“Bir ana kimi bilirdim ki, Tural şəhid də olsa, qalib gələcəyik
Siyasət

“Bir ana kimi bilirdim ki, Tural şəhid də olsa, qalib gələcəyik"

Vətən müharibəsinin qəhrəmanlarından biri də şəhid Tural Dəmirçiyevdir. Gənc yaşlarından fotoqraf sənətinə yiyələnən Tural 1992-ci il oktyabrın 1-də Bakı şəhərində dünyaya göz açıb. 1999-cu il Sabunçu rayonu Yeni Ramana qəsəbəsindəki 90 saylı orta məktəbin 1-ci sinfinə qədəm qoyub. Orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra 2010-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Menecment fakültəsinə qəbul olunub. Universiteti bitirdikdən sonra Tərtər rayonu "N" saylı hərbi hissədə xidmət edib.

Tural Tərtər rayonunda ön cəbhədə xidmətini layiqincə yerinə yetirib, 2015-ci ildə tərxis olunub. Daha sonra 2017-ci ildə "SOCAR"ın "Təhlükəsizlik idarəsinin" mühafizəçi vəzifəsində çalışmağa başlayıb.

Azərbaycan Ordusunun əsgəri Tural Dəmirçiyev Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərə qatılıb.

Tural könüllü olaraq hərbi səfərbərliyə cəlb olunan hərbçilərimizdən idi. İkinci Qarabağ savaşının ilk günündən torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən qızğın döyüşlərin iştirakçısı olub. Oktyabrın 1-də 28 yaşını döyüş bölgəsində qarşılayan Tural cəsarəti, mərdliyi ilə əsgər yoldaşlarının hörmətini qazanmışdı. Oktyabrın 5-də Füzuli istiqamətində əks-hücum əməliyyatında qəhrəmanlıq göstərən Tural Dəmirçiyev oktyabrın 5-də Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəlpə yarası alaraq qəhrəmancasına şəhid olub. Tural Dəmirçiyev ölümündən sonra Prezident İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

Atası Rəfael Dəmirçiyevin sözlərinə görə, oğlunun ən böyük arzusu fotostudiya açmaq idi: "Dedi ki, ata, mən fotoaparat almaq istəyirəm. Bir müddətdən sonra evə gələndə, baxdım ki, Tural gülür. Fotoaparatını gətirib mənə göstərdi ki, "ata, aldım". Sonra bu sənəti öyrəndi. Mərhum generalımız Polad Həşimov şəhid olandan sonra Tural orduya könüllü yazıldı. Bu barədə bizə deməmişdi, xəbərimiz olmayıb. Səhər işə hazırlaşıb gedəndə zəng gəldi, çölə çıxıb danışdı. Yenidən evə qayıdıb, formasını dəyişib, ordu sıralarına yollandı. Tural cəbhə bölgəsində olan zaman bizə bu barədə demirdi. Heç telefonla danışanda da yerini dəqiq bildirmirdi. Tez-tez telefonla danışırdı. Sonra telefon zəngi kəsildi...".

Anası Sədaqət Dəmirçiyeva deyir ki, oğlu bir müddət təlim keçəndən sonra Füzuli istiqamətində gedən döyüşlərə qatılıb: "Bizlə həmişə telefonla gülə-gülə danışırdı. Bildirirdi ki, "narahat olmayın, hər şey yaxşıdır, heç bir problemimiz yoxdur, döyüşürük. Mənə Turalın şəhid olması barədə xəbəri atası zəng edib dedi. İndi o barədə danışmaq mənim üçün çox çətindir. Turalla fəxr edirəm ki, oğlum döyüşlərdə  qəhrəmanlıqlar göstərib. Bir ana kimi bilirdim ki, Tural şəhid də olsa, qalib gələcəyik".

Turalın iş yoldaşı, qazi Elnur Əkbərovun sözlərinə görə, onu 2019-cu ildən tanıyıb: "Biz 31 saylı komandada eyni növbədə, eyni qaravulda post yoldaşı olmuşuq. Növbəmiz də eyni olub. Turalla bizim qarşılaşmağımız təlimdə baş verdi. Biz artıq orduya ilk yazılanlardan idik. Getdik, təlimlərdə bir yerdə iştirak etdik. Amma təəssüflər olsun ki, döyüşə yollananda bölmələr olaraq ayrıldıq. Turalla da döyüş meydanında yollarımız ayrıldı. Mən yaralandım, Tural isə şəhidlik zirvəsinə ucaldı. İlk qalibiyyət sevincimimizi bölüşməyim Turalın qəbrini ziyarət etməklə oldu. Özü aramızda olmasa belə ruhu bizimlədir".

Babası Sadiq Dəmirçiyevlə qardaşı Ramal Dəmirçiyev Turalla qürur duyduqlarını söyləyirlər. Vətən yolunda ömrünü qurban verən Tural qələbəni görməsə də, adını heç zaman unudulmayacaq qəhrəmanlar salnaməsinə yazdırdı.

M.MİRZƏ,

"Respublika".