Yeni dövrün sosial-iqtisadi inkişaf modeli
İqtisadiyyat

Yeni dövrün sosial-iqtisadi inkişaf modeli

Azərbaycanın iqtisadi-siyasi uğurlarını əsaslandıran mühüm amillər möhkəm siyasi sabitliyin olması, iqtisadiyyatın şaxələndirilməsi ilə əhatəli islahatların həyata keçirilməsidir. Uğurlu iqtisadi inkişaf modeli ölkəmizin dayanıqlı yüksəlişini təmin edir. Həyata keçirilən sosial siyasət ölkə vətəndaşlarının rifahının yaxşılaşdırılmasına yönəlib. Müxtəlif resurslardan əldə edilən gəlirlər ilk növbədə əhalinin sosial xərclərinə sərf olunur. Genişmiqyaslı sosial tədbirlər nəticəsində yoxsulluğun səviyyəsi minimuma endirilir, əməkhaqları, pensiyalar, sosial müavinətlər ilbəil artırılır. Bundan başqa, xalqın sosial rifah halı dinamik olaraq güclənməkdə davam edir.

İqtisadi inkişaf tempi və modelinə görə dünyanın diqqət mərkəzində olan Azərbaycan həm də sosial dövlət kimi xarakterizə olunur. Bu, o deməkdir ki, dövlət siyasətinin bütün istiqamətlərinin mərkəzində məhz Azərbaycan vətəndaşı dayanır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlətçilik fəaliyyətinin əsas istiqamətlərindən biri xalqın rifahının təmin olunması, sosial müdafiə sisteminin gücləndirilməsi, iqtisadi islahatların sosialyönümlü olmasının təmin edilməsidir. "Bazar iqtisadiyyatı prinsiplərini tətbiq edərək, sərbəst iqtisadiyyata geniş yol verərək və onu əsas yol hesab edərək, bunların hamısını əhalinin bütün təbəqələrinin rifah halının, sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəltməliyik" deyən Ümummilli Lider Heydər Əliyev tərəfindən imzalanmış 60-dan çox sənəd sosial müdafiə sisteminin gücləndirilməsinə, pensiyaçıların, şəhid ailələrinin, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin, ahıl vətəndaşların və digər həssas əhali qruplarının sosial təminatının yaxşılaşdırılmasına, əmək və məşğulluq sahələrinin inkişafına xidmət edib. 1995-2003-cü illər ərzində respublikamızda pensiya və müavinətlərin orta aylıq məbləği 8 dəfə, orta aylıq əməkhaqqı 6 dəfədən çox artıb. Eyni zamanda həmin dövrdə MDB məkanında ilk dəfə olaraq Azərbaycanda yeni sosial-iqtisadi münasibətlər dövrünə uyğun Əmək Məcəlləsi, məşğulluq və əmək miqrasiyası haqqında qanunlar, əlilliyin qarsısının alınması və reabilitasiyası üzrə ilk Dövlət Proqramı, Pensiya İslahatı Konsepsiyası, Demoqrafik İnkişaf Konsepsiyası hazırlanaraq təsdiq edilib.

Ümummilli Lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinin, uğurlu sosial inkişaf strategiyasının 2003-cü ildən Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilməsi nəticəsində Azərbaycan dinamik və hərtərəfli inkişafa nail olub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına əsasən Azərbaycanı qalibiyyət zirvəsinə yüksəldən Prezident İlham Əliyevin sosial sahəyə xüsusi qayğısı nəticəsində ölkəmizdə müasir və dayanıqlı, etibarlı sosial müdafiə sistemi qurulub. Sosial ödənişlərdə artımlar davamlı xarakter alıb. Sosialyönümlü xərclərin illik həcmi 19,3 dəfə, dövlət büdcəsinin sosial müdafiə və sosial təminat xərclərinin illik həcmi 20 dəfədən çox, minimum əməkhaqqı 38 dəfə, orta aylıq əməkhaqqı 12,2 dəfə, müavinətlərin orta aylıq məbləği 11 dəfə, minimum aylıq pensiya 14 dəfə, yaşa görə orta aylıq pensiya 20 dəfədən çox, illik pensiya ödənişi 33,5 dəfə artıb. Həssas qrupların sosial təminatının gücləndirilməsi, onların dövlət qayğısı ilə əhatə olunması sahəsində mühüm addımlar atılıb, sosial dəstək və aktiv məşğulluq proqramları ildən-ilə genişləndirilir. Dövlətimizin başçısının tapşırıqları ilə xüsusilə son beş ildə 4 milyondan çox vətəndaşı əhatə edən 4 sosial islahat paketi icra olunub, bu islahatlar üçün 7 milyard manata yaxın əlavə illik vəsait ayrılıb. Nəticədə minimum pensiyada 2,5 dəfə, minimum əməkhaqqında 2,7 dəfə, orta aylıq pensiyada 2,4 dəfə, orta aylıq əməkhaqqında 75 faiz, median əmək haqqında 2,2 dəfə, əməkhaqqı fondunda 2,8 dəfə, müavinət və təqaüd ödənişlərində 5 dəfə artıma nail olunub. Beləliklə, Prezident İlham Əliyevin sosial nailiyyətlər, vətəndaş rifahının təminatı sahəsində sərəncamları davamlı xarakter alıb. Yoxsulluq göstəricisi isə 5 faizdir. Yeni iş yerlərinin açılması, məşğulluq imkanlarının genişlənməsi nəticəsində əhalinin işsizlik göstəricisi 5 faizə enib. Onu da xatırladaq ki, son 20 ildə ölkəmizdə 2 milyondan çox yeni iş yeri yaradılıb. Dövlət Məşğulluq Agentliyi tərəfindən cari ilin yanvar-aprel aylarında 140,4 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub. Onlardan 58,5 min nəfəri münasib işlərlə təmin edilib, 1,3 min şəxs isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib. Qeyd olunan dövrdə Agentlik tərəfindən 5,6 min işsiz şəxs üçün peşə hazırlığı kursları təşkil edilib, 75 min şəxsə isə peşəyönümü xidmətlər göstərilib.

Bu gün müstəqil Azərbaycan dövləti özünün tərəqqi dövrünü yaşayır. Azərbaycan tarixdə heç bir vaxt bu qədər güclü olmamışdır. Prezident cənab İlham Əliyev Azərbaycanın sosial sahəyə çox böyük diqqət göstərən ölkə olduğunu qeyd edərək deyib: "Biz ölkəmizdə bazar iqtisadiyyatı prinsiplərini sosial ədalət prinsipləri ilə birləşdirə bildik və hesab edirəm ki, Azərbaycanın uğurlu inkişafı məhz buna söykənir". Nəticədə Azərbaycan bu gün güclü iqtisadiyyata, güclü orduya, dünya birliyində güclü mövqeyə sahib olmaqla yanaşı, güclü sosial siyasətə malik ölkədir. Müasir Azərbaycan Respublikasının ən yeni tarixi güclü, qüdrətli və sosial əsaslara söykənən dövlət qurmaq istiqamətində müəyyənləşdirilmişdir. Azərbaycanda formalaşan sosial dövlət modeli özündə milli ənənələri ehtiva edir, həmçinin dünyanın müasir inkişaf meyillərini nəzərə alır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən müstəqil Azərbaycan Respublikasının sosial siyasəti həm bu gün, həm də gələcəkdə insanların layiqli həyat şəraitinin təmin edilməsini, bu təminatın səviyyəsinin yüksəldilməsini həyata keçirən yaxın və uzaqmüddətli proqramlar vasitəsilə reallaşdırılır. Ölkəmizdə sosial siyasətin əsas konturları və hədəfləri Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 29 dekabr 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında dolğun şəkildə öz əksini tapmışdır.

Bu ümummilli konsepsiyaya görə, Azərbaycan Respublikasının sosial siyasət sahəsində başlıca hədəfi əhalinin bütün qruplarının ədalətli sosial təminatını həyata keçirməklə sosial rifah dövlətinin qurulmasıdır. Fərman imzalandığı gündən indiyə qədər ölkə rəhbərinin ardıcıl, məqsədyönlü siyasəti sayəsində bu sahədə uğurlar əldə olunmuşdur. Azərbaycanda bütün dünyaya örnək olan hakimiyyət-xalq birliyi azərbaycançılıq məfkurəsi ətrafında möhkəmlənməkdə davam edir. Ölkə əhalisinin sosial-məişət problemləri dövlətin sosial siyasətinin əsaslarının optimal qurulması fonunda öz operativ həllini tapır.

Azərbaycan dövlətinin sosial siyasətinin mütərəqqi prinsiplər əsasında təşkil edilməsi və əhalinin bütün sosial qruplarının bu siyasətin əsaslarından məmnunluğu özünü hər sahədə büruzə verir. Belə ki, bu gün uşaqdan böyüyə hər kəs öz ruhunu, amalını, vətəndaşlıq vəzifəsini bilavasitə mənsub olduğu dövlətə, onun təhlükəsizliyinə, suverenliyinə, Vətən sərhədlərinin toxunulmazlığına, ən əsası Ulu Öndərin cənab Prezidentimiz tərəfindən uğurla davam etdirilən siyasi xəttinə kökləmişdir. 44 günlük Vətən müharibəsinin gedişi və parlaq qələbəmiz dediklərimizin əyani sübutudur. Vətən müharibəsində qələbə məhz hakimiyət-xalq birliyinin, sosial ruh yüksəkliyinin, vətəndaşların dövlətinə, millətinə, Vətəninə, sərhədlərin bütövlüyü prinsipinə sədaqətin nəticəsi idi. Tarixi zəfərdən sonra, işğaldan azad edilmiş torpaqlarımızda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri içərisində məhz ilk növbədə sosial infrastruktur layihələri əsas yer alır. Bu layihələr Azərbaycan dövlətinin siyasi xəttində sosial siyasətin prioritetliyini, böyük ümummilli sosial proqramların icrasının başlıca yer tutduğunu təsdiq edən əsas faktorlar kimi qiymətləndirilməlidir.

Mustafa KAMAL,

"Respublika".