Türkiyəli ekspert: Azərbaycanın Aİ strukturlarında təmsilçiliyə heç bir ehtiyacı yoxdur
Siyasət

Türkiyəli ekspert: Azərbaycanın Aİ strukturlarında təmsilçiliyə heç bir ehtiyacı yoxdur

Azərbaycan nə yaxın gələcəkdə, nə də uzaq perspektivdə Avropa İttifaqına inteqrasiya haqqında ciddi düşünməyib. Azərbaycan tərəfindən dəfələrlə belə planların olmaması barədə bəyanat verilib. Bu səbəbdən Azərbaycanın Aİ strukturlarında təmsilçiliyə heç bir ehtiyacı yoxdur.

Bu fikirləri Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin bu təşkilatla qarşılıqlı fəaliyyətini və orada iştirakını qeyri-müəyyən müddətə dayandırması üzrə qərarını şərh edən türkiyəli ekspert Engin Özer AZƏRTAC-la bölüşüb.

Agentliyin müsahibinin sözlərinə görə, Bakının artıq həll olunmuş Qarabağ münaqişəsi ilə bağlı məsələdə də Avropa İttifaqının vasitəçiliyinə ehtiyacı yoxdur. O əlavə edib: "Bəli, erməni tərəfi Qarabağ üçün muxtariyyət və ya xüsusi status əldə etməyə çalışır, amma bu, real deyil. Ərazi bütövlüyünü tam bərpa etmiş Azərbaycanın Konstitusiyası da bunu istisna edir və ümumilikdə, həmin məsələ mümkün deyil. Beləliklə, bir daha təkrar edirəm ki, Azərbaycanın Aİ strukturlarında təmsilçiliyinə heç bir ehtiyac yoxdur, bu məsələ aktual deyil".

Azərbaycan nümayəndə heyətinin səbrinin daşmasına səbəb olan AŞPA-nın anti-Azərbaycan mexanizmini işə salmasının səbəblərindən danışan politoloq vurğulayıb ki, bu məsələdə Fransanın mövqeyi xüsusi təhlil aparılmasını tələb edir.

Türkiyəli ekspert deyib: "Heç kimə sirr deyil ki, Fransada erməni lobbisinin təsiri ilə bağlı Parisin İrəvanla xüsusi münasibətləri var və burada başqa amillər də mövcuddur. Ermənistan Beşinci respublikanın ciddi müttəfiqinə çevrilir. Bu kontekstdə Fransa ilə Azərbaycan arasında səmimi münasibətlərdən danışmaq yersiz olardı. Faktiki olaraq, bu gün Ermənistanın regionda siyasətini dəstəkləyən iki ölkə var - bunlar, Fransa və İrandır. Amma görünür ki, Tehran Nikol Paşinyan hakimiyyətindən o qədər də razı deyil. Fransanı isə əksinə, Paşinyanın başçılıq etdiyi hökumət regionda öz təsirini saxlamaq baxımından qane edir. Bunun üçün isə erməni cəmiyyətinə Parisin Bakı ilə əməkdaşlığının mümkün olmadığını, Azərbaycanın Qərbə inteqrasiyasının yolverilməzliyini, Fransanın Ermənistana dəstəyinin dönməz olduğunu göstərmək lazımdır. Biz indi məhz bu proseslərin şahidi oluruq".

Engin Özer əlavə edib ki, İkinci Qarabağ müharibəsi zamanı Fransa praktik olaraq Ermənistana heç bir dəstək göstərməyib və bu, erməni cəmiyyətinin məyusluğuna səbəb olub. Məhz diqqəti bu məsələdən yayındırmaq və Cənubi Qafqaz regionunda öz siyasətini möhkəmləndirmək üçün rəsmi Parisə bir sıra anti-Azərbaycan hücumları lazım idi. Nə üçün məhz indi? Çünki bu gün hər kəsə tamamilə aydın oldu ki, Qarabağın statusu müzakirə mövzusu ola bilməz.

Yanvarın 24-də Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti qurumun Strasburqdakı binasında bəyanatla çıxış edib. Bəyanatda xüsusilə qeyd edilib ki, AŞPA-nın tarixində heç vaxt bu təşkilat özünü belə biabırçı şəkildə aparmayıb və burada mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib.