Ortaq tərəqqi naminə güclənən dostluq
Siyasət

Ortaq tərəqqi naminə güclənən dostluq

Azərbaycan və İran. Dərin tarixi köklərə malik, İslam dünyasına mənsub iki dövlət. Bu gün İran İslam Respublikasında 35 milyondan çox azərbaycanlı yaşayır. Bütün bunlar deməyə əsas verir ki, iki ölkə arasındakı münasibətləri keçmişə söykənir. 1992-ci ildə diplomatik münasibətlər yaradılmamışdan əvvəl də tərəflər bir-birilərinə yüksək səviyyədə maraq göstərib. 1993-cü ildə Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsindən sonra qonşuluq və əməkdaşlıq münasibətləri inkişaf etməyə başlayıb. Prezident İlham Əliyev bu ənənəni davam etdirərək tərəflər arasında sərhəd, maliyyə, mədəniyyət, hidroenergetika və s. sahələrdə əməkdaşlığı nəzərdə tutan müqavilələrə imza atıb. 1992-ci ildən indiyədək imzalanan yüzə yaxın sənədin əksəriyyəti iqtisadi münasibətləri əhatə edir. İran Azərbaycanın neft-qaz və neft-kimya sənayesində, bu məhsulların ixracında, sərmayə qoyuluşunda maraqlıdır. 1993-cü ildən Bank Melli İranın Bakı filialının fəaliyyəti də buna sübutdur.

İki ölkə arasındakı elmi-mədəni əlaqələrin, təcrübə mübadilələrinin, elmi-maarifləndirmə işlərinin daha da inkişaf etdirilməsi məqsədilə 2006-cı il dekabr ayının 21-də ölkəmizdə "Azərbaycan-İran elmi-mədəni əlaqələr zalı" açılıb.

Hər iki ölkə Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında, İqtisadi Əməkdaşlıq Təşkilatında və BMT-də bir-birilərinə siyasi və iqtisadi dəstək nümayiş etdirir. Tarixi əlaqələri, ölkələrimiz arasındakı dostluq münasibətlərini yüksək səviyyəyə çatdırmaq üçün daha bir addım cari il mayın 19-da atıldı. Azərbaycan və İran prezidentlərinin sərhəd xəttində görüşməsi əlaqələrin gücləndirilməsinə zəmin yaratdı. Bu cür görüşlər iki qonşu ölkəni biri-birinə daha da yaxınlaşdırır. Azərbaycan və İran prezidentləri arasındakı görüş zamanı tərəflər bütün sahələr üzrə əməkdaşlıq etmək barədə razılığa gəliblər, regionda mövcud vəziyyət müzakirə edilib ki, bu da əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə sübutdur.

Prezident İlham Əliyev İran lideri ilə görüşündə açıq şəkildə bəyan edib ki, bölgənin sabitliyi, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün İran-Azərbaycan dostluğu, qardaşlığı önəmlidir. Bu, kifayət qədər aydın mesaj və dövlətimizin bölgənin əmin-amanlığı üçün əlindən gələn hər şeyi etməsinin bariz nümunəsidir.

Ağbənd yolu regionları birləşdirən əsas nəqliyyat-tranzit yollardan birinə çevriləcək və oradan Türkiyəyə və İran vasitəsilə Fars körfəzinə yüklərin daşınması həyata keçiriləcək. Bununla yanaşı, dəmir yolunun da çəkilməsi nəzərdə tutulub.

Ötən il İrandakı Azərbaycan səfirliyində baş verən hadisədən sonra iki dövlət arasında əlaqələr gərginləşsə də bu ilin əvvəlindən etibarən yenidən səfirliyin açılması üçün hazırlıq işlərinin görülməsi münasibətlərin müsbətə doğru getdiyinin təzahürüdür. Qeyd edək ki, Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın edən şəxs artıq cəzalandırılıb. Hər iki tərəf səfirliyin tezliklə açılmasında maraqlıdır. Səfirliyin yeni məkanda fəaliyyətinin bərpa edilməsi planlaşdırılır. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə KİV-in sorğusuna cavabında bildirib ki, son bir neçə ay ərzində iki ölkənin rəsmi şəxsləri və aidiyyəti qurumları arasında təmaslar və danışıqlar çərçivəsində ölkəmizin gözləntiləri qarşı tərəfə çatdırılıb, səfirliyimizin daha təhlükəsiz məkana köçürülməsi istiqamətində İran tərəfilə müvafiq iş aparılıb. Hazırda qeyd edilən məkan və binada səfirlik üçün zəruri şəraitin yaradılması məqsədilə müvafiq tədbirlər görülür. İşlər yekunlaşandan sonra səfirliyin yeni məkanda fəaliyyəti bərpa ediləcək.

Azərbaycan bundan sonrakı dövrdə də İranla ikitərəfli əlaqələri inkişaf etdirmək istiqamətində siyasət yürüdəcək. Bu gün Azərbaycan-İran münasibətləri yüksək səviyyədədir.

Röya RÜSTƏMLİ,

"Respublika".