Azərbaycan və Serbiya dostluğa, strateji tərəfdaşlığa əsaslanaraq bir-birini daim dəstəkləyir
Siyasət

Azərbaycan və Serbiya dostluğa, strateji tərəfdaşlığa əsaslanaraq bir-birini daim dəstəkləyir

Azərbaycan ilə Serbiya arasında əlaqələr ən yüksək səviyyədədir. Bu, dövlətlərimizin başçıları arasındakı çox gözəl şəxsi münasibətlərdən, əməkdaşlıq, etibar və qarşılıqlı hörmətdən qaynaqlanır. Bu dostluq və strateji tərəfdaşlığa əsaslanaraq, biz əsl dostlar kimi bir-birimizi daim dəstəkləyirik. Əhəmiyyətli hesab etdiyimiz məsələlərdə bir-birimizin yanındayıq. Serbiya Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü qəti şəkildə dəstəkləyir.

AZƏRTAC xəbər verir ki, bu sözləri ölkəmizdə səfərdə olan Serbiya Respublikasının Milli Assambleyasının sədri Vladimir Orliç jurnalistlərə müsahibəsində söyləyib.

Səfər çərçivəsində Prezident İlham Əliyev ilə görüşməkdən böyük şərəf və məmnunluq hissi duyduğunu vurğulayan qonaq söhbət zamanı həqiqi və güclü dostlar kimi ikitərəfli münasibətlərimizin daha da uğurlu inkişafı istiqamətində qarşılıqlı fəaliyyətin önəminin vurğulandığını qeyd edib. Bildirib ki, parlamentlər də bu işə öz töhfəsini verəcək.

"İndiyədək çox gözəl əməkdaşlığımız mövcud olub. Serbiyanın nümayəndə heyəti bu ilin mayında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Milli Məclisin xüsusi sessiyasında da iştirak edib. Biz bu gün də fürsətdən istifadə edib Ulu Öndər Heydər Əliyevin xatirəsinə dərin ehtiramımız bildirdik. İki ölkə arasında icra olunan layihələrin uğurla davam etdirilməsinə ümidvarıq. Ancaq mühüm əhəmiyyət kəsb edən həm də eyni dəyərləri və prinsipləri dəstəkləməkdə davam etməkdir. Hər iki ölkə BMT-nin Nizamnaməsində təsbit olunan beynəlxalq ictimai hüququ dəstəkləyir. Bu, hazırkı dünyada asan deyil. Ancaq ədaləti, insanların və dövlətlərin hüquqlarını, eləcə də öz hüquqlarımızı qorumağın yeganə yolu budur", - deyə Vladimir Orliç bildirib