Çoxşaxəli əməkdaşlığa mühüm töhfələr
Siyasət

Çoxşaxəli əməkdaşlığa mühüm töhfələr

Azərbaycanın qlobal problemlərin həllinə sadiqliyi və müxtəlif beynəlxalq təşkilatlardakı rolu diqqətəlayiqdir. Bu təşkilatlarda fəal iştirak edərək bir sıra qlobal, həmçinin regional problemlərin həllinə töhfə verir. Bu çoxşaxəli fəaliyyət Azərbaycanın beynəlxalq aləmdə əvəzolunmaz rolunun və qlobal miqyasda sülh, sabitlik və rifahın təşviqinə yönəlmiş səylərinin göstəricisidir.

Azərbaycan 8 dekabr 1991-ci ildə Minsk şəhərində imzalanmış "Müstəqil Dövlətlər Birliyinin yaradılmasına dair Saziş" əsasında təsis edilmiş Müstəqil Dövlətlər Birliyinə üzvdür. MDB keçmiş sovet respublikaları arasında siyasi, iqtisadi, ekoloji və mədəni sahələrdə əməkdaşlığı inkişaf etdirmək məqsədilə yaradılıb. 24 sentyabr 1993-cü il tarixində MDB Dövlət Başçıları Şurasının iclasında Azərbaycan Respublikasının birliyə daxil olmasına dair qərar qəbul olunub. Bu təşkilat çərçivəsində əsasən 9 əməkdaşlıq istiqaməti mövcuddur. Prezident İlham Əliyev 14 oktyabr 2022-ci il tarixində Astanada keçirilən Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında iştirak edib. İclasda birlik ölkələrinin təhlükəsizliyinin təmin edilməsi sahəsində mühim qərarlar qəbul olunub. Həmçinin 2023-2025-ci illər üçün Terrorizm və Ekstremizmlə Mübarizə üzrə Əməkdaşlıq Proqramı təsdiqlənib. Azərbaycanın MDB-də iştirakı onun müstəqilliyini və suverenliyini təsdiq etməklə yanaşı, postsovet dövlətləri ilə diplomatik və iqtisadi əlaqələri saxlamaqda maraqlı olduğunu göstərir. Ölkəmiz müxtəlif məsələlər üzrə dialoq və əməkdaşlıq üçün platformalar təmin edən MDB-nin müxtəlif təşəbbüs və sammitlərində iştirak edir.

Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv olmasa da, ölkəmiz OPEC+ alyansı çərçivəsində bu təşkilatla da sıx əməkdaşlıq edir. Xəzər regionunda mühüm neft istehsalçısı kimi Azərbaycanın OPEC+ ilə koordinasiyası onun qlobal enerji bazarlarında mühüm rol oynadığını əks etdirir. Bu sazişlərdə iştirakı ölkəmizə neft ixracından sabit gəlir əldə etməyə kömək edir.

Azərbaycan türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığı təşviq etmək məqsədi daşıyan Türk Dövlətləri Təşkilatının (TDT) üzvüdür. Şura Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan arasında mədəni, iqtisadi və siyasi əlaqələrin gücləndirilməsinə böyük önəm verir.

Azərbaycan 2011-ci ildən Qoşulmama Hərəkatının tamhüquqlu üzvüdür. Qoşulmama Hərəkatının (QH) əsası müstəmləkəçiliyin süqutu, Afrika, Asiya, Latın Amerikası və dünyanın digər region xalqlarının müstəqillik mübarizəsi zamanı, soyuq müharibənin gərgin vaxtlarında qoyulub. 2016-cı ildə Qoşulmama Hərəkatının Venesuelada keçirilmiş Zirvə Toplantısında Hərəkatın üzv dövlətləri yekdilliklə Azərbaycanı təşkilata növbəti sədr seçilməsinə razılıq verib. 2019-cu ildə Qoşulmama Hərəkatının XVIII Sammitinə Bakı ev sahibliyi edib və 2019-2022-ci illər üçün sədrliyi öz üzərinə götürüb.

Daha sonra Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə üzv dövlətlərin yekdil rəyinə əsasən, Azərbaycanın təşkilatda sədrliyi daha bir il uzadılıb. Bu, təşkilatın ölkəmizə tam etimadının, Azərbaycanın təşkilatın fəaliyyətinə mühüm töhfələrinin, həmçinin multilateralizmə və qlobal həmrəyliyə verdiyi önəmin göstəricisidir. Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi COVID-19 pandemiyasına qarşı qlobal mübarizədə bir sıra önəmli təşəbbüslərlə yadda qalıb. Xüsusilə də, Prezident İlham Əliyevin təşəbbüsü ilə bütün ölkələr üçün peyvəndlərə ədalətli və universal çıxışla bağlı BMT qətnamələri qəbul edilib. Azərbaycan bu təşkilata sədrliyi dövründə dünyada sülhün və təhlükəsizliyin qorunmasında mühüm rol oynayıb və bu missiyanı uğurla davam etdirir.

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü kimi Azərbaycan müxtəlif sosial-iqtisadi, mədəni və siyasi sahələrdə digər İslam ölkələri ilə əməkdaşlıq edir. Ölkəmiz müsəlmanların çoxluq təşkil etdiyi ölkələr arasında birliyin və əməkdaşlığın genişləndirilməsinə yönəlmiş təşəbbüslərdə fəal iştirak edir. Azərbaycan həmçinin Avropa, Qafqaz və Asiya ölkələrinin iştirak etdiyi regional hökumətlərarası təşkilat olan İqtisadi Əməkdaşlıq Təşkilatının da (ECO) üzvüdür. Təşkilat üzv dövlətlər arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı inkişaf etdirmək məqsədi daşıyır. Azərbaycanın İƏT-də iştirakı onun regional əlaqələrin, ticarətin və investisiya imkanlarının artırılmasında maraqlı olması ilə əsaslandırılır. Ölkə nəqliyyat, enerji və kommunikasiya infrastrukturu ilə bağlı İƏT layihələrində mühüm rol oynayır. Azərbaycan Gürcüstan, Ukrayna və Moldovanın daxil olduğu GUAM-ın üzvüdür. GUAM demokratik dəyərləri təşviq, regional təhlükəsizliyi təmin etmək və üzvlər arasında iqtisadi əməkdaşlığı genişləndirmək məqsədilə yaradılıb.

Azərbaycan Birləşmiş Millətlər Təşkilatı (BMT), UNESCO və ICESCO kimi digər əsas beynəlxalq təşkilatlarda da iştirak edir. Birləşmiş Millətlər Təşkilatın fəal üzvü olan ölkəmiz təşkilatın müxtəlif qurumlarında qlobal sülh, təhlükəsizlik və inkişafı təşviq edən tədbirlərin iştirakçısıdır. Azərbaycan BMT-nin sülhməramlı missiyalarına töhfə verir və təşkilatın insan hüquqları, davamlı inkişaf və iqlim fəaliyyəti kimi sahələrdə səylərini dəstəkləyir. Azərbaycanın BMT-də iştirakı onun çoxtərəfliliyə və beynəlxalq əməkdaşlığa sadiqliyini sübut edir. Ölkəmizin bir neçə mədəniyyət nümunələri UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Azərbaycan, həmçinin UNESCO ilə hamı üçün inklüziv və keyfiyyətli təhsilin təşviqinə yönəlmiş təhsil proqramları üzrə ilə əməkdaşlıq edir.

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) üzvü kimi Azərbaycan İslam ölkələri arasında təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığın təşviqi ilə məşğul olur. Ölkəmiz elmi tədqiqatları artırmaq, təhsil sistemlərini təkmilləşdirmək və İslam mədəni irsini qorumaq məqsədi daşıyan layihələrdə yaxından iştirak edir.

Respublikamız ictimai səhiyyə standartlarını modernləşdirmək, yoluxucu xəstəliklərlə mübarizə aparmaq və səhiyyə sistemlərini təkmilləşdirmək üçün ÜST ilə əməkdaşlığını genişləndirir. BMT, UNESCO, ICESCO, ÜST kimi təşkilatlara töhfə verməklə Azərbaycan qlobal çağırışların həllinə, mədəni və təhsil mübadiləsinin, davamlı inkişaf və sülh naminə beynəlxalq əməkdaşlığın təşviqinə sadiqliyini nümayiş etdirir.

Nurcan SÜLEYMANOVA,

"Respublika".