Tarixən mövcud olan birgəyaşayış təcrübəsini ermənilər yenidən mənimsəməlidirlər. Əslində, Ermənistan xalqı, Qarabağın erməni icmasının əksər hissəsi artıq müharibədən bezib. Onlar Azərbaycanla reinteqrasiyada maraqlıdırlar.

Qeyd edək ki, hazırda Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiya prosesinə əvvəllər burada fəaliyyət göstərən separatçılar da mane olurdu. Amma Azərbaycanın keçirdiyi 24 saatlıq lokal antiterror tədbirləri nəticəsində onlar tarixin arxivinə gömüldü. Bu, bir daha ölkəmizin ərazilərində yaşayan ermənilərin təhlükəsizliyinin təmin edilməsində maraqlı olduğunun göstəricisidir. Biz erməniləri təlaş içində yaşadıqları yerləri tərk etməməyə və çoxmillətli Azərbaycanın bir hissəsi olmağa çağırırıq. Məqsədimiz sadəcə qanunsuz separatçı rejimi devirmək idi. Qarabağda yaşayan ermənilər düzgün addım atmalıdırlar, başa düşməlidirlər ki, onların gələcəyi ancaq Azərbaycan cəmiyyətinə reinteqrasiyadan keçir. Başqa cür mümkün deyil. Yəni biz real həyatda yaşayırıq. Həm iqtisadi, həm coğrafi, həm nəqliyyat nöqteyi-nəzərdən Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Əgər Qarabağda kimsə yenə də hansısa statusdan, müstəqillikdən söhbət aparırsa, bilmək lazımdır ki, o, erməni xalqının birinci düşmənidir. Çünki Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi, nə də ki, hansısa xüsusi imtiyazı olacaq. Azərbaycan vətəndaşları necə, onlar da elə.

Röya RÜSTƏMLİ,

"Respublika".