Ermənistan sülh istiqamətində real addımlar atmalıdır
Siyasət

Ermənistan sülh istiqamətində real addımlar atmalıdır

Azərbaycan İkinci Qarabağ savaşında əldə etdiyi tarixi qələbədən sonra Ermənistanla sülh müqaviləsinin imzalanmasını və regional əməkdaşlığın təmin olunmasını əsas prioritet kimi müəyyənləşdirib. Dövlətimiz bu istiqamətdə daim hərbi və diplomatik səylərini ortaya qoyur. Ötən ilin sentyabr ayında keçirilən 23 saatlıq antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyinin tam təmin olunması isə İrəvanla sülh müqaviləsinin imzalanmasına yeni imkan yarandı. Bu gün Azərbaycan və Ermənistan arasında müxtəlif səviyyələrdə və formatlarda danışıqlar davam edir. Sevindirici haldır ki, hazırda münasibətlərin normallaşması istiqamətində müəyyən yol qət edilib. Eyni zamanda, barışıq istiqamətində həm beynəlxalq vasitəçilərlə, həm də vasitəçilərsiz bir sıra addımlar atılıb.

Bu dəfə də Roma Papası I Fransisk Azərbaycan və Ermənistana növbəti dəfə çağırış edib. Papa hər iki tərəfi sülhün təmin olunması üçün yeni təşəbbüslər irəli sürməyə səsləyib. Əslində, bu günədək baş verən bütün hadisələri müşahidə etsək görərik ki, I Fransisklə yanaşı, digər beynəlxalq oyunçular da əvvəllər bu cür açıqlamalar veriblər. Papanın sülh çağırışı yüksək dəyərləndirilsə də, bunun üçün real addımlar atmaq lazımdır. Azərbaycan öz mövqeyini açıq şəkildə bəlli edərək sülhə maraqlı olduğunu bir daha təsdiqləyir. Amma 44 günlük Vətən müharibəsindən üç ildən çox vaxt keçməsinə və dövlətimizin səylərinə baxmayaraq, Ermənistanla sülh müqaviləsi hələ də imzalanmayıb. Şübhəsiz, bunun bir sıra mühüm və konkret səbəbləri var. İlk olaraq, prosesin inkişafına mane olan ən böyük səbəb Ermənistan hakimiyyətinin sürüşkən xarici siyasətidir. Rəsmi İrəvan bu istiqamətdə lazımi siyasi iradə ortaya qoya bilməyib. Maraqlı məqam isə Ermənistanın baş naziri Nikol Paşinyanın və digər dövlət rəsmilərinin sülhə sadiq olduqlarını dəfələrlə bəyan etməsidir. Bütün bunlara baxmayaraq, rəsmi İrəvan verdiyi vədlərə əməl etmir, hələ də müəyyən iddialarla, şərtlərlə çıxış edir, absurd açıqlamalarla gündəmə gəlir. Paşinyan hakimiyyəti bununla vaxtı uzatmağa çalışır. Ermənistanı buna təhrik edən qüvvələr də prosesə öz təsirini göstərir. Daha dəqiq desək, Fransa, Hindistan kimi ölkələrin Ermənistanı silahlandırmağa cəhd etməsi də sülhə əngəl törədir. Bu cür pozucu fəaliyyətlər nəinki bölgədə vəziyyəti daha da gərginləşdirir, hətta Ermənistanın daxilindəki revanşistlərin aktivləşməsinə də zəmin yaradır.

Digər bir məsələni də qeyd edək ki, Ermənistan bu gün Qərblə Rusiyanın arasında qalıb. Hansı qütbə yönələcəyini bilməyən Paşinyan hakimiyyəti hər iki tərəfi qane etməyə çalışır. Bu isə birbaşa ölkənin qeyri-konstruktiv mövqe sərgiləməsinə səbəb olur.

Azərbaycan artıq regionda yeni geosiyasi düzən formalaşdırıb. Rəsmi Bakı beynəlxalq və regional aktorlarla uğurlu, davamlı əməkdaşlığını davam etdirir. Ermənistanın isə region dövlətləri ilə münasibətləri o qədər də ürəkaçan deyil. Bu baxımdan, sülh müqaviləsi Azərbaycandan daha çox Ermənistana lazımdır. Paşinyan gah Rusiyanın, gah da Qərbin sifarişlərini yerinə yetirməyə davam etsə, ölkənin sonunu gətirə bilər. Ermənistanın bu addımları, eyni zamanda onu bir dövlət kimi beynəlxalq əməkdaşlıqdan da təcrid edir. Bu mənada, Paşinyan hakimiyyəti artıq ölkəmizin sülh səylərinə cavab verməlidir. Çünki sərhədlərin delimitasiya və demarkasiya məsələsi hələ də öz həllini tapmayıb. Belə davam etdiyi təqdirdə isə, Azərbaycan sərhədini özü müəyyənləşdirmək hüququna malikdir. Odur ki, İrəvan vaxt itirmədən sülh yolunda real addımlar atmalıdır. Gün keçdikcə, ölkənin vəziyyəti daha da pisləşir. Sülh müqaviləsinin imzalanması isə Ermənistan üçün yeganə çıxış yoludur. Məhz sülh vasitəsilə Ermənistan kənar oyunçuların təzyiqlərindən qurtula, yeni əməkdaşlıq dünyasına daxil ola bilər.

Nəzrin ELDARQIZI,

"Respublika".