Neokolonial paradoks: Yeni Kaledoniyada müstəmləkə zəncirləri qırılır
Siyasət

Neokolonial paradoks: Yeni Kaledoniyada müstəmləkə zəncirləri qırılır

Fransa parlamenti Yeni Kaledoniya Konstitusiyasında bölgədə yaşayan fransızların xeyrinə dəyişikliklə bağlı qanun təklifi ilə çıxış edib. Səsvermə sisteminin dəyişdirilməsi layihəsinə görə 10 il Yeni Kaledoniyada yaşayan Fransa vətəndaşları əyalət seçkilərində səs verə biləcəklər. Bu isə bölgədə gərginliyi artırıb və mayın 13-də adada etirazlar başlayıb.

Son məlumata görə, hadisələr zamanı 200 maşın və 50-dən çox iş yeri yandırılıb, 54 mühafizəçi yaralanıb, 82 nümayişçi saxlanılıb. Aksiya iştirakçıları dəfələrlə Fransa hökumətinin yerli əhalinin fikirlərini nəzərə almadan qanunvericilikdə dəyişiklik etməsinin yolverilməzliyini vurğulayaraq bunun 1998-ci ildə Fransa ilə Yeni Kaledoniya arasında imzalanmış Noumea sazişinə zidd olduğunu bildiriblər. Buna baxmayaraq, şiddətli etirazların qarşısını almaq üçün hakimiyyət komendant saatı tətbiq edib.

Polis nümayişçilərə qarşı kobud davranıb və güc tətbiq edib. Eyni zamanda paytaxtda ictimai tədbirlər qadağan olunub, dövlət, özəl orta məktəb və kolleclərdə mayın 21-dən 24-dək dərslər dayandırılıb. Üstəlik, prezident Emmanuel Makronun sədrlik etdiyi Fransa Müdafiə Şurası etirazlar fonunda Yeni Kaledoniyaya əlavə hərbçi göndərmək qərarına da gəlib. Yəni Yelisey sarayı kolonial siyasətinə etiraz edən insanların tələblərini özünəməxsus şəkildə cavablandırıb. Əslində Makron hökumətinin başqa cür addım atacağını gözləmək də düzgün olmazdı. Belə ki, Yeni Kaledoniya zəngin nikel ehtiyatına malikdir. Eyni zamanda adada xrom, kobalt, manqan, gümüş, qızıl, qurğuşun və mis filizləri yataqları da var. Görünən odur ki, rəsmi Paris Niger və Qabonun ardınca bu ərazini də itirmək istəmir.

Bu ərazi BMT Nizamnaməsinin 73-cü maddəsinə əsasən, Fransa tərəfindən idarə olunur. Yəni BMT-nin təsnifatına görə Yeni Kaledoniya müstəmləkəsizləşdirmə prosesinin hələ də başa çatmadığı yerdir. Bu vəziyyət isə olduqca acınacaqlıdır. Belə ki, bəşəriyyət XXI əsrdə yeni inkişaf mərhələsinə daxil olub, çağırışlar və düşüncə tərzi dəyişib. Bununla belə, transformasiyalar dövrünü yaşayan Avropada aparıcı dövlət iddialarından çıxış edən Fransa bir çox məsələlərdə açıq-aşkar mühafizəkarlıq edir. Ölkənin təxminən beş yüz illik qanlı tarixə malik müstəmləkəçilik siyasətindən hələ də cidd-cəhd göstərərək əl çəkməməsi buna əyani sübutdur. Bu ölkənin müstəmləkəçilik siyasəti həyata keçirdiyini təsdiqləyən faktların siyahısı çox uzundur. Əlcəzair, Mərakeş, Tunis, Mali, Cibuti, Nigeriya, Çad, Seneqal, Benin, Kot-d'İvuar, Mərkəzi Afrika Respublikası, Qabon, Toqo, Kamerun, Vyetnam, Qəmər Adaları İttifaqı, Haiti və digər ölkələrdə bir neçə milyon günahsız insan, o cümlədən qadınlar və uşaqlar Fransa tərəfindən qətlə yetirilib. Dünyanın müxtəlif qitələrində yerləşən keçmiş müstəmləkələrinin daxili işlərinə qarışan Fransa beynəlxalq təşkilatların və müstəqillik uğrunda mübarizə aparan xalqların uzun illərdir tələblərinə baxmayaraq, hələ də neokolonializm siyasətini davam etdirir.

Bununla belə, təəssüf ki, "ayıbına kor olmayan" Makron Administrasiyası problemləri həll etmək əvəzinə, baş verənlərdə xarici iz axtarır. Paris öz səhvlərini etiraf etməkdənsə kimisə günahlandırmağa cəhd edir. Son dövrlərdə isə bu ölkə nəzarətində olan media qurumları vasitəsilə Azərbaycana qarşı ardıcıl hücumlara başlayıb. Bu xüsusda qeyd etmək lazımdır ki, Fransanın daxili işlər naziri Jerar Darmaninin "France-2" telekanalına müsahibəsində Azərbaycanla Yeni Kaledoniyanın müstəqillik liderləri arasındakı münasibətlərə dair səsləndirdiyi növbəti əsassız fikirlər böhtan və riyakarlıq xarakterlidir. Çünki ölkəmizin yürütdüyü siyasət haqq və ədalət prinsipinə əsaslanır. Bu səbəbdən də Yeni Kaledoniyada baş verən hadisələrə Bakı Təşəbbüs Qrupu da münasibət bildirib. Yayılan bəyanatda deyilir ki, biz kanaklı dostlarımızla həmrəyik və onların ədalətli mübarizəsində daim yanlarındayıq. Fransa hökumətindən kanak xalqının qərarının nəzərə alınmasını tələb edirik. Bakı Təşəbbüs Qrupu olaraq dinc dialoqun, insan hüquqlarına hörmət və əsas problemlərin ədalətli həllinin tərəfdarıyıq.

Öz müqəddəratını təyinetmə hüququ hər bir xalq üçün əsasdır və biz öz xalqı üçün daha yaxşı, layiqli gələcək istəyənləri dəstəkləyirik. Ölkəmizin bu istiqamətdəki addımları isə dənizaşırı ərazilərin müstəmləkə ölkələrinin xalqları tərəfindən minnətdarlıqla qarşılanır. Xatırladaq ki, 2023-cü il iyulun 6-da Bakıda Azərbaycanın üzv olduğu Qoşulmama Hərəkatının Əlaqələndirmə Ofisinin Nazirlər Toplantısında Martinik, Qayana, Yeni Kaledoniya, Fransız Polineziyası, Uollis, Futuna və Solomon adalarının nümayəndələri də iştirak ediblər. Müzakirələr zamanı Qoşulmama Hərəkatının müstəmləkəçilik təcrübələrinə qarşı mübarizədə prinsipial mövqeyinin əsaslılığı və aktuallığı təsdiqlənib. İştirakçılar Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupunun yaradılması barədə razılığa gəlib, sonda yekun bəyannamə qəbul edilib. Ötən il sentyabrın 22-də isə Azərbaycanın təşəbbüsü ilə ABŞ-ın Nyu-York şəhərində BMT-nin Baş qərargahında BMT Baş Assambleyasının ümumi müzakirələri çərçivəsində dənizaşırı ölkə nümayəndələrinin "Müstəmləkəçiliyə son qoyulması: Sakit inqilab" adlı konfrans təşkil edilib. Konfransda Fransanın müstəmləkəçilik siyasəti, insan azadlığı, ölkələrin müstəqilliyi əleyhinə addımları diqqətə çatdırılıb. Əlavə edək ki, Bakı Təşəbbüs Qrupu çərçivəsində müxtəlif səviyyədə tədbirlər davam etdirilir. 2023-cü il noyabrın 21-də Bakıda "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı" mövzusunda konfrans təşkil edilib. Bu və digər tədbirlərdə Azərbaycan dövlətinin və cəmiyyətinin Fransanın kolonializm siyasətinə kəskin etirazları ifadə olunub.

Bütün bunların fonunda yekunda qeyd etmək lazımdır ki, Yeni Kaledoniyadakı böhran Fransanın keçmiş müstəmləkələri ilə bağlı siyasətinin dalana dirəndiyini göstərir. Bu ssenaridə isə yaxşı olardı ki, rəsmi Paris müstəqil ölkələrin daxili işlərinə qarışmaq əvəzinə, neokolonializm siyasətini dayandırsın və köləlikdə saxladığı xalqların hüquqlarını tanısın. O cümlədən kanakları hərbi güclə əsarətdə saxlamaq və assimilyasiya etmək siyasətindən əl çəksin.

Jalə QASIMZADƏ,

"Respublika".