Həsrətlə xatırlanan Qursalı kəndi
Sosial həyat

Həsrətlə xatırlanan Qursalı kəndi

Yurd yerlərimiz

Pəmbək mahalında yerləşən Qursalı Qərbi Azərbaycanın bir parçası olub. Hələ XX əsrin əvvəllərində ermənilər tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı zamanı qursalılılar vandal düşmənə baş əyməmiş, öz ocaqlarını, torpaqlarını mətanətlə qorumuşlar.

Qursalı kəndi 1948-ci ilədək Hamamlı (Spitak) rayonunun 6-7 km cənub-şərqində, Pəmbək dağlarının ətəyindəki quzey yamacda, eyniadlı çayın sağ sahilində yerləşirdi. Kənd gözəl təbiəti, təmiz havası və əlverişli coğrafi mövqeyi ilə seçilirdi.

Kəndin əhalisi heyvandarlıq, əkinçilik və arıçılıqla məşğul olmuşdur. Son 30-40 il ərzində isə bağçılığa xüsusi diqqət yetirilirdi. XVIII əsrin ortalarından isə Qursalıqışlaq kimi tanınan yaşayış məntəqəsi Pəmbək mahalının sayılıb-seçilən kəndlərindən idi. Kənd 1801-ci ildə Hamamlı, daha sonra isə Lori-Pəmbək Aleksandropol qəzasının tərkibində olmuşdur.

Tarixçilər sübut edirlər ki, e.ə. VIII-VII əsrlərdə ermənilər hələ Kiçik Asiyada (Anadoluda) məskunlaşdıqları vaxt türklərin ulu əcdadları indiki Ermənistan ərazisində yaşayırdılar. Odur ki, haylar bu yerlərə gəlmə olduqları üçün burada erməni dilində toponimlərdən söhbət gedə bilməz. XIX əsrdə əhalisi bütünlüklə ermənilərdən ibarət olan, eləcə də ermənilərlə azərbaycanlıların qarışıq yaşadıqları neçə-neçə kəndlərin adları da türk mənşəli idi.

1918-1920-ci illərdə Qursalı kəndinin əhalisi erməni daşnakları tərəfindən çox ağır zərbələrə məruz qalıb. Bu illərdə erməni-müsəlman davası növbəti dəfə qızışıb. Belə ki, ruslardan miras qalan hərbi texnika və silah-sursat erməniləri "böyük dövlət" yaratmağa şirnikləndirmişdi.

1918-ci ildə daşnaklar zirehli qatarla Qursalının qarşısında dayanıb bu kəndi güclü atəşə tutmuş, lakin igid qursalılılar heç nədən qorxmayaraq paravozu gülləbaran etmişlər. Paravoz ciddi zədələndikdən sonra ermənilər qaçıb Şorax deyilən ərazidə gizlənmiş, sonra isə "elçi" göndərərək Qursalı ilə işləri olmadıqlarını bildirib canlarını qurtarmışlar.

Həmin vaxtlara aid bir faktı da yada salmaq məqsədəuyğundur. Silahlı daşnaklar Qursalının "Cəsur dərəsi" deyilən tərəfdə pusqu quraraq türk ordu birləşmələrinə qəfl zərbə vurmaq niyyətində imişlər. Bunu eşidən Səməd Nəsibli çox böyük əziyyət bahasına türk qoşun komandanlığını məsələdən xəbərdar edir. Nəticədə ermənilərin çirkin niyyətləri baş tutmur...

1918-ci il hadisələrində Qursalı əhalisinin böyük bir hissəsi Türkiyəyə (Qarsın Mərvəng və Vartana kəndlərinə) köçmək məcburiyyətində qalmışlar. Boşaldılmış kəndlərə isə gəlmə ermənilər yerləşdirilmişdir.

1905-ci ilin payızında Qursalı, Saral və Arcut kəndlərinin camaatı taxıl almaq məqsədilə Cəngi kəndinə yola düşürlər. Həmin vaxtlarda erməni-müsəlman davası qızışdığından kəndliləri təhlükə gözləyirdi. Taxıl almağa gələn azərbaycanlılar kəndə çatanda onların öküzləri və arabaları əllərindən alınır, özləri isə zor gücünə bir tövləyə doldurulur. Hava qaralan kimi tövləyə od vurulur, taxıl almağa gələnlər amansızlıqla qətlə yetirilir.

Ermənistanda sovet hakimiyyəti qurulduqdan bir müddət sonra Qursalı kəndindən başqa ölkələrə üz tutmuş insanların çoxu ata-baba yurdlarına qayıdır. İkinci Dünya müharibəsinin odlu-alovlu illərində Qursalının igid, cəsarətli oğulları silaha sarılaraq cəbhə bölgələrinə yollanırlar. Onlardan çoxu ağır döyüşlərdə qəhrəmancasına həlak olur, neçə-neçə oğullar isə tarixi qələbədən sonra Vətənə orden və medallarla qayıdırlar.

Ermənilər həmişə müsəlman əhalisinə qarşı düşmən mövqeyində olmuş, məqam düşən kimi silahlarını işə salmış, Qərbi azərbaycanlıları amansızlıqla qətlə yetirmiş və ya doğma ocaqlarından uzaqlaşdırmışlar. Erməni xəyanəti 1948-1953-cü illərdə yenidən təkrarlandı. Qursalılılar deportasiyaya məruz qaldılar. İ.Stalin, Molotov, Mikoyan və digər nankorların satqınlığı ucbatından Qərbi Azərbaycandan 150 mindən çox azərbaycanlı "könüllülük" adı altında Azərbaycanın Kür-Araz ovalığına köçürüldü. Köçürülmə prosesi Qursalı kəndindən də yan keçmədi. Neçə-neçə ailə məcburən doğma yurdundan ayrılmalı oldu.

Ermənistan SSR ərazisindəki ata-baba yurdlarından kütləvi surətdə və zorakılıqla qovulan soydaşlarımızın acı taleyi ilə heç kəs maraqlanmamışdır. Adi hüquq normalarına zidd olan qərarların icrası zamanı avtoritar-totalitar rejimin mövcud repressiya qaydaları geniş təbliğ edilmiş, minlərlə insan, qoca və körpə ağır köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi genosidə dözməyərək həlak olmuşdur.

1980-ci illərin sonuna yaxın faşist xislətli erməni şovinistləri daha da azğınlaşdılar. Heç nədən qorxub çəkinmədilər. Çünki ermənipərəst Qorbaçov hayların arxasında idi, "böyük Ermənistan" ideyası geniş təbliğ olunurdu.

1988-ci ildə ermənilər deportasiya siyasəti nəticəsində Qərbi Azərbaycandakı soydaşlarımız son nəfərinə kimi tarixi torpaqlarından çıxarıldılar.

Artıq 36 ildir ki, qursalılılar da qədim Oğuz ellərindən, hər qarışında türkün izi olan Qərbi Azərbaycandan ayrı düşmüşlər.

Ancaq onlar ümidlə yaşayırlar. Əmindirlər ki, Qərbi Azərbaycana Qayıdış Konsepsiyası reallığa çevriləcək. Qursalılılar qəribsəmiş yurd yerlərinə dönəcək, haylar isə qamətləri əyilə-əyilə vaxtilə gəldikləri cəngəlliklərə dönəcəklər...

Qədir ASLAN,

"Respublika".